Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2021 10:00

Narkomaniya insanları fəlakətə sürükləyən bəşəri bəladır

Müsir dövrdə bəşəriyyəti düşündürən qlobal problemlərdən biri də ciddi bəlaya və təhlükə mənbəyinə çevrilən narkomaniyadır. İnsanları fəlakətə sürükləyən, cinayətlərə səbəb olan, taleləri məhv edən narkotik maddə istifadəçilərini tədricən uçuruma aparır, ölümə sürükləyir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vurub, qarşısıalınmaz bir təhlükəyə çevrilib.
Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli probleminə çevrilməklə yanaşı, ən ağır xəstəliklərin də mənbəyidir. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qaldıqları üçün daha qorxuludurlar. Bu, bir növ bataqlığa bənzəyir. Bataqlığa düşdüyünün fərqinə varıb oradan çıxmaq üçün çırpınan isə hər hərəkətində daha da dərinə batır. Narkotiklərdən istifadə bataqlıqdan heç də az təhlükəli deyil.
Narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə asılılıq yaranır. Tibbi təcrübələr də bu bəla ilə mübarizə aparmağın çətin olduğunu, xilas olma faizinin aşağı olması faktını təsdiqləyir. Narkotikə qurşanmış insanların əksəriyyəti həyatlarını itirirlər.
Bu maddələrdən istifadə edən insanda ilk əvvəl xoş hisslər yaranır. Aldadıcı təsirin - sevinc və enerjinin narkotikdən olmasına inanır. Bu qənaət tamamilə yanlışdır. Əgər hər şey aludəçinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanı olardı.
Ailədə və işdə yaranan problemlər, düzgün seçilməyən mühit, psixoloji zəiflik tez təsir altına düşmə və digər müxtəlif səbəblər zəif insanları narkotikdən istifadəyə yönəldir. Əlbəttə, bu maddələrdən əyləncə məqsədilə istifadə edənlər də var.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzinə təhlükə törədir. Narkotik, ilk növbədə, narkomanın öz sağlamlığına ziyan vurur. Bu maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Mütəmadi istifadə yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomaniyanın yaratdığı və geniş yayılan "Hepatit B" qaraciyər iltihabı çox təhlükəli xəstəlikdir. Bu xəstəliyin narkotik maddələrə aludə olanlar arasında yayılmasına səbəb narkotik maddənin qəbulu prosesində istifadə edilən  iynə, şpris və ya digər yoluxmuş alətlərdir. Bu zaman "HİV" və "QİÇS" kimi sağalmaz xəstəliklərə də yoluxmaq mümkündür. Belə ağır xəstəliklərlə yanaşı, narkotikin təsirində olanlar psixoloji sarsıntılar keçirərək ətrafındakı insanlara zərər verməyə başlayırlar.
Narkotik maddələrin qəbul edilməsinin ən dəhşətlisi bir neçə dəfə ondan istifadə edən insanda  asılılıq yaratması faktıdır. Bədənin tələb etdiyi vaxtda qəbul edilməməsi həmin şəxsdə psixoloji gərginlik yaradır və onu əsəbləşdirir - onu narkotik maddənin tapılması və qəbul edilməsi üçün vəsait və ya imkanlar axtarmağa vadar edir. Bu şəxsin özünü əsəbi aparması və psixoz durumunda olması ətrafda olan insanlarda qorxu və diskomfort hissi yaradır. Belə insanlar heç bir işlə məşğul ola bilmir, növbəti "doza" üçün hər növ iyrənc hərəkət etməyə məcbur olur. Bunun üçün onlar öz döğmalarına belə "zərbə" vurmaqdan çəkinmirlər. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq yaranır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.
Dövrümüzdə aludəçilərin əksəriyyətinin gənclər olması böyük məyusluq yaradır. Bunun sonunda dayanan faciəni təsəvvür etmək isə çox qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Gəncliyin məhvi gələcəyin məhvidir...
Nikahdan öncə tibbi müayinə artıq bütün dünyada ən çox danışılan və mübahisələrə, müzakirələrə səbəb olan mövzudur. Mütəxəssislərin fikrincə, nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir.
Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil.
Narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırırdı.
Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının və hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram", həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" xüsusi təkan vermişdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı"nın (2019-2024-cü illər) təsdiq edilməsi barədə Sərəncamını əldə rəhbər tutaraq illik fəaliyyət planı hazırlamış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Hərbi hissə və bölmələrin komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, müəssisə və təşkilatların rəhbərləri rayon komissiyalarının müvafiq strukturları birlikdə bu işi daim nəzarətdə saxlamış, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişlər. Bu vacib vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan səlahiyyətli şəxslər ordu gəncləri arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası mövzusunda bir sıra tədbirlər həyata keçirmişlər.
Orduda xidmət edən və ordu sıralarında işləyən mülki gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə təlim-metodiki toplantılar, tərbiyəvi iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar keçirilmişdir.
Ordu gənclərinin mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə hərbi hissələr, bölmələr və xüsusi təyinatlı təhsil müəssisələri arasında futbol, mini futbol, voleybol, boks, güləş, ağırlıq qaldırma, qol güləşi, kəndir dartma, şahmat, dama, estafet qaçışları, ərazidə səmti müəyyənetmə, intellektual yarışlar və breyn-rinq turnirləri keçirilmişdir.
Bu gün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür. Narkomaniya ilə mübarizədə hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.
Ən əsası narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri - narkomanlar çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirirlər. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan onlarla təşkilat və mütəxəssis vardır.
Narkomaniya bu gün bəşəriyyəti ciddi düşündürən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  qlobal problem olduğu üçün hər bir qurum, hər bir ailə, hər bir şəxs narkomanlığın profilaktikası sahəsində əlindən gələni əsirgəməməlidir. Elə biz də...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"