Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2021 17:00

Yaddaşlara hopan tarixi gün

15 sentyabr 1918-ci il xalqımızın tarixində Bakının  erməni-bolşevik qüvvələrindən azad olunduğu gün kimi qalıb. Bu tarixi gün hər birimiz üçün şərəflidir.
1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə daşnak-bolşevik qüvvələri birinci həmlədə məğlub olub geri çəkilir. Beləliklə, avqustun ilk günlərində Bakı şəhəri uğrunda qanlı döyüşlər alovlanır.  
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zabit və əsgərləri döyüşlərdə qəhrəmancasına vuruşur. Uğurlu əməliyyatlardan  sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-bolşevik qüvvələrindən təmizləyirlər.
15 sentyabr 1918-ci il - Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi öz əksini bir çox hərbçilərin, sərkərdələrin gündəliklərində, yazdıqları əsərlərdə tapıb. Tariximizin bu parlaq səhifəsi ingilis generalı Denstervilin gündəliyində də əks olunub. İngilis generalı Bakının azad olunması uğrundan qanlı döyüşlər zamanı ermənilərin yanında olub. General, ümumiyyətlə, Azərbaycan dövlətinin varlığını, azərbaycanlıların öz paytaxtları ilə bağlı tarixi haqlarını tamamilə inkar edib. Bakının erməni-bolşevik qüvvələrinin və havadarlarının əlində qalmasının tərəfdarı olub. Və bu istiqamətdə əlindən gələn köməyi əsirgəməyib. Tabeliyində olan qüvvələri ermənilərə, bolşeviklərə köməyə göndərib. İngilislərin Qafqaz İslam Ordusu ilə ilk qarşılaşması 26 avqust 1918-ci ildə, indki Binəqədi ərazisində olub. Həmin döyüşdə ingilislər 3 zabit, 70 əsgər itiriblər.
General Denstervil illər sonra Bakı ətrafında gedən döyüşləri də gündəliyinə  yazıb. Salnaməçilər gündəlikləri yazıldığı dövrün güzgüsü adlandırırlar. Həmin günlərdə baş verən tarixi hadisələri daha  əhatəli öyrənmək üçün generalın gündəliyi çox dəyərlidir.
27 avqust
Bakıya saat 3:30-da çatdım. Bob göyərtəyə qalxıb vəziyyət barədə məruzə etdi. Çox təəssüf ki, mən olmayan vaxt türklər uğurlu hücum əməliyyatı apararaq palçıq vulkanlarını ələ keçiriblər. Bizim itkilərimiz - 3 zabit və 70 əsgər. Nord Stafforddan olan hərbçilərimizdən 11 zabit öldürülüb, 35 əsgər yaralanıb. Hücum çox qətiyyətli xarakter daşıyıb. Həm də, fikrimcə, Bakını tutmaq üçün hücum ən zəif nöqtədən həyata keçirilib. Qüvvələr nisbəti dördün birə olub. Bundan əlavə artilleriya dəstəyimiz də təmin edilməyib. Mövqelərin möhkəmləndirilməsi üçün göndərilən erməni piyadaları isə əmri yerinə yetirməkdən boyun qaçırıblar...
1 sentyabr
Bakı heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu, sadəcə olaraq, uzun sürən möcüzədən başqa bir şey deyil. Şəhərdə qayda-qanun və nizam-intizam yoxdur. Beş nəfər diktator - Yermakov, Lemlin, Velunts və başqaları yarpaq kimi zəifdilər. Hamısı təxminən 25-30 yaşlı adamlardır. Mən saqqalı ağ olmayanların məsləhətlərinə qətiyyən inanmıram. Qoşunlarda heç bir intizam, mütəşəkkillik və tabeçilik nişanəsi görünmür. Düşmənin hücum etdiyi hər yerdə geri çəkilirlər. Əsgərlərim də hər cür yardımdan məhrum olduqlarına görə asan ova çevrilirlər. Mən ermənilərə az öncə hazırlanıb möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Amma onlar hücumu bəhanə gətirib əmrin icrasından boyun qaçırdılar.
Şəhər gündüz də, gecə də fasiləsiz atəşə tutulur. Sakinlər tədricən buna vərdiş edirlər. Kiçik bombardmanlar elə də böyük zərər vurmur, sadəcə, dəhşətli səs-küy qoparır. Mənim limanda dayanan gəmim top atəşlərinin başlıca ünvanıdır. Mərmilərdən biri gəmimizin burun hissəsindəki xilasedici qayığa dəyib, onu sıradan çıxartdı. Həqiqətən də yaxşı nişan alıblar.
Baş komandan general Dokuçayev yaxşı oğlandır. Amma elə güclü adam deyil, üstəlik də, ən çətin sahə üçün cavabdehdir. Onun qərargah rəisi polkovnik Avetisov (erməni) zəif, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, onu qovsun, yerinə Stouku təyin etsin.
Türklər bu gün xüsusi çətinlik çəkmədən Digah kəndini tutublar. Digah olduqca möhkəmləndirilmiş mövqe sayılırdı və şəhərin müdafiəsinin təşkili nöqteyi-nəzərindən müstəsna əhəmiyyətə malik idi. Türklər qələbədən-qələbəyə addımlayırlar. Belə şəraitdə şəhər üzərinə hücuma keçməmələri mənə hələ də sirri-xuda kimi görünür. Əgər əks-hücum üçün qüvvəm olsaydı, onların dəstələrini darmadağın edərdim. Türklərin bu günə qədər itkilər verməməsinin yalnız bir izahı var: mənim Varvik, Vorçester, Şimali Strafford və Qlisterden olan 900 qəhrəmanımla üz-üzə gəlməyiblər.
Türklər bütün döyüşlərdən qalib çıxırlar. Deməli, özlərində açıq hücuma keçmək üçün cəsarət tapdıqları istənilən dəqiqədə Bakıya girə bilərlər. Şəhərin müdafiəçiləri get-gedə daha yarıtmaz və dağınıq hərəkət edirlər.
3 sentyabr
Dünən gecə şəhəri şiddətli atəşə tutmuşdular. Fransız polkovnik Şardini çox əsəbi adamdır. Əslinə baxanda, özüm də xüsusi qəhrəmanlığı ilə seçilən biri deyiləm. Lakin Allaha yalvarıram ki, doğuluşdan əta etmədiyi cəsarəti indi bir mükafat kimi versin.  
5 sentyabr
Hələ də şəhəri əlimizdə saxlayırıq. Amma necə? Doğrusu, bilmirəm. Yeganə izah - Allahın möcüzəsidir. Yəqin itirmək vaxtı hələ yetişməyib. Lakin həmin dəqiqə hər an gələ bilər. Dünən gecə zabitlərimdən biri müdafiə xəttini inspeksiya etmişdi. Türklərin hücumunun ən çox gözlənilən yerində heç kimə rast gəlməmişdi. Əslində isə cəbhə xəttinin həmin yerində 1500 əsgər və 2 pulemyot olmalıdır. Bütöv erməni batalyonunun dayanmalı olduğu başqa nöqtədə isə cəmisi 75 nəfər varmış.
9 sentyabr
Heç şübhəsiz, düşmənin əlində şəhərin xəritəsi var və yerdəyişmələrim haqqında dəqiq məlumatlıdırlar. Məsələn, bilirlər ki, hər gün günortadan sonra saat 16.30-da "Kruyuqerin" göyərtəsində çay içirəm. Və çox güman ki, atəşi düz üstümə yönəltmək üçün burada da adamlar var. Nəhayət, mərmilərdən biri bir neçə yardlıq məsafədə lövbər salan iki gəmini zədələdi.
Binəqədidəki mövqelərimizə baxmaq üçün özümlə kapitanı da götürmüşdüm. Şəhərə qayıdanda "Avropa" otelindəki mənzil-qərargahımın güclü atəşə tutulduğunu gördüm. Böyür-başımızda divardan qopan kərpiclər və iri mala parçaları dəhşətli gurultu ilə səkiyə dəyib parçalanırdı. Mərmilərdən biri də mənim otağıma düşmüşdü.
12 sentyabr
Uzun müddətli razılaşmalardan sonra, nəhayət, bu gün Dağıstan müsəlmanlarının nümayəndələri ilə görüşə bildim. Onlar mənə dağıstanlıların mövqeyini çox aydın təsvir etdilər. Cəbbaxanamızı bir az sahmana saldıq. Döyüş sursatı ilə təminat əla vəziyyətdədir. İndiki ehtiyatlar növbəti 6 aya da bəs edər.
15 sentyabr
Türklərin həlledici hücumları səhər saat 4-də başlandı. Saat 11-ə doğru onlar artıq şəhər ətrafındakı bütün yüksəklikləri ələ keçirmişdilər. Strafforddan, Varlikdən və Vorçesterdən olan hərbi hissələr əla döyüşürdülər. Onların əllərindəki 800 tüfəng, öz artilleriyamız və yerli qüvvələrin  artilleriyası (təxminən 40 yaxın top) sayəsində gücünü ikiqat artıran komandamız altında zirehli avtomobillər də daxil omaqla 7 minə yaxın türklə savaşın ağırlığını üstlərinə götürmüşdülər. Saat 16:00-a yaxın öyrəndim ki, Bakı qoşunları düşmənə müqavimət göstərmək əvəzinə, həmişəki kimi yenə də əsgərlərimi təhlükə altında qoyub mövqedən qaçırlar. Ermənilərdən isə həmişəki kimi fayda yox idi. Mən təlimata uyğun şəkildə köməkçim Breyi yazılı qeydlə diktatorların yanına göndərdim. Onlara döyüşün taleyinin artıq tam həll edildiyi ilə bağlı məlumat verdim. Eyni zamanda, qoşunlarımı mümkün qədər tez, qaranlıq düşməmiş gəmiyə yükləmək istədiyimi bildirdim. Diktatorlar onu çox diqqətsiz dinləmiş, "Nə istəyirsiniz edin" - deyə cavab vermişdilər.
103 il bundan əvvəl Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi, bu döyüşlərdə Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin göstərdiyi qəhrəmanlıq və sücaət tarixin səhifələrində olduğu kimi qalıb. Tarixin həmin səhifələrini vərəqləyəndə iftixar hissləri keçiririk.

(Yazı hazırlanarkən professor Vilayət Quliyevin "Bakı uğrunda savaş" məqaləsindən istifadə edilib).

Hazırladı: Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"