Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2021 17:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Ermənilərin əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti.
Suallar:

1. Ermənilərin əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin formalaşması tarixi.

2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsi və tarixi ədalətin bərpası uğrunda mübarizə.

 

Ermənilərin əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin formalaşması tarixi


Yerləşdiyi coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə "Avrasiyanın dayaq nöqtəsi" kimi xarakterizə olunan, eyni zamanda tarixən geosiyasi maraqların toqquşduğu bölgə olan Cənubi Qafqaza əsrlər boyu imperialist güclər sahib olmağı hədəfləmiş və bu yolda təhlükəli silah kimi başlıca rol oynayan ermənilərdən istifadə etmişlər. Ermənilər ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satmış, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar, xidmət muzdu almışlar. Regiona tamah salan hər bir yadellinin qulluğunda can-başla durmaq onların peşəkar cəhəti kimi özünü daim büruzə vermişdir. Bu əməllərin müqabilində isə aldıqları yüksək mənsəblər, yeni-yeni ərazilər, var-dövlət olmuşdur.
Ermənilərin ilk dəfə tarixi Azərbaycan torpaqlarına köçürülməsi Qaraqoyunlu dövlətinin dövrünə təsadüf etmişdir. Qaraqoyunlu hökmdarı Cahan şahın icazəsi ilə 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) monastrına köçürüldü. Bununla Cənubi Qafqazda, xüsusən də əzəli Azərbaycan torpaqlarında qriqoryanlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı. 1441-ci ildə erməni katalikosluğunun İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər bu ərazidə ermənilərə məxsus heç nə yox idi. Hətta erməni katalikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır.
Ermənilərin Türkiyə və İrandan Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində və həmin torpaqların erməniləşdirilməsi siyasətində əsas rol qriqoryan kilsəsinə məxsusdur. XVII əsrdən rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri olan qriqoryan kilsəsi avropalıları inandırmağa çalışırdı ki, guya müsəlmanlar "Avropa ilə bir dinə tapınan erməni xalqını istismar edirlər". Hələ 1699-cu ildə qriqoryan kilsəsi "erməni haqlarından, ermənilərin dövlət yaratmaq" planlarını həyata keçirməyə çalışırdılar. O vaxt bu avantürist, heç bir məntiqə sığmayan fikirlərə Avropada, onun hakim dairələrində lazımi dəstək tapa bilmədiyindən Rusiyaya üz tutdular. 1701-ci ildə Səfəvi dövlətinin tərkibində olan Qarabağ vilayətinin erməni icmasının "iki nəfərlik" nümayədə heyəti I Pyotrla görüşərək Osmanlı Türkiyəsinə qarşı vahid xristian cəbhəsinin yaradılması planlarını açıqladılar. XVIII əsrin əvvəllərində I Pyotr Baltik dənizinə çıxmaq üçün başladığı şimal müharibəsində isveçlərə məğlubiyyətindən sonra Xəzəryanı ərazilərin ilhaqı xəyallarına düşdü. 1722-ci ildə ruslar Dərbənd, Quba, Bakı, Salyan, Lənkəran və digər Xəzəryanı Azərbaycan vilayətlərini ələ keçirmişdilər. 1724-cü ilin oktyabrında I Pyotr ələ keçən torpaqlara ermənilərin köçürülməsinə imkan verən sərəncam imzaladı. Sərəncamda bütün vasitələrdən istifadə etməklə "ermənilərin və digər xristianların müsəlman torpaqlarına" köçürülməsi, əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi bir vəzifə olaraq irəli sürülürdü.
Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər dövlət başçıları davam etdirdilər. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzaladı. Çar Rusiyası tərəfindən ermənilərin XIX əsrin ilk qərinəsində Şimali Azərbaycan torpaqlarına köçürülməsini iki mərhələyə ayırmaq olar: 1801-1828-ci il Türkmənçay müqaviləsinədək olan dövr və Türkmənçay müqaviləsindən sonrakı ilk illər.
1801-1828-ci illərdə çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi, əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti işğal prosesi ilə paralel getmişdi. Bu dövrdə köçürülən ermənilərin coğrafi mənbələrini əsasən onların əvvəllər gəldikləri və hələlik çar Rusiyasının işğalından kənarda qalan Şimali Azərbaycan əraziləri təşkil edirdi.
Rusiya imperiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını işğal etdi. 1805-ci il may ayının 14-də Qarabağ, 21-də isə Şəki xanlıqlarının çar Rusiyasının himayəsinə keçməsi haqqında Kürəkçay müqaviləsi imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə belə bir müqavilə imzalandı.
1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü ildə Talış xanlığı ilhaq edildi. Çar Rusiyası, eyni zamanda Qacarlar dövləti ilə (1804-1813) aparılan müharibənin sonunda bağlanan Gülüstan müqaviləsinə əsasən,  Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqlarını işğal etdi.
Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov ermənilərin Gəncəyə köçürülməsinin təşkilinə çalışırdı. Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi də fəal şəkildə davam etdirilirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha da geniş miqyas aldı.
1804-1813-cü illərdə çar Rusiyası-Qacarlar və elə həmin dövrdə gedən çar Rusiyası-Osmanlı müharibəsi də (1806-1812)  Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına son qoymadı. 1826-cı ildə çar Rusiyası Qacarlar dövləti ilə yeni müharibəyə (1826-1828) başladı.
Qeyd edilən müharibə Türkmənçay müqaviləsi ilə nəticələndi və həmin müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da (210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya) çar Rusiyasının nəzarətinə keçdi. Osmanlı dövləti ilə çar Rusiyası arasında aparılan 1828-1929-cu illər müharibəsinin sonunda isə Ədirnə sülh müqaviləsi bağlandı. Ermənilərin köçürülməsinin yeni coğrafi mənbələri kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə keçdi. Türkmənçay müqaviləsinə görə 40 000 erməninin, Ədirnə müqaviləsinə görə isə 90 000 erməninin İran və Anadoludan Tiflis, İrəvan və Naxçıvan bölgələrinə köçürülməsi razılaşdırılmışdı və bununla da ermənilərin Azərbaycan torpaqlarına kütləvi yerləşdirilməsi əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi və yerli əhalinin sıxışdırılması prosesinə başlanıldı.
Ermənilərin havadarları tərəfindən Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti sonralar da kütləvi şəkildə aparılmaqda davam etmişdi. Statistik göstəricilərə görə yalnız 1828-1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür.

 

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsi və tarixi ədalətin bərpası uğrunda mübarizə


Erməni millətçilərinin Azərbaycan xalqına qarşı öz məkrliliyi və vəhşiliyi ilə ayrıca seçilən cinayətləri nəticəsində soydaşlarımız hələ 1905-1920-ci illərdə təcavüzə və soyqırımlara məruz qalmışlar.
Belə ki, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində, milliyyətcə erməni olan Stepan Şaumyanın başçılıq etdiyi bolşevik hakimiyyəti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Erməni millətçiləri həmin vaxt etiraf edirdilər ki, Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu Erməni Milli Şurasına tabe idi. Belə vəziyyətdən istifadə edərək Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu dəhşətli soyqırım nəticəsində 1918-ci il ərzində 40 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Çar Rusiyasının süqutunun ardınca İrəvan quberniyasının ərazisində erməni dövləti yaradılmış, Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş və nəticədə onun ərazisi 9 min kv km-dən 29,8 min kv km-ə çatdırılmışdır.
Sovet hakimiyyəti illərində, xüsusilə də 1948-1953-cü illərdə erməni millətçilərinin sovet dövlətinin rəhbərliyində olan vəzifəli şəxslərlə işbirliyi, yəni ermənilərin azərbaycanlıları sıxışdıraraq çıxarmaq barədə məkrli tələbləri, sovet dövlətinin rəhbərliyində olan şəxslərə isə bu planın müəyyən geosiyasi məsələlərə görə sərf etməsi və buna dəstək vermələri nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindəki əzəli, doğma torpaqlarından indiki Azərbaycan Respublikası ərazisinə köçmək məcburiyyətində qalmışdırlar. 1948-1953-cü illərin deportasiyası nəticəsində dövlət səviyyəsində "könüllü köçürülmə" adı ilə Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların əmlakı mənimsənilmişdir.
Nəhayət, son sıxışdırma və təcavüz dalğası XX əsrin sonlarında başladı. 1988-1994-cü illərdə erməni millətçilərinin məskunlaşdıqları ərazilərdə "Böyük Ermənistan" yaratmaq istəkləri Azərbaycan xalqının əzəli torpaqlarından qovulması və kütləvi insan itkilərinə məruz qalması ilə nəticələdi. Əsrin əvvəllərində olduğu kimi sonlarında da ermənilərin azərbaycanlılara qarşı ən qanlı cinayətlərindən birini, azərbaycanlıların kütləvi soyqırımını - Xocalı faciəsini törətdilər. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalmışdı.
Erməni separatçıları işğal etdikləri torpaqların onlarınkı olmasına əmin deyildilər, ona görə də burada heç bir quruculuq işləri aparılmamışdı. İşğal altında olan ərazilərin, oradakı infrastrukturun və yaşayış məntəqələrinin mövcud halı hələ 30 il əvvəlkindən də pis vəziyyəti bunu əyani göstərir.
Müharibə günlərində də ermənilərin hərbi qaydalara uyğun düzgün şəkildə döyüşməyi də bacarmadıqları, döyüşçü sayını artırmaq üçün xaricdən muzdlular, terrorçular (PKK-YPG, ASALA terrorçularını) gətirmələri də onların bu torpaqlarda müvəqqəti olmalarını bildiklərini sübut edirdi.
44 günlük Vətən müharibəsi günlərdə ermənilər öz qərəzli iddialarını həyata keçirmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə bütün yollara və bütün səviyyələrdə yalana və iftiraya əl atırdılar. Onların təsiri altında olan bəzi xarici media qurumlarında Azərbaycanın haqlı olduğu halda əleyhinə birtərəfli, qərəzli informasiyalar yayımlanırdı.
Bütün dünya bir sadə həqiqəti anlamaq istəmirdi ki, ermənilər qərəzli, məkrli planlarını həyata keçirərək Dağlıq Qarabağda 120 000 erməninin monoetnik, daha sərbəst və "ərköyün" yaşaması üçün        1 200 000 azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdü, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Dünyanın böyük hissəsi bu qlobal miqyaslı faciəyə və ədalətsizliyə laqeyd qaldı. Lakin Azərbaycan dövləti və xalqı bu faciələrə və çətinliklərə rəğmən ayaq üstə durmaqda davam etdi və bütün sahələrdə inkişaf yolunu tutdu.
2020-ci il dünya miqyasında çətin bir il kimi yadda qaldı, xalqlar və dövlətlər üçün bir sınaq ili oldu. Belə bir mürəkkəb şəraitdə Azərbaycan üçün isə bu sınaq daha ağır oldu. Lakin Ali Baş Komandanımızın peşəkar rəhbərlik təcrübəsi və ordumuzun uğurlu əməliyyatları sayəsində dövlətimiz və xalqımız bu sınaqdan üzüağ, qalib çıxdı.
Tarixi rəqəmlərə diqqət edəndə, görürük ki, Azərbaycan torpaqlarının bölünməsi və ermənilərin torpaqlarımıza yerləşdirilməsinə səbəb olmuş İran-Rusiya müharibəsinin nəticələrini müəyyən edən Gülüstan müqaviləsinin danışıqları 813-cü il məhz sentyabrın 27-də başlanılmışdı. 2 əsr sonra, 2020-ci ildə, məhz sentyabrın 27-də 27 illik işğaldan sonra Qarabağımızın və ətraf rayonlarımızın azad olunması əməliyyatları başladı və xalqımız, Vətənimiz üçün pozulmuş tarixi ədalət bərpa olunmağa başladı. Artıq 27 sentyabr günü bizim üçün Böyük Zəfərin başlanğıcı kimi tarixdə qalacaq.
Zəfər tariximiz Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövlətinin və Azərbaycan xalqının apardığı çoxillik mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Tarixi ədalət bərpa olunmağa başladı.
 
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi