Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2021 09:49

Azərbaycan yanındadır, Türkiyəm!”

Şeirlə ifadə edilən fikir duyğuların, düşüncələrin sığalına dönür. Oxuyursan, sənə elə gəlir ki, ilahiliyin möcüzəsiylə anların üstündə meh əsir. Onda şeiri könül mülkünün, könül mülkünü şeirin ziyarətçisi bilirsən. "Azərbaycan yanındadır, Türkiyəm!" şeiri belə şeirlərdəndi...
Zaman-zaman türkün zoruna-gücünə bələd olanlar onunla açıq döyüşdən çəkinib. Qılıncdan çox siyasətə, siyasətdən çox təxribatlara güvənib. İndi də belədi. Dağda-daşda sürünə-sürünə məqam güdənlər də, onlara dəstək olanlar da unutmasınlar ki, zamanında qətiyyəti, döyüşkənliyi tarixin bel kəməri olan türk bir ülgüclük yaranı da qılıncıyla ödədir. Tarix buna istər qisas desin, istər cəza, dünya türkü tanıyalı belə olub...
Ötən əsrin əvvəllərində Əhməd Cavad "Yol ver türkün bayrağına!" deyirdi. Bu gün Abdulla Qurbani “Azərbaycan yanındadır, Türkiyəm!”, - deyir. Hər iki şeirdə türkə, Türkiyəyə sevgi var; hər iki şeir Azərbaycanın da, Türkiyənin də tarixinə qondarılan tarixi xəyanətlərə bəşəri qınaq, uğurlarına SÖZ işığıdı. Bu və ya digər hadisəyə SÖZlə bildirilən münasibət təkcə duyğular üçün deyil, həm də düşüncələr üçündü. Publisist Abdulla Qurbaninin məqalələri, kitabları, ssenarist Abdulla Qurbaninin rejissorluğuyla gerçəkləşən kütləvi vətənpərvərlik tədbirləri, şair Abdulla Qurbaninin şeirlərinin əksəriyyəti duyğular üçün düşüncə, düşüncələr üçün duyğudu. Bunlar həmişə böyük coşqu yaradıb. Xatırlayıram: "TurAz qartalı" beynəlxalq tədbirinə həsr etdiyi şeir türk pilotlarını çox duyğulandırmışdı. Növbəti tədbirdə Türkiyə-Azərbaycan birliyinin ruh alqışçısını görüncə qoşa qolları açılmışdı...
Türkiyədə meşə yanğınları törədildi. Məntiqi baxımdan bu miqyaslı cinayətə onu dövlət səviyyəsində pisləməyən, bu hadisəni istər açıq, istərsə də gizlin dəstəkləyən dövlətlər də şərikdi. Yaxşıya yaxşı, pisə pis deməyən dillərə bəz düşsə yaxşıdı, haqqın tərəzisinə pərsəng olanlara daş atmayan əllər üyüşsə yaxşıdı.
Abdulla Qurbaninin "Azərbaycan yanındadır, Türkiyəm!" şeiri mahiyyət baxımından ittihamdı - terrorun ittihamıdı, "Mənə dəyməyən qurdu yüz il yaşasın" fəlsəfəsiylə yaşayanların (fərdlərin də, dövlətlərin də) ittihamıdı. Çağırışdı - bəşəriliyə çağırışdı, bəşəriyyət iməklədiyi vaxtlardan üzü bu yana qeyrətin, qətiyyətin, haqqın, ədalətin, dostluğa sədaqətin, yerin-göyün ruhunun qibləsi olan müqəddəsliyə məhəbbətin çağırışıdı, Dürüst sözdü, doğru sözdü - "Haqq nazilər, üzülməz!" deyiminə söykək olan şair sözüdü...
Dünya görmürmü ki, bu miqyasda təxribatlar təkcə Türkiyəyə yönəldilməyib, həm də bəşəriyyəti ekoloji zəlzələylə, sunamiylə üz-üzə qoymaq cəhdidir. Bu yanğınlar təkcə Türkiyəni deyil, Azərbaycanı da bütövlükdə ayağa qaldırdı. Yanğınların söndürülməsində, onun fəsadlarının qarşısının alınmasında  Azərbaycan da iştirak edir. "Od düşdüyü yeri yandırar", deyiblər. Neçə gündü ürəyimizi sızladan, könlümüzü dağlayan, ruhumuzun giziltisinə sığınıb ağlayan düşüncələrimiz Türkiyəyə bağlıdı. Türkiyədə meşələr yanır, Azərbaycan bu yanğınları öz canında hiss edir. Yanğın söndürənlərimiz Türkiyədədi, hamımızın ürəyi oradadı. Abdulla Qurbaninin "Azərbaycan yanındadır, Türkiyəm!" şeiri də yanğınla mübarizə aparanların sırasındadı. Bu şeir deyir ki, möhkəm dur, Türkiyəm, qəddini əymə!..
Bu poetik dəyərli şeirə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi düşündürücü klip biçimi verib. Şeir şairin özünün ifasında təqdim edildiyindən emosionallığı da, məntiqi vurğusu da ürəklərə (və düşüncələrə!) incəliklə hopur; bu klipi ruhun istədiyi niyyətlə könlü Türkiyəylə bağlılar ruhun pıçıltısı kimi izləyir, dinləyir. Şair deyir ki, (deməli, Azərbaycan şeiri deyir ki, deməli, Azərbaycan deyir ki) "Bu yanğın bizləri yandıra bilməz". Bu misra qətiyyəti ifadə edir, inamı ifadə edir, ruhun bölünməzliyini ifadə edir.
Belə duyğusal, düşündürücü təqdimatı "N" hərbi hissəsində, Vətən müharibəsində iştirak etmiş əsgərlərlə nəfəs-nəfəsə izləyirik. Mənə elə gəlir ki, heç kim nəfəs dərmir, kadrlarda yanğın görüncə ona sarı əllər uzanır. Qardaş əlləri alovu boğmağa can atır; şeir duyğuları belə bürüyüb...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyir: "Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də Türkiyə ilə həmrəydir və onun yanındadır". Bu səmimi kəlamlar Abdulla Qurbaninin səmimiyyətlə yazdığı "Azərbaycan yanındadır, Türkiyəm!" şeirinin - ruhdan süzülüb gələn şəbnəmmisal şeirin epiqrafıdı. Yəni, şeiri oxuyan onun mahiyyətinin haradan qaynaqlandığını gümanlamır, yəqinləyir. Bu isə şeirin (əsərin!) dərkini asanlaşdırır.
Əsgərlərin qaşları çatılıb, yumruqları düyünlənib. Qəribə ovqat içindəyik. Bilmirik, bu dörd dəqiqə tezmi ötüşdü, zamanmı uzandı. Mənə elə gəlir ki, bu anlarda əsgərlərin hamısı ruhən Türkiyədədi. Bu anlarda şeirin hər misrasına Azərbaycanla Türkiyə arasında mənəvi körpü deyərdim; bu mənəvi körpü başlanğıcını "N" hərbi hissəsinin əsgərlərinin düşüncələrindən, duyğularından götürür, əsgərlərin düşüncələri, duyğuları "Azərbaycan yanındadır, Türkiyəm!" şeirinin misralarından:
Taleyimiz birdi, qədərimiz bir,
Sevincimiz birdi, kədərimiz bir,
Uğurumuz birdi, zəfərimiz bir,
Möhkəm dur, Türkiyəm, qəddini əymə!.

 Əsgər Kamran Alxaslının qəhərləndiyini sezmək çətin deyil. Bu qəhər həm o yanğınlara görədi (qeyd etdiyimiz kimi, od düşdüyü yeri yandırır), həm də ruhun bölünməzliyinin yaşarılığına görədi; bu şeir, bu təqdimat bu bölünməzliyin ifadəsidi axı.
- Bir-iki gün bundan əvvəl yanğınla bağlı sosial şəbəkələrdən birində bir kadr gördüm. Maralın buynuzları od tutub. Maral yanacağını duyub. Döyükür, baxışlarında sözlə ifadə edilməsi mümkün olmayan bir vahimə çırpınır. Qarşıda yanğın var, sağda-solda yanğın var, arxada yanğın var. Maralın çarəsizliyi dünyanı düşündürməlidi. "Sabah nə olacaq?" - bu sual dünyanın yaxasından yapışıb cavab istəyir, - deyirəm.
Əsgər Murad Əliyevin təklifi ilə "Azərbaycan yanındadır, Türkiyəm!" əsərini bir də izləyirik; baxıblar, mahiyyətini dərk ediblər, yenidən baxmaq istəyi sevgidi - Azərbaycana sevgi, Türkiyəyə sevgi, "Azərbaycan yanındadır, Türkiyəm!" şeirinə sevgi. Kadrda göy üzünü qarsılayan alov görünür, ürəyimizə od düşür elə bil. Anlar ötüşüncə kadrda alovu ram edən oğullar görünür. Abdulla Qurbaninin biganələrə görk olası misraları alovun üstünə su çiləyir. Bizə elə gəlir ki, alov dilim-dilim sönür...
Əsgər Cavanşir Cəlilzadə şeirdən bir misra deyir: Sən ki, hər sınaqdan qalib çıxmısan...
Arzuladığım bir görüntü yaranır: şeirin sonrakı misrasını başqa əsgər - Sarvan Şamxalov deyir: Zülməti yarmısan, şəri yıxmısan...
Bu inamın, bu inama əminliyin hikməti şeirin mahiyyətindədi: bədii fikir gözəl təqdim edildiyinə görə yaddaqalandı, eşidilincə yaddaşlara hopandı.
Əsgərlərin fəallığı mayor Fuad Həsənovu duyğulandırır. Zabitin baxışlarını bürüyən bu inam, bu ehtiram başlanğıcını hərbi xidmətin ilk günlərindən götürsə də, Vətən müharibəsində daha da dönməzləşib. Zabitlərin əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirən əsgərlər Vətən müharibəsində döyüşçü kimi də əmrləri Vətənə sədaqətlə - məsuliyyətlə yerinə yetiriblər. Füzulidə də, Xocavənddə də, Zəngilanda da, Laçında da, Cəbrayılda da qətiyyətlə döyüşüblər.
Bu hərbi hissədə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Hərbi hissənin rəhbərliyinin təşəbbüsü və icrası ilə Vətən müharibəsində şəhid olanların adlarını əbədiləşdirmək məqsədi ilə xiyaban yaradılıb. Bu xiyaban hərbi hissənin əsgər və zabitlərinin Zəfərdən sonrakı hərbi xidmətinin mahiyyətini Vətənin ərazi bütövlüyünün qorunması amalıyla daha möhkəm bağlayır; hər əsgər hər şəhidin ruhunu da sıralarında hiss edir. Belə bir ruhla xidmət edən əsgərlərin qardaş Türkiyəni sıxan yanğınlardan bu səviyyədə məlumatlı olmaları, bu yanğınların ağrı-acılarını ömürlərində hiss etmələri mənə bir həqiqəti yenidən yaşadır: Qardaş qardaşıyla güclüdür...
- Yandırılan meşələrdə ağaclar əkiləcək, ağaclar boy atacaq, böyüyəcək, meşələr yenə könül açacaq. Bunu arzulamaq da, o ağacların əkilməsində iştirak etmək də bizim mənəvi borcumuzdur. Tərxis edildikdən sonra Türkiyəmizdə ağacəkmə aksiyasında iştirak etmək, sonra Azərbaycanımızda işğaldan azad edilmiş ərazilərimizdə tikintilərdə iştirak etmək. İndi bizim niyyətimiz belədir, - əsgər Murad Əliyev belə deyir və yoldaşlarına baxır. Yəni, nə deyirsiniz. Hamısının baxışlarında ecazkar bir razılıq görünür. Bu biçim baxışları Murovdağda 2020-ci ilin sentyabrın ortalarında da görmüşdüm, oktyabrın başlanğıcında da; Vətən müharibəsindən əvvəl gördüyüm döyüş əzmi Vətən müharibəsində dönməz qələbə ruhu idi. Bu baxışlar o əzmin, o ruhun davamıdı...
Yanğının baiskarlarına xitabən, "Mərə yağı, dədə-babadan ölüm ayağında olanlar bir qədər dirçəlir. Sizin bu fəallaşmağınız da elədi", - deyirəm. Əsgərlərin baxışları ekrandan üzülmür.
- Asudə vaxtlarda təşkil edilən söhbətlər, şairlərlə görüşlər, şeir saatları kimi tədbirlər əsgərlərimizin həm dünyagörüşünü genişləndirir, şeirə marağını artırır, həm də müəyyən qədər mənəvi-psixoloji hazırlığın səviyyəsinin yüksəldilməsində vasitə olur. Əsgərlərimizlə birlikdə izlədiyimiz "Azərbaycan yanındadır, Türkiyəm!" süjeti də bu qəbildəndir. Şairin özünün ifasında eşidilən misralar əsgərlərimizə nə gözəl duyğular yaşadır! Bu, həm şeirin qadirliyidi, həm də Muradın dediklərini yaşadan ruhun, - mayor Faiq Mehdiyev belə deyir. - Şeir Türkiyəyə həsr olunub deyə bu qədər duyğusallıqla dinlənildi. Vətən müharibəsi tarixləşsə də, qazanılan Zəfəri əsgərlərimiz də unutmur, unutmayacaq.
Türk sözünün yozumlarından biri də güclü, qüvvətlidi; güclü türk, qüvvətli türk dünyanı həmişə gücüylə də heyrətləndirib, qüdrətiylə də. İndi də heyrətləndirəcək. Bu heyrət qəlbitəmizlərin qürurunu silələyəcək, qəlbipaxırlara can sitəmi, ruh sarsıntısı olacaq...
Əsgər Murad Əliyev şeirdən yaddaşında qalan misraları o qədər doğmalıqla deyir ki!
Eşitsin düşmənlər, bilsin yağılar,
Bu yanğın bizləri sındıra bilməz!

Hamısı şeirin ifadə etdiyi mətləblərin cazibəsindədi. Muradın nəfəs dərdiyini güman edən əsgər Ülvi Məmmədov şeirin davamını deyir:
Danışan dilimi susdura bilməz,
Türkün ocağını söndürə bilməz!

Kəlmələr haraya dönür, şüarlaşır, qadirləşir...
"Azərbaycan yanındadır, Türkiyəm!”in davamı əsgər baxışlarıdı, əsgər baxışlarının davamı şeirin son misrası: Bu yanğın bizləri yandıra bilməz!..
"Azərbaycan yanındadır, Türkiyəm!" şeirinin təqdimatının finalında şair Abdulla Qurbani də, klip-təqdimata cəlb edilmiş əsgərlər də, "N" hərbi hissəsinin əsgərləri də bir vurğu ilə "Möhkəm dur, Türkiyəm, qəddini əymə!" deyir. Yerlər də inansın ki, göylər də inansın ki, bu haray, bu çağırış dörd divar arasında qalmayacaq!

Rəşid HÜSEYNOV əməkdar jurnalist