Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2021 11:00

Nizami Gəncəvi yaradıcılığında qadına verilən yüksək dəyər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Bununla bağlı olaraq dahi şairin əsərləri haqqında müxtəlif səpkili məqalələr yazılır. Mən də böyük şairimizə böyük məhəbbətlə onun yaradıcılığına müraciət etdim.
Böyük şəxsiyyət, mütəfəkkir şair Nizami Gəncəvi dünya ədəbiyyatına bənzərsiz, əvəzsiz, sənət inciləri bəxş edib. N.Gəncəvi Azərbaycan xalqının öyünüləsi ədəbi simalarından biridir. Ədib "Xəmsə"sində ideal insan, onun dünyagörüşü, savadı haqqında oxuculara ətraflı məlumat verir. Ərəb-fars dillərini mükəmməl bilən, bu dillərdə müxtəlif mövzularda yazılmış kitabları mütaliə edən N.Gəncəvi özü də möhtəşəm əsərlər yaradıb. Onun əsərlərində obrazların dilində işlənmiş sözlər sonralar aforizmə çevrilərək müasir dövrümüzədək gəlib çıxıb. Nizami lirikası elə dərin, əsrarəngiz gözəlliklərə malikdir ki, onun yazdıqları bütün dövrlər üçün aktuallığını, təravətini itirməyib. Ədibin əsərləri mövzu müxtəlifliyi ilə oxucuların diqqətini cəlb edir. Bu mövzuların içərisində qadına verilən yüksək dəyər böyük maraq doğurur. Nizami Gəncəvi əsərlərində qadını həmişə yüksək mərtəbədə tutub. Onun qadın qəhrəmanlarının əksəriyyəti ağıllı, tədbirli olmaları ilə hökmdarlara dərs verən, üstün zəkaya malik türk gözəlləri olub.
N.Gəncəvinin qadına verdiyi dəyər onunla eyni ədəbi dildə yazan, şairin sələfindən sayılan Firdovsinin yaradıcılığında rast gəlinmir. Dünyanın böyük şairlərindən biri sayılan Firdovsi qadını "napak" adlandırmış, ona şəri təmsil edən əjdaha kimi yer altında gizlənməyi məsləhət görmüşdür.
Şair əsərlərində qadın hökmdarlarının obrazını yaradarkən, təbiidir ki, şahidi olduğu, görüb müşahidə etdiyi, haqqında eşitdiyi qadınlardan ilham almamış deyildir. Onlardan o dövrdə yaşamış Atabəylər dövlətinin taleyüklü məsələlərini öz ağlı və cəsarəti ilə həll etmiş Möminə xatun, Zahidə xatun, İnanc xatun kimi türk qadınlarının adlarını yaddan çıxarmaq olmaz. Düzdür, demək olmaz ki, adlarını çəkdiyimiz qadınlar ideal siyasətçi, diplomat hökmdar olublar. Ancaq onu da unutmayaq ki, Nizami qarşısına qoyduğu ideyasını həyata keçirmək üçün tanıdığı tarixi şəxsiyyətləri şər və pisliklərdən təmizləmiş, onların yüksək insani xüsusiyyətlərini oxucuya çatdırmışdır.
Nizaminin qadına verdiyi dəyər nəinki Azərbaycan ədəbiyyatı, eləcə də Yaxın və Orta Şərq, həmçinin dünya ədəbiyyatı tarixində mütərəqqi rol oynayıb.
Nizami Gəncəvinin xələfi sayılan Azərbaycan şairi Əvhədi Marağalı "Cami-cəm" ensiklopedik poemasında qadına Nizamı kimi münasibət bəsləməmiş, onların pis əməllərindən söz açmışdı. Ə.Marağalı kişilərə məsləhət görür ki, qadınların hiylələrinə uymasınlar. Onlara savad vermək, elm öyrətmək olmaz:

Pis qadın əlinə sən vermə qələm,

Bundansa əlini tez eylə qələm,

Qadını bir məktub, bil, yazmasında,

Kişi qara geyə yaxşıdı, inan.

Qadına cəhrəni verdi haqq özü,

Verdi qələmi də kişiyə düzü.

Göründüyü kimi, Əvhədi Marağalı qadınlara elm və savad öyrətməməyi, onların ancaq ev işləri ilə məşğul olmalarını məsləhət görür. Nizaminin təsvir etdiyi müsbət qadın obrazlarının əksəriyyəti isə savadlı, elmli, bilikli insanlardır, Nüşabə kimi hökmdarlardır. Bununla da şair cəmiyyətdə qadınla kişi arasında fərq qoyulmadığını, onların ictimai həyatda eyni rola və mövqeyə malik olduğu fikrini irəli sürmüşdür.

Ölkəmizdə qadına verilən dəyər dünyanın bir çox inkişaf etmiş, mədəni, sivil ölkələri ilə bir sırada dayanır. Azərbaycan cəmiyyətində qadınların fəaliyyəti, rolu danılmazdır. Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirən Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycana layiqincə xidmət edir. Çoxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanaraq əsl vətəndaşlıq nümunəsi nümayiş etdirir. Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəman Gültəkin Əsgərova kimi qadınlarımız isə sözlərini mübarizə meydanlarında layiqincə deyiblər.
Bu mənada Nizami Gəncəvi yaradıcılığında qadınlara yüksək dəyər verərək yazır:

Erkək tinətliyəm olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi dişisi olmaz.

Sara VAHABOVA Cəmşid Naxçıvanski adına hərbi lisey filologiya üzrə fəlsəfə doktoru