Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

Səmaların fatehləri

Bir zamanlar uçmaq insanların gerçəkləşməyəcək xəyallarından biri olaraq qalmaqdaydı. Səmada olan dəyişiklikləri - gecəylə gündüzün növbələşməsini, ildırımın çaxmasını və digər hadisələri insanlar daha yaxından izləmək istəyirdilər. "Uçan xalça", "Simurq quşu" səmalara can atan insanların təfəkkürünün məhsulu idi. Nağıllarda, əfsanələrdə, hətta qədim abidələrimizin üzərində belə motivlərlə rastlaşa bilərik.
Eramızdan əvvəl XII-X əsrlərə aid Manna tayfasına məxsus olan qızıl camın üzərində qoşa qanadlı iki köhlən at təsvir olunub.
Əndəlus sakini Abbas ibn Firnas 852-ci ildə uçmaq arzusunu birinci həyata keçirib. O, gövdəsinə bərkitdiyi "qanadların" köməyi ilə Kardovo şəhərindəki Böyük Məscidin uca minarəsindən tullanaraq, bir neçə dəqiqə ərzində havada uçub. 1630-cu ildə türk Əhməd Çələbi ixtira etdiyi "dəri qanadlı planyoru" ilə Bosfor boğazının üzərindən uçub və uğurlu şəkildə yerə enməyi bacarıb.
Tarixə düşmüş ilk azərbaycanlı aviatorların fəaliyyəti 1910-1920-ci illərə təsadüf edir. Əli bəy Verdiyev I Dünya müharibəsi dövründə Fransanın aviapilotaj məktəbində təhsil alaraq, məzunu olduğu məktəbin tələbələrinə uçuş dərsləri keçib.
Azərbaycanın tarixinə ilk hərbi təyyarəçi kimi Fərrux ağa Qayıbov düşüb. Rusiya imperiyasının "qanun"larına görə müsəlmanlara zabit heyətinə qatılmağa icazə verilmirdi. Ancaq buna baxmayaraq "artilleriyanın allahı" kimi tanınan general Əliağa Şıxlinski ona Konstantinov artilleriya məktəbinə qəbul olmağa kömək edir. 1913-cü ildə hərbi məktəbi bitirərək xidmət üçün 39-cu artilleriya briqadasına göndərilir və "İlya Muromets - 16" ekipajına qəbul edilir. O vaxt rus qəzetləri "İlya Muromets - 16" təyyarəsinin dörd alman qırıcısına qarşı təkbaşına döyüşdüyünü yazırdı. Ancaq bu qeyri-bərabər döyüşdə "İlya" ekipajı da qəhrəmancasına həlak olur.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduğu vaxtdan hərbi hava qüvvələrinin yaradılmasını zəruri hesab edərək bu istiqamətdə lazımi tədbirlər görməyə başladı. General Səməd bəy Mehmandarovun başçılıq etdiyi Hərbi Nazirlik aviasiya sahəsində milli kadrların hazırlanmasını öncül vəzifələrdən biri hesab edirdi. 1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı. Bu sənəd AXC-nın aviasiya siyasətinə də təkan vermiş oldu. 1919-cu ildə Azərbaycanın aviasiya tarixində ilk dəfə olaraq uzaq məsafəyə uçuş həyata keçirildi.
Qadınlar arasında ilk olmağı bacaranlardan biri də Leyla Məmmədbəyova idi. O, Azərbaycanın ilk qadın təyyarəçisi idi. Leyla Böyük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə 1944-cü ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Müharibədən sonrakı həyatını Azərbaycan mülki aviasiyasına həsr etmişdir.
Leyla Məmmədbəyovadan sonra Züleyxa Seyidməmmədova da ilk azərbaycanlı qadın hərbi təyyarəçi kimi adını tarixə yazdırmışdır.
Bütün bunlar indiki gənc pilotlarımıza örnək nümunələrdir. Təbriz Musazadə, Abbas Qasımov, Urfan Vəlizadə və bir çoxları XXI əsrin qəhrəman pilotlarındandır. Bütün bu nümunələrdən sonra artıq insanların səmaları kəşf edib, bu işin incəliklərinə bələd olduğunu desək yanılmarıq. Zirvələrdə qartal süzər. Səmalar sizə, siz də Allaha əmanət, səmaların fatehləri.

Hüsniyyə İDRİSOVA