Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2021 14:00

Bu Zəfər bəşərilik zəfəri oldu!

Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. İstər ayrı-ayrı mövqe döyüşləri, istərsə də Vətən müharibəsinin bütün döyüşləri ordumuzun gücünün, qüdrətinin, əsgər və zabitlərinin mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisi oldu.
Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. İstər ayrı-ayrı mövqe döyüşləri, istərsə də Vətən müharibəsinin bütün döyüşləri ordumuzun gücünün, qüdrətinin, əsgər və zabitlərinin mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisi oldu.
Əks-hücum əməliyyatı başlayanda Birinci Qarabağ müharibəsi veteranları da, ordu sıralarından tərxis edilmiş gənclər də, yeniyetmələr də, tələbələr də döyüşlərdə iştirak etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon təşkilatlarına müraciət etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qismən səfərbərlik elan edildiyinə görə onların hamısının istəyi yerinə yetirilmədi.
Vətən müharibəsi başladı. Xalqın dəstəyi döyüşənlərin döyüş əzmini, qələbə ruhunu kifayət qədər yüksəltdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Bu fikirlər Vətən müharibəsinin mahiyyətini ifadə etməklə, müharibənin qələbə ilə nəticələnəcəyinə inamı idi.
Bu inam xalqın orduya, ordunun xalqa ehtiramının dönməzliyi idi.
Döyüşlər getdiyi günlərdə əhali özünü döyüşənlərin sırasında hiss edirdi. Necə? - döyüşçülərə həm mənəvi, həm də maddi dəstək göstərilirdi.
Bir məktəblinin döyüşçülərə yazdığı məktubun mahiyyətində bir ümumiləşmə var: Azərbaycan məktəblisinin Azərbaycan əsgərinə müraciəti ictimaiyyətin istəyini ifadə edirdi: "Döyüşçü qardaşım! Yaşımızın azlığına görə sıralarınıza qoşula bilmirik. Ancaq ürəyimiz sizinlədir. Siz düşmənləri Suqovuşandan qovdunuz. İnanırıq ki, bütün torpaqlarımızı işğaldan azad edəcəksiniz. Mən səkkizinci sinifdə oxuyuram. Qələbələriniz mənim istəyimin səmtini müəyyənləşdirdi. Hərbçi kimi ərazi bütövlüyümüzü qoruyanların sırasında mən də olacam.
Döyüşçü qardaşım!
Sən qalib gələcəksən! Qələbə günü hamımız sizi bağrımıza basacağıq...".
Bu məktub döyüşçüyə ünvanlansa da, bir yeniyetmənin orduya inamını, güvəncini ifadə edir.
Vətən müharibəsində televiziyada göstərilən süjetlərdən birinin aşıladığı fikrin hamını duyğulandırdığına əminəm: Döyüş bölgəsinə yaxın kəndlərdən biri. Döyüşənlər döyüşə gedir. Yol boyu onları uğurlayanlar. Atasının çiyinlərində, əlində bayrağımız 7-8 yaşlı oğlan. Nəsə deyir, eşidilmir. Süjetə baxanlar onun "Qələbə qazanın, düşməni torpaqlarımızdan qovun!", - dediyini güman etmir. Hamı əmindir ki, uşaq məhz belə deyir, təkcə öz adından demir, bütün həmyaşıdları adından, bütün xalqımız adından deyir...
Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad edən döyüşləri ermənilərin illərlə qurduğu, yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, ilk mövqe qələbələri qazanıldı. Bu, həm ordunun Sərkərdəyə inamının, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, həm də vətənsevərliyinin nəticəsiydi.
Cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibət dövlətçiliyə münasibətdir. Bu münasibət birmənalı şəkildə cəmiyyətin aylarındadır, günlərindədir. Çağırışçıların ordu sıralarına böyük coşqu ilə gəlişi də, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ordu sıralarından tərxis olunanların təəssüf hissi də hamımıza yaxşı bəllidir. Bu təəssüf hissi torpaqlarımızın işğaldan azad olunması uğrunda getmiş döyüşlərdə iştirak etməmə təəssüfü olub. 2020-ci ilin 27 sentyabrına kimi belə idi. İctimaiyyət bu hissləri duyurdu. Əsgərlərin yaşadıqlarını doğma duyğular bilirdi. O illərdə "Vətən üçün hər birimiz bir əsgərik!" devizi ilə keçirilən kütləvi vətənpərvərlik tədbiri hərbi xidmətdən tərxis olunan əsgərlərimizə ehtiram kimi yaşanılmışdı. Onda xalq ordumuzun Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə qələbə qazanacağına əmin idi və bu əminliyin xalq-ordu münasibətlərinin döyüşlərdə mənəvi stimul olacağına hamı inanırdı. Bu inam 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə döyüş əzminə,  qələbə ruhuna döndü. Bu əzm, bu ruh döyüşçülərimizi zəfərə yetirdi.
Vətən müharibəsində ictimaiyyət gecəni qələbələr inamıyla səhər edirdi, axşamlar bu qələbələrin sevincini eşidəcəyinə əmin idi. Dövlət başçısı xalqa müraciətində bu sevinci ictimailəşdirirdi.
Hərbi hissələrdən birində keçirilən "Açıq qapı" günündən yazılmış bir məqalədə oxuduqlarımı da ictimaiyyət-ordu münasibətlərinə ehtiram bilirəm: Əsgər atası ətrafındakılara qürurla deyib: "Qarabağ müharibəsi əliliyəm. Böyük oğlum on il əvvəl xidmət edib, ortancıl oğlum altı. İndi kiçik oğlum hərbidədi. Ali Baş Komandan döyüş əmri verəndə dördümüz də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşəcəyik...".  Bu fikirləri torpaqlarımızın işğaldan azad edilməsi üçün ictimaiyyətin istəyi bilmişdim. Bu istək Vətən müharibəsində gerçəkləşdi. Neçə-neçə ata-oğul, iki qardaşlar, üç qardaşlar döyüşçü oldu. Döyüşçü qardaşlardan biri qazi olub, biri şəhid. Üç qardaşdan biri şəhid olub, biri yaralanıb, biri xidmətini davam etdirir... Bunlar Vətən müharibəsində ictimaiyyətin orduya sevgisinin, ehtiramının təsdiqi kimi yaşanıldı.
Oktyabrın 3-də Suqovuşan işğaldan azad edildi...
Oktyabrın 4-də Cəbrayıl işğaldan azad edildi...
Oktyabrın 17-də Füzuli işğaldan azad edildi...
Oktyabrın 18-də Xudafərin işğaldan azad edildi...
Oktyabrın 20-də Zəngilan işğaldan azad edildi...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib". Dövlət başçısının qürurla dediyi bu kəlamlar ictimaiyyətin orduya inamını daha da dönməzləşdirdi, ehtiramını daha da artırdı.   
Bir rus jurnalistinin yazdığı məqalə neçə dəfə xatırlansa da qürurvericidir: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Bu fikirlər ordumuzun şəxsi heyətinin döyüşçülərinə ünvanlanıb. Yəni, bu fikirlər ictimaiyyətin orduya münasibətində, daha dəqiqi, ictimaiyyətin orduya sevgisində mühüm əhəmiyyətə malik oldu...
Xalq Zəfər sevincini görünməmiş coşqu ilə qarşıladı. Təkcə Bakıda deyil, Azərbaycanın rayonlarında deyil, dünyanın azərbaycanlılar yaşayan, türklər yaşayan bütün yaşayış məntəqələrində belə coşqu yaşanıldı. Bu coşqu ictimaiyyətin orduya sevgisinin, ehtiramının təzahürü idi.
İctimaiyyətin orduya indi daha böyük sevgisi, inamı, ehtiramı var. Zəfərdən sonra Bakıda gördüyüm bir mənzərə mənə böyük könül xoşluğu vermişdi: Doqquz yaşlı bir uşaq anasının əlini buraxıb qarşıdan gələn hərbçilərə tərəf qaçdı. Çatan kimi birinin qucağına atıldı, boynunu qucaqladı. Əzizi kimi, əmisi kimi, dayısı kimi öpdü. Ötüb keçənlər ayaq saxladı. Hamı bu görüşü ictimaiyyətin orduya sevgisi kimi izlədi. Yəni, Zəfərdən sonra ictimaiyyət ordunu ruhunun bayrağı bilir…
Zəfərdən sonra ordunun qazandığı qələbəni ictimaiyyət davam etdirəcək. İşğaldan azad edilmiş kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulacaq. İctimaiyyət əsil vətəndaşlıq məsuliyyəti ilə bərpa və yenidənqurma işlərində iştirak edəcək. Vətənə, dövlətə, dövlətçiliyə, orduya sədaqət kimi…

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"