Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2021 10:00

Sülhməramlı missiyamızı layiqincə yerinə yetirdik”

Dünyanın aparıcı orduları sırasında olan rəşadətli Azərbaycan Ordusunun inkişaf tarixi uzun və keşməkeşlidir. Müstəqil Azərbaycan Respublikasının banisi, ordu quruculuğunda əvəzsiz pay sahibi olan əbədiyaşar komandan Heydər Əliyev çıxışlarında nizami ordunun yaradılmasının və onun döyüş qabiliyyətinin artırılmasının vacibliyini dönə-dönə vurğulayırdı. Uğurlu hərb siyasətinin əsas tərkib hissəsi milli kadrlarımızın hazırlanması, hərbi hissə və digər hərbi təyinatlı müəssisələrin modern tələblərə uyğun qurulması qarşıya qoyulan prioritet məsələlərdən idi. Görülən saysız-hesabsız işlərin nəticəsi kimi, Azərbaycan Ordusu nizami ordu olaraq formalaşdı və qısa müddət ərzində bu sahədə mühüm irəliləyişlər əldə olundu.
Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ötən ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük əks-hücum əməliyyatları Böyük qələbəmizlə sonlandı. Ordumuz tarixi zəfər qazanaraq 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etdi. Hərbçilərimiz əsrlər boyu unudulmayacaq qəhrəmanlıq dastanı yazdılar. Ölkə başçımızın qətiyyətli siyasəti, ordumuzun gücü və xalqımızın dəstəyi qələbəni təmin etdi. Xalqımıza tarixi zəfər sevinci yaşadan rəşadətli ordumuz şanlı qələbəsi ilə bütün dünyaya səs saldı. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına, güclü maddi-texniki təminata və peşəkar hərbi qulluqçulara malikdir.
Ölkəmizin ən mühüm güc strukturlarından olan Azərbaycan Ordusunda şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlik müxtəlif miqyaslı təlimlər bu gün də mütəmadi olaraq davam etdirilir. Hərbi qulluqçularımız peşəkarlığını daim artırmaq, müasir silahlardan istifadə etmək bacarığını təkmilləşdirmək məqsədilə NATO ilə əməkdaşlıq çərçivəsində müxtəlif təyinatlı kurslarda iştirak edir, müvəffəqiyyət qazanırlar. Qürurvericidir ki, bu gün Azərbaycan Ordusu dünya orduları sırasında döyüşaparma qabiliyyəti yüksək olan dövlətlər cərgəsində sözükeçən mövqeyə sahibdir. Dünya ölkələrinin uzun illər boyu yüksək maliyyə hesabına gəldiyi yerə, ölkəmiz qısa müddət ərzində gəlməyi bacarıb, bu sahədə mühüm göstəricilərə nail olub. Bir sözlə, ölkə rəhbərliyinin hərb sahəsinə göstərdiyi yüksək diqqətin təzahürüdür ki, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, köhnə postsovet ölkələri arasında da güclü orduya malikdir.  Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırığı və hərbi əməliyyatı uğurla yerinə yetirməyə hazırdır və qadirdir.
Müstəqillik qazanılandan sonra ümummilli lider Heydər Əliyev dünyəvi, demokratik, hüquqi cəmiyyət quruculuğu yolunu rəhbər tutaraq, xarici ölkələrlə və beynəlxalq qurumlarla sülh, qardaşlıq  və əməkdaşlıq münasibətlərinin önəmini bəyan etdi. Azərbaycan-NATO əlaqələri hərb sahəsində əsası qoyulan ən vacib əməkdaşlıqlardan biridir desək, yanılmarıq. Bu əlaqələrin tarixi 1992-ci ilin martından başlanır. Həmin tarixdə Azərbaycan (və onunla yanaşı 37 ölkə) Şimali Atlantika Əməkdaşlığı Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) daxil oldu. 1994-cü ildə Belçikaya rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladı. Bu proqrama əsasən, NATO və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və hərbi sistemlərin uyğunlaşdırılmasına yönəlik münbit şərait yarandı. Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının prinsiplərinə əsasən, Azərbaycan tərəfi bu gün sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir və meydana gələ biləcək təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır. Əsası ötən əsrin sonlarında qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı qısa müddət ərzində yüksək səmərə ilə inkişaf edir. Regionda gedən proseslərə baxmayaraq, Azərbaycan tərəfi apardığı praqmatik siyasətlə NATO ilə münasibətlərini konstruktiv formada inkişaf etdirir. Azərbaycan Sülh Naminə Tərəfdaşlığın təməl prinsiplərinə əsaslanmaqla NATO ilə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə siyasi dialoqlar aparır. Müxtəlif formatlarda aparılan dialoqlar çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, təsdiq olunan proqramlara əsasən müxtəlif missiyalarda iştirak və s. aktual məsələlər müzakirə olunur, qarşılıqlı fikir mübadiləsi aparılır. Qarşıya qoyulan məqsəd və prinsiplərin yerinə yetirilməsi fonunda ölkəmizin müdafiə sektorunda mühüm işlər həyata keçirilir ki, bunların içində hərbi qüvvələrimizin NATO standartlarına uyğun qurulmasını, hərbçilərimizin NATO-ya dəstək əməliyyatlarında iştirak etməsini və s. qeyd etmək mümkündür. Bundan başqa dünyanın qabaqcıl ordularına malik ölkələrində təşkil olunan hərbi kurslarda iştirak edən hərbi qulluqçularımız öz hərbi biliklərini təkmilləşdirir, böyük təcrübələr qazanırlar.
Ordumuzun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhə yönəlik əməliyyatlarda iştirak edir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Kosovo əyalətindəki sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarında iştirak edib. 2002-ci ildən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. 2008-ci il yanvarın 15-də Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2009-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevralından Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin taborunun tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölmənin şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib.
2010-cu il oktyabrın 5-dən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq iki hərbi həkim və iki mühəndis-istehkam ixtisası üzrə olmaqla, dörd zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb. 2015-ci il yanvarın 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 2018-ci il yanvarın 9-dan missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 27-də Kabil-Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıb.
Sülhməramlılarımız hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Qarşılanma mərasimində Müdafiə Nazirliyinin zabitləri, hərbi qulluqçuların ailə üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan sülhməramlıları Əfqanıstanda qardaş Türkiyə qüvvələri ilə birlikdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Növbəti dəfə sülhməramlı missiyanı uğurla yerinə yetirib Vətənə qayıdan kontingentin bir neçəsi ilə həmsöhbət olduq.
İlk müsahibimiz mayor Cəsarət Abdullayev oldu. Təcrübəli zabit qeyd etdi ki, ölkə rəhbərliyi dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq çərçivəsində şanlı ordumuzun qüdrətini artırmağa və hərbi qulluqçularımızın təcrübə qazanmasına böyük önəm verir. "Ordu quruculuğu prosesini təkmilləşdirmək, Azərbaycan Ordusunun strukturunu modernləşdirib dünya standartlarına uyğunlaşdırmaq yolunda çoxlu işlər görülüb və bu gün də görülməkdədir. Ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində hərbi qulluqçularımız müxtəlif sülhməramlı missiyalarda iştirak etmişdir ki, bu da ordumuzun beynəlxalq əhəmiyyətinin yüksəlməsində əhəmiyyət daşıyan amillərdəndir. Həmçinin iştirak etdiyimiz sülhməramlı əməliyyatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinə və hərbi qulluqçularımızın ümumi hazırlığına, təcrübə qazanmasına töhfəsini verir. Dövlətimizin NATO çərçivəsində keçirilən əməliyyatlarda əsas önəm verdiyi məsələlərdən biri qabaqcıl kadrların fəaliyyətə cəlb edilməsidir. Sülhməramlı əməliyyatlarda iştirak edəcək heyətin seçiminə xüsusi diqqət ayrılırdı. Yüksək fiziki göstəricilərə malik, sağlam, xarici dil bilən, intellektual səviyyəsi yüksək olan hərbi qulluqçular əhəmiyyətli missiyada iştirak etmək şansı qazanırdılar. Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin edirdik. Bildiyiniz kimi, hava limanının ərazisində, eyni zamanda, NATO-ya aid baza yerləşirdi. O baza ki, 52 ölkədən 5 minə qədər şəxsi heyət həmin dislokasiya məntəqəsində gündəlik fəaliyyətlə məşğul olur, xidmətlər aparırdı. Bölməmizin şəxsi heyəti bazaya daxil olan insanların və avtomobillərin gündəlik yoxlanılmasını, təhlükəsizliyi təmin edirdi. Biz orada 52 ölkədən olan 5 minədək hərbçi arasında özünəxas xüsusiyyəti, mentaliteti ilə fərqlənir, peşəkarlığı ilə seçilirdik, eyni zamanda, ölkəmizi nümunəvi şəkildə təmsil edirdik. Bu gün hər birimiz qürurluyuq ki, rəşadətli və qalib ordunun hərbçiləri kimi üzərimizə düşən sülhməramlı missiyanı son günədək layiqincə yerinə yetirib, başıuca Vətənimizə qayıtdıq".
Baş leytenant Seymur Yusifli də sülhməramlı missiyanı uğurla başa vurub, sağ-salamat doğmalarının yanına qayıtmağın sevincini yaşayır. Zabit qeyd etdi ki, sülhməramlı missiyalarda iştirak edən bəzi ölkələr real döyüş şəraiti görməmiş orduya malik olsalar da, biz hərbi münaqişənin içində olan bir dövlət kimi bu missiyalarda iştirak edirdik. "Əməliyyatlarda iştirak edən bəzi ölkələrdən fərqli olaraq, biz döyüş şəraitinə adaptasiya olmuş ordunun şəxsi heyətiydik. Sülhyaratma missiyalarında qardaş Türkiyə ilə birgə fəaliyyət göstərirdik ki, bu da öz növbəsində qarşılıqlı stimul verən amillərdən idi. NATO-nun ən güclü ordularından biri olan Türkiyə ilə birlikdə bu əməliyyatlarda iştirak etməyimiz bizim təcrübəmizin artmasına kömək etməklə yanaşı, ikitərəfli hərbi əlaqələrimizi daha da möhkəmləndirirdi. Bu gün Azərbaycan Respublikası NATO-nun terrorizmə qarşı apardığı mübarizədə öz fəallığı ilə seçilir və sülhü dəstəkləyir. Bir sözlə, Azərbaycan-NATO münasibətlərinin inkişafı, hərbçilərimizin sülhməramlı qüvvələr tərkibində iştirakı ordumuzun NATO standartlarına uyğun formalaşmasına, hərbçilərimizin zəruri təcrübə qazanmasına və ölkəmizin beynəlxalq nüfuzuna öz müsbət təsirini göstərdi. Həmçinin bu missiyada layiqli iştirakımız bizim sülh tərəfdarı olduğumuzun bariz nümunəsidir".
Baş leytenant Samir Yusubov "sülhməramlı hərbi qulluqçu hansı göstərici və xarakterlərə malik olmalıdır?" sualını belə cavablandırdı. "Sülhməramlı taborun hərbi qulluqçusu öz məlumatlılığı və kəşfiyyatçı səriştəsi ilə də fərqlənməlidir. O, təhlükəsizliyə təhdid törədə biləcək amilləri qabaqcadan sezməli və baş verəcək hadisənin qarşısının cəld, operativ şəkildə alınması üçün addımlar atmalıdır. Keçirilən təlimatları dərindən mənimsəməli, əməliyyat şəraitini düzgün qiymətləndirməli, xidmət apardığı əraziyə yaxşı bələd olmalı, xidmət vaxtı yarana biləcək təhlükələrin qarşısını vaxtında almaq bacarığına malik olmaq məqsədilə öz üzərində daim çalışmalıdır". Zabit onu da bildirdi ki, şəxsi heyətimiz Əfqanıstanın Kabil şəhərində müxtəlif məntəqələrin mühafizəsini və təhlükəsizliyini təmin edir, patrul xidməti aparırdı. Bundan əvvəl sülh və sabitliyin bərqərar olmasında iştirak edən hərbçilərimizin verdiyi töhfə dəfələrlə Alyans və Alyansa üzv olan ölkələr tərəfindən yüksək qiymətləndirilib. Sevinirəm ki, biz də bu missiyada üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəldik, bizə göstərilən etimadı doğrultduq. Mənimlə bərabər Vətənə qayıdan bütün silahdaşlarımı bu münasibətlə təbrik edirəm".
Vətəndən xeyli uzaqlarda şərəfli xidmətlərini layiqincə yerinə yetirən sülhməramlılarımızın sevincinə şərik olur,  gələcək xidmətlərində uğurlar arzulayırıq. Əminliklə deyə bilərik ki, Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak etməklə, beynəlxalq sülhün, təhlükəsizliyin təmin edilməsinə və əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfələr verməkdə bundan sonra da davam edəcək.
 
Fuad CƏFƏROV, Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"