Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2021 15:05

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Müasir cəmiyyətdə dinin rolu və yeri. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.
Suallar:

1. Müasir cəmiyyətdə dinin rolu və yeri.

2. Azərbaycanda islami dəyərlərin  bərpası.

3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.

 

 

Müasir cəmiyyətdə dinin rolu və yeri


Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, din dövlətdən, dövlət də dindən ayrıdır. Buna görə də dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən, dinin bu mövzudakı əmr və qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik din və vicdan azadlığını dövlət tərəfindən təminat altına alır. Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Dövlətin əsas vəzifəsi ədaləti, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır. Bu səbəbdən də, dövlət bu gün ölkənin gələcəyi üçün lazım olan tədbirləri görməkdədir. Yəni vətəndaşlarını və cəmiyyəti zərərli, fanatik və radikal dini-siyasi qrup və təşkilatlardan qoruyur.  
Azərbaycanda din-dövlət, eyni zamanda, cəmiyyət-dövlət münasibətləri milli-mənəvi dəyərlərlə yanaşı, həm də universal və multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimlənir. Bu baxımdan, cəmiyyətə sağlam təfəkkürlü vətəndaş qazandırmaq üçün dərin dini-fəlsəfi dünyagörüşünə, bədii-etik təfəkkürə və yüksək estetik zövqə malik olan insan yetişdirmək lazımdır. Belə ki, bu da dövlətin düşünülmüş, planlı və uzaqgörən siyasətinə əsaslanan proqramın tərtib olunmasına və onun həyata keçirilməsinə bağlıdır. İnanmaq lazımdır ki, əgər dövlət vətəndaşını və ölkənin gələcəyini düşünərək, bütün bunları sistemli şəkildə həyata keçirərsə, gələcəkdə cəmiyyətdə problem və təhlükə yaradan radikal, fanatik fərdlər ortaya çıxmaz.  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəmiyyətdə dinin böyük rolu və yeri olduğunu öz çıxışında belə qeyd etmişdir: "Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Son illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanlarının Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitlərinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdir. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcəkdir".

 

Azərbaycanda islami dəyərlərin bərpası


Respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzimlənməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna ani olsa da nəzər salmaq labüddür. Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi. 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxartmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlüklə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sistemi yaradılmasına yönəldilmişdi. Bu sistem insanlara öyrədirdi ki, "Allah yoxdur, din mövhumat və xürafatdan başqa bir şey deyildir, axirət inancı yanlış inancdır, ancaq dünya həyatı var və insan öləndən sonra hər şey bitir". Sovet dövründə yaşayıb-böyümüş insan bu vaxta qədər alışmış olduğu ictimai yönümünü itirdi - çaşıb qaldı, nə edəcəyini bilmədi. Bəzilərində bu hal daha kəskin xarakter aldı. Vəziyyətdən sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə qeyri-ənənəvi dinləri, deskruktiv sektaları yaymaq məqsədi güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti geniş vüsət aldı. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi. Din ölkədə müxtəlif siyasi qüvvələrin süni surətdə yaratdığı qarşıdurmaya cəlb edilir, ayrı-ayrı bölgələrdə özünü göstərən separatizm cəhdlərində ortaya atılan şüarlarda dindən siyasi məqsədlərlə istifadə etmək meyli, dini dözümsüzlük, ayrı-seçkilik əhval-ruhiyyəsi özünü büruzə verirdi. 1992-ci ildə tələsik, bölgədə dinin yayıldığı tarixi şəraiti tam nəzarətə almadan hazırlanmış "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də dini durumda dövlət nəzarətini təmin edib, köklü dəyişiklik yarada bilmədi. Əksinə, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, müxtəlif missioner təşkilatları qanundan və xüsusilə orada olan boşluqlardan istifadə edərək insan haqları və əsas azadlıqlar adı altında hətta milli təhlükəsizlik və ictimai asayiş tələblərinə cavab verməyən dini firqələrin ölkəmizə və millətimizə yad inanclarını yaymağa başladılar. Bir çox dini icma xaricdəki dini mərkəzlərin və missioner təşkilatlarının ölkədə təbliğçilərinə çevrilmişdi.
Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlılıq durumu mürəkkəb və ziddiyyətli idi. Yalnız ulu öndər Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. İlk növbədə din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin antidin, ateist siyasəti yeritməməsinə insanları inandırmalı, dinin həqiqətən də milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzisinə isə əlavələr edildi.
Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Ümummilli Lider çıxışlarının birində bildirdi ki, Azərbaycanın strateji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan keçir. Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda ümummilli lider Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik". Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.
Roma papası İohann II Pavel 2003-cü ilin mayında Bakıda olarkən demişdi: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir". Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür.

 

Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir


Azərbaycan xalqı olduqca mühüm və bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın humanist dünya görüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Tarixin bütün dövrlərində dünyanın demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş vermiş, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilmişdir. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməmiş, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğramışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Müəllifi Ulu Öndər olan Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən etiqad azadlığı təsbit olundu.  
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramlarını təbrik edir. Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımları öz bəhrəsini verməkdədir. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir.
Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirmələri xalqımızın yüksək multikultural və tolerant dəyərlərə malik olmasının bariz nümunəsidir. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduq. Torpaqlarımızın işğaldan azad olunması zamanı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.
Dövlət vətəndaşların dini-fəlsəfi dünyagörüşünün, bədii-etik təfəkkürünün və estetik zövqünün formalaşdırılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir" - deyərək multikulturalizmi qədim dövrlərdən üzü bu yana xalqımızın həyat tərzi kimi xarakterizə etmişdir. Çünki Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi, tolerant münasibətlər içərisində birgə yaşayış ənənəsi bütün dövrlərdə müşahidə edilmişdir. Təbii ki, bu tendensiya Azərbaycan xalqının sahib olduğu dəyərlər sisteminin bütün nümunələrində əsas istiqamətlərdən biridir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi