Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2021 09:49

Vətən müharibəsi: “Bayraktar”ım, əsgərim!

Xalqı işğalçılıq müharibəsinə sürükləyən də dövlətdi, ədalətli müharibəyə çağıran da.  Dövlətin işğalçılıq siyasəti müharibəyə səbəb olanda, bu və ya digər səviyyədə müharibənin iştirakçısına çevriləndə xalq müharibə istəyir... Bu müharibədə Azərbaycan haqqın tərəfindəydi.
Səməd Vurğunun bir şeiri söz sərraflarının yaddaşındadı: “Biz hərb istəmirik, hərbə hazırıq!” Yəni, dövlət olaraq Azərbaycan dövləti, xalq olaraq Azərbaycan xalqı hərb - müharibə istəmir, ancaq yadellilərin, torpaqlarımıza göz dikənlərin qara niyyətində tərpəniş yarananda xalqın döyüş əzmi, qələbə ruhu kükrəyir, sərkərdənin döyüş əmri bu kükrəyişin yol göstərəninə döndüyü üçün müharibə istəyi rəmzi qılınc kimi qınından sıyrılır. Müharibə ölümə-itimə, şəhidliyə, dağıntılara, ... səbəb olsa da, xalq müharibəyə qənşər gedir - əli silah tutanlar, dizində taqət, ürəyində təpər olanlar (əslində, xalq!) sərkərdənin döyüş əmrinin icraçısı olur. Vətən müharibəsi başlayanda da belə oldu. Xalqın müharibə istəyi nədən yaranmışdı? Xalq bu günü illərdi gözləyirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində təşəbbüsləri Azərbaycanın bəşəri dövlət olduğunu, danışıqlardan yayınması, status-kvonu saxlama niyyəti Ermənistanın təkcə Azərbaycana deyil, bəşəriliyə düşmən kəsildiyini təsdiqləyirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə də əməl etmirdi, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər də onu işğalçılıq niyyətindən çəkindirə bilmirdi. Xalq duyurdu ki, zaman ötdükcə bu qondarma münaqişə dondurulma həddinə yaxınlaşır. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə deyirdi ki, biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik...
Vətən müharibəsi başlayanda hamı Ali Baş Komandanın döyüş əmrini müharibəni sonlandıracaq "kəsərli qılınc" bildi. Bu səbəblərdən xalq haqlı olduğu üçün müharibə istəyirdi. Bu istəyin mahiyyəti döyüş əzmi idi, döyüş əzminin mahiyyəti - qələbə ruhu, Zəfər.
Vətən müharibəsi ərəfəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu demişdi: "Bütün imkanlarımızla Azərbaycanın yanındayıq". Bu qətiyyət Azərbaycanı sevənlərin inamını əminlik səviyyəsinə yüksəltdi. Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Mənəvi dəstəyi hərbi dəstək, hərbi dəstəyi mənəvi dəstək tamamlayır. Türkiyə hərbi sənayesinin istehsalı olan "Bayraktar" Azərbaycan Ordusunun silahlanmasına daxil edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "A haber" telekanalına müsahibəsində böyük qürurla dedi: "Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsallı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib".
Pilotsuz uçuş aparatları müharibədə düşmənin hərbi qüvvələrinin, hərbi obyektlərinin koordinatlarını müəyyənləşdirir, zərbə, yaxud zərbələr endirir, düşmənin hədəflərinin məhv edilməsinin videogörüntülərini yazır, yəni, əməliyyatı "sənədləşdirir". Mayor Səməd Muradov dedi ki, "Bayraktar" davamlı hava kəşfiyyatı aparır, hədəfləri müəyyənləşdirdikdən sonra zərbə endirmək üçün cəbhə xəttinə sürətlə yaxınlaşırdı. Reaksiya müddəti yüksək olduğuna görə qısa müddətdə mövcud hədəflərə təsirli şəkildə müdaxiləni gerçəkləşdirir, hərbi tapşırığı yüksək dəqiqliklə yerinə yetirirdi.
"Bayraktar" çəkdiyi görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürürdü. Bu, Vətən müharibəsində olduqca əhəmiyyətli idi.
Mayor Səməd Muradov dedi ki, müharibədə qazanılan qələbəni bu və ya digər qoşun növü ilə əlaqələndirmək insafsızlıq olardı. Qələbənin başlıca amili mütəşəkkil komandanlıqdır. Döyüşdə, döyüşlərdə üstünlüyü hansı qoşun növünə hansı əmrin verilməsi təmin edir. Doğrudur, qazanılan Zəfərdə "Bayraktar"ların xidməti böyükdür, ancaq "Bayraktar"ların döyüşə qoşulma məqamlarını komandanlıq müəyyənləşdirirdi. Qazanılan Zəfərdə bütün amillər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin davamı oldu.
Xatırladıq ki, Vətən müharibəsində hamı "Bayraktar"lardan danışırdı. Bu, bənzərsiz sevginin etirafı kimi səslənirdi. Onda televiziyada düşmənin hədəflərinə zərbə endirən "Bayraktar"ın pilotsuz olduğuna az qala adamın inanmağı gəlmirdi. İnsan təfəkkürünün bu səviyyədə qüdrətinə heyrət edirsən. Ona da qürurlanırsan ki, möcüzəmisallı bu uçuş aparatını idarə edən, onun vasitəsilə düşmənin hədəflərini aşkara çıxardan, məhv edən Azərbaycan hərbi qulluqçusudur!
"Bayraktar"larımız çətin hava şəraitində də düşmənin döyüş texnikalarını, canlı qüvvəsini yüksək dəqiqliklə məhv edir, əməliyyat şəraitində üstünlüyə malik olur. Vətən müharibəsində olduqca mükəmməl, dəqiq, müasir uçuş aparatı olan "Bayraktar"ın da, onu idarə edənlərin də nəyə qadir olduğu, qüdrəti təsdiqləndi...
"Bayraktar"ı idarə edənlərin birinə dedik ki, idarə etdiyin "Bayraktar" düşmənin yerləşdiyi ərazidə müəyyən hündürlükdə, müəyyən sürətlə uçur. Bu, döyüş uçuşudu. Döyüşlərdən on kilometrlərlə uzaqda olsa da, o da döyüşür. PUA, müəyyən mənada, onu idarə edənin əmrlərinin icraçısıdır. Döyüş tapşırığını yerinə yetirmək üçün müşahidələr aparılır. Müşahidə bir qədər gec nəticələnəndə onu idarə edənin hansı duyğular keçirdiyi ilə maraqlandıq. "Təsəvvür edin ki, döyüşçü qarşı tərəfdə düşmən olduğunu bilir, ancaq məhz harada olduğunu müəyyənləşdirməyə çətinlik çəkir. O anlarda döyüşçünün düşüncələrini hansı duyğular sıxırsa, PUA-nı idarə edəni də eyni duyğular sıxır. Düşmənin hərbi obyektinin yerini müəyyənləşdirəndə bu sıxıntıları sevinc yaradan Vətən sevgisi əvəzləyir. Düşmənin hərbi obyektinin məhv edildiyini görəndə özün özünə təşəkkür etmək istəyirsən..."...
Döyüşlər dağlıq ərazilərdə gedirdi, yəni, "Bayraktar"larımız da belə ərazilərdə döyüşürdülər. Həm də payızda. Bu baxımdan pilotsuz uçuş aparatlarını idarə edənlər Vətən müharibəsində kifayət qədər gərgin döyüşlərdə iştirak etdilər, bu döyüşlərdə düşmən ağır itkilərə məruz qaldı.
"Bayraktar"lar döyüşə Vətən müharbəsinin ilk günlərindən cəlb edilmişdi. İctimaiyyət onun uçuşlarından görüntüləri müharibənin ilk günlərindən izləyirdi. Müharibənin ilk günlərindən yaşanılan bu qürurun Zəfərlə süslənəcəyini hamı hiss edirdi. Oktyabrın ilk günlərində televiziyada izlənilən bir süjet hamıya qələbə ovqatı yaşatdı: bəşəri duyğularla yaşayanlar insan ölümünə həmişə təəssüflənir. Müharibə vaxtı heç yerdə, heç zaman düşmən ölümünə təəssüflənməzlər. Onda Zəfərimizin işığını hiss edənlər döyüş texnikasını atıb qaçan düşmənin necə məhv olduğunu görəndə əminliklə "Böyük Qələbəyə az qalıb, Vətən!" deyirdi. Bu nida vətənsevərlikdən, Azərbaycan Ordusunun qüdrətinə inamdan, bir də "Bayraktar"ların döyüşünü gerçəkləşdirənlərimizə əbədiyyən yaşayacaq ehtiramdan rişələnirdi.
Mayor Səməd Muradov "Bayraktar"ı idarə edənlərin hazırlığından danışaraq qeyd etdi ki, bu sahəyə namizəd seçimi olduqca ciddi tələblər əsasında aparılır. Bu tələblər sırasında ilkin şərt sevgidi - Vətənə sevgi, səmalara təmassız sevgi, hərbi xidmətə sevgi. Vətən müharibəsində təsdiqləndi ki, bu sevginin sayımız qədər zərrəsi var. Digər şərtlər də önəmlidir.
Hazırlıq keçənlər, xidmətə başlayanlar vaxtaşırı imtahanlar verirlər. Nəzəri bilikləri simulyasiya mərkəzində təkmilləşir. Mayor Vüsal Məmmədov bildirdi ki, sərbəst uçuşa başlayanlar da vaxtaşırı nəzəri imtahanlar verirlər. Ancaq onlar üçün hər uçuş imtahandır.
Mayor Səməd Muradov Vətən müharibəsinin tarixinə - faktlara, bir də xarici saytlara istinadən dedi ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarının istifadəsində böyük uğurlar əldə edib. Məqalədə sonra yazılır ki, Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatları ilə güclənmiş qüvvələrə qarşı mübarizə aparmaq potensialına malik deyil. Yəni, Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatları Vətən müharibəsində böyük hərbi gücə malik olub. Bu güc daha da yüksəlməkdədir; kadr hazırlığı, kadrların müntəzəm təkmilləşdirilməsi kimi mühüm vəzifələr planlı şəkildə, böyük məsuliyyətlə yerinə yetirilir.
Ermənistan ordusunda xidmət edən, sağ qalmaq üçün döyüşlərdən qaçan muzdlular Zəfərdən sonra etiraf edirdilər: "PUA-lar əsl kabus idi. Onları görə bilməzsən, eşidə bilməzsən və onlardan qurtuluş yoxdur. Dron nişan alırsa, heç bir şansın yoxdur. Əgər PUA yaxınlaşırsa, sənin cəmi bir neçə saniyən var...". Bu etiraf Vətən müharibəsində Ermənistan ordusunda xidmət edən, döyüşən, həmin bir neçə saniyənin içində döyüşdən uzaqlaşmağa macal tapan bütün muzdluların etirafıdı. Əslində, Ermənistan silahlı birləşmələrinin şəxsi heyətinin etirafıdı...
Mayor Səməd Muradov Rusiyada nəşr edilən "Natsionalnaya Oborona" jurnalında dərc edilən bir məqalədən danışdı. Hərbi ekspert, jurnalın baş redaktoru İqor Korotçenkonun yazdığı məqalə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərə rəğbətin ifadəsidir: "... Dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-ları istifadəsinin  miqyasına və intensivliyinə görə bu, dünyada ilk belə haldır". "Bayraktar"ın ünvanına deyilənlər hamımızın könül xoşluğuna döndü. Vətən müharibəsində yaşadığımız qələbə anlarını yenidən yaşadan bu kəlmələr də tarixdi. Həm də rus hərbi ekspertinin etirafı kimi tarixləşən fikirdi...
Hərbi hissədə pilotsuz uçuş aparatlarını idarə edənlərin və digər heyət üzvlərinin əhatəsində 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradını xatırlayırıq:
Paradın gedişində "Bayraktar"lar göründü. Dünyanı heyrətləndirən "Bayraktar"lar, düşməni zəbun edən "Bayraktar"lar, erməni muzdlularının müharibənin kabusu kimi xatırladığı, uzun illər unutmayacağı "Bayraktar"lar. Döyüşlər getdiyi vaxtlarda avtobusda bir ağbirçəyin alqışını eşitmişdim: "Hamısını Allah qorusun. Bayraqtutanlarımız (Ana "Bayraktar"ları nəzərdə tuturdu) yağının başına od ələyir. Qələbədən sonra payızın sazağını yara-yara el-obamıza birnəfəsə gedəcəyik..."; Zəfər paradı anaların bu niyyətinin, bu murazının paradıydı. Bu gün hərbi hissənin zabitləri də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da Zəfər gününün,  Zəfər paradının qürurunun, "Bayraktar"ların qüdrətinin işığında yaşayırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bayraktar"ın yaradıcısı Selçuk Bayraktarı "Qarabağ" ordeni ilə təltif etdi. Bu təltif türk dünyasının təltifi kimi yaşadıldı. Həmin gün hamı Doğudan Batıyacan dumanı, buludu çəkilmiş göy üzündə qürurla dalğalanan qoşa bayraq görürdü - Azərbaycanla Türkiyənin bayrağını!
Vətən müharibəsində də, indi də var səsimizlə deyirik: "Bayraktar"ım var mənim!"...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist