Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

Tarix yazanlar haqqında yazılan söz də tarixdi

Dövrünün söz yazanları deyir ki, Səfəvilər dövründə xalq həm də ordu idi. Döyüşlərdən əvvəl məmləkət boyunca hamı döyüşlərə can atırdı, yəni, əsgərləşirdi. Ordu ki, ordu idi, ordu ilə bir sırada qara niyyətlilərin qarşısına əli silah tutanlar da çıxırdı - ürəyində təpər, dizində taqət, gözlərində nur olanlar döyüşəcək ləşkərə qoşulurdu.
Tarix yazanlarla bağlı düşüncələr ovqatdı. Müharibə ovqatıdı, qələbəyə inam ovqatıdı. Ötən əsrin sonlarında da, əsrimizin əvvəllərində də tarixə sayğılı söz müharibə ovqatından iraq olmayıb. Vətən müharibəsindən əvvəl ön xətdə "Sözün və qılıncın Xətaisi" mövzusunda disput keçirmişdik. Onda belə fikirlərin bəzisini zabitlər, bəzisini əsgərlər səsləndirmişdi. Zabitlərin də, əsgərlərin də düşüncələrini həm döyüşlər ərəfəsində, həm də döyüşlərdə döyüş ruhunun, qələbə ruhunun "dan yeri" adlandırmışdım. Bu adlandırma ürəyimi sevgilərlə, düşüncələrimi dönməz qürurla silələmişdi. Onda Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistikasının timsalında Azərbaycan ictimaiyyəti qətiyyətlə əmin olmuşdu ki, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu müharibəni sonlandıracaq, torpaqlarımız işğaldan azad ediləcək.
Ön xətdə döyüş növbətçiliyi aparan əsgərlərlə həmişə bu ruhun cazibəsində kəlmələşirdik. Söz sözü çəkirdi, bir mətləb digərinin başlanğıcı olurdu, hər cümlədə, hər xatırlamada - torpaq.
Səngər-torpaqda, daş-səngərdə işğal olunmuş torpaqlarımızdan danışdıqca əsgərlərin qaşları çatılırdı. "Özünümüdafiə batalyonunun tərkibində Zəngilanı qoruyanların sırasında atam da olub. Zəngilan işğal olunanda, camaat Arazı keçəndə neçəsi boğulub. İşğal, köçkünlük zəngilanlıların da "gününü göy əsgiyə düyüb". Sonra mənəvi ağrılar. Mən Zəngilanı görməmişəm. Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə mən də iştirak etmək, Zəngilanı atamdan, qohum-əqrəbamdan əvvəl görmək istəyirəm. Onların sevgisinə borcödəmə kimi...", - o vaxt əsgərlərdən biri belə demişdi.
- Belə söhbətlər, əsgərlərin düşüncələri özü boyda inam kimi jurnalistikanın, deməli, ictimaiyyətin güvəncinə dönür. Əsgərlərimiz yüksək döyüş əzmiylə, qələbə ruhuyla xidmət edirlər. Bu, əsgər və zabitlərin həm özünə inamıdır, həm də sərkərdəyə, - zabit əsgərin sözünü belə tamamlamışdı. Onda Zəngilanı görməyən zəngilanlı əsgərin təəssüfü hamımızın təəssüfünə, ortaq təəssüf ortaq ağrı-acıya dönmüşdü.
Vətən müharibəsindən əvvəl ön xətdə səngərlərdə əsgərlərin əhatəsində yaşadığım anlar indi xatirə olsa da, hələ çox uzun illər düşüncələrimdə yaşayacaq. Onda həm öz adımdan, həm də həmkarlarımın adından Azərbaycan əsgərinə xitabən deyirdim ki, şəhidlərimizin amalının, istəyinin, məqsədinin davamçısı olmaq sənin mənəvi borcundu. Dövlətə, dövlətçiliyə sədaqətini bu borcu necə yerinə yetirməyin müəyyənləşdirir. Sən uca ruhların arzuladığı əsgərsən, Azərbaycan əsgəri!..
Uca ruhların əhatəsində həmin hərbi hissənin timsalında ordumuzun şəxsi heyətinin döyüş hazırlığının səviyyəsini görürdüm. Neçə ay əvvəl səngərdə əsgərlərdən biri "Biz torpaqlarımızı işğaldan azad edəcəyik, bizdən sonra əsgərlərimiz dövlət sərhədlərimizdə xidmət edəcəklər", - demişdi. Bu ruhu qələbə ruhunun eyni bilmişdim. Jurnalistika da - ictimaiyyət də belə bilmişdi...  
Aylar sonra Vətən müharibəsi başladı. Bütün əsgərlərimiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməyi arzulayırdılar.
Müharibədə qəhrəmanlığın mahiyyəti qələbəyə təşnəlikdi, yəni, döyüşçünün qəhrəmanlığı qələbəni tezləşdirməyə təşnəlikdi.
Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri leytenant Elvin Şükürlü olan taqım da qətiyyətlə döyüşürdü. Döyüş bir nəfəs dərimi müddətincə səngiyəndə komandir alnını ovuşdurub əsgərlərinə baxıb, bayaqkı döyüşün gedişini, əsgərlərin yolunu harada, nəyin, necə kəsdiyini gümanlayıb, düşünüb-daşınıb və "Siz qalib gələcəksiniz!" deyib, kimsəyə hiss etdirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlamağa - düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqeyinə gedib. Güman ki, şəraitə görə atışmağa imkanı olmayıb. Dörd düşmənlə əlbəyaxa döyüşüb, dördünü də öldürüb. Düşmənin səngərində şəhid olub. Əsgərlərimiz döyüşü onun ruhu ilə davam etdirib...
Azərbaycan jurnalistikası bu qəhrəmanlığın da carçısı oldu.
Elvinlə qardaşı İlkin Vətən müharibəsinə eyni gündə getmişdilər. Atalarını neçə il əvvəl, analarını ötən il itirən cavanları döyüşə nənələri uğurlamışdı. Dədə kəlamlarının işığında uğurlamışdı: döyüş ruhu Tanrının bəndəyə lütfüdü. Onda göz yaşları ürəyini islatmışdı nənənin. Baxışlarını hamıdan, nəvələrindən də gizlədə bilmişdi. "Ulu babalarınız döyüşüb, dədələriniz döyüşüb. Atanız Birinci Qarabağ müharibəsində ağır yaralanmışdı. Döyüşə gedirsiniz. Onların ruhunu incitməyin, a bala..." - demişdi. İkisi də nənələrinin ağuşuna sığınmışdı. Nənə nəvələrinin saçlarını oxşamışdı...
Elvin Suqovuşan istiqamətində gedən döyüşdə yaralandı. Füzuli hospitalında müalicə olundu. "Müalicə müddətində gündə neçə dəfə ölüb-dirilirdim. Yaram ağır olsa bilərdim ki, döyüşməyim mümkün deyil. Bu yara ilə döyüşə bilərdim. Özümü də qınadım ki, gərək yaralandığımı gizlədəydim. Əslində, buna cəhd göstərmişdim. Həkim gülümsünmüşdü, "Sən ruhda döyüşçünün palatada sıxıntı çəkməsi günahdı, tam müalicə olunmamış döyüşçünün hospitaldan tərxis edilməsi - cinayət. İki gün də döz...". Elvin müalicədən sonra döyüşü davam etdirmişdi; Vətən müharibəsində qazanılan qələbə taleləri vətənləşdirən qələbə oldu...
Şuşa istiqamətində döyüşürdülər. Bir azdan döyüş əmri veriləcəkdi, döyüşqabağı "nəfəs dərirdilər". Qəflətən baxışları qoşalaşdı. Təsadüfüydümü, Tanrının ömür töhfəsiydimi, qardaş nigarançılığından qurtuluş lütfüydümü - Elvinin qolları İlkinin, İlkinin qolları Elvinin kürəyində çarpazlaşdı. Döyüşqabağı belə kövrək, kövrək olduğu qədər də düşündürücü görüş döyüşçülərin qələbə ruhunu kükrətdi. Zabit gözdolusu ikisinə də baxdı, "Bu gözlənilməz görüş, gözlənilməz görüşün yaratdığı ruh qələbə ruhudu. Sizi döyüşə qələbə ruhu uğurlayır!", - dedi.
Hamısı döyüş əmrinin bir nəfəs dərimi də olsa tez verilməsini arzulayırdı. Bu gözəl, duyğusal görüşün ruhuyla döyüşəcəkdilər; Azərbaycan jurnalistikası bu gözəl, duyğusal görüşün ruhunda görmüşdü Zəfərin döyüşlərindən süzülüb gələn işığını...
Xocavənd rayonunda bir yüksəkliyin ermənilərdən təmizlənməsi əmri verilmişdi. Əmri iki qrup yerinə yetirəcəkdi. Döyüşçülərimiz hücumla yüksəkliyə çatmalıydılar. Qarşı tərəfə əl qumbaraları atır, düşmən qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyir, yenidən qumbara atırdılar. Atılan qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç üç-dörd metr də irəliləmək olmurdu.
Düşmən döyüşçülərimizin güllə məsafəsində olduğunu dərk edəndə çaşdı, çaşqınlıqla atışa-atışa geri çəkilmək istədi. 30-40 dəqiqə çəkən döyüşdə səkkiz düşmən öldürüldü, qalanları (təxminən 50-60 nəfər) qaça bildi...
Vətən müharibəsindən sonra yaşanılan coşqunun sözlə təsviri jurnalistikanın Azərbaycan əsgərinə sevgisinin "Ruhani"si oldu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olanda dediyi kəlmələr bu fikirlərin məntiqi davamıdır: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik". Dövlət başçısı Ağdamda bu fikirləri ictimaiyyətə daha əhatəli çatdırdı. Belə fikirlərin işığında dünya ictimaiyyəti inandı ki, ermənilərin uçurub-dağıtdığı, deməyə adamın dili də gəlmir, xarabalığa çevirdiyi şəhərlər, kəndlər ev-ev, bina-bina dikəldiləcək, yenidən qurulacaq. Sözün əsgəri olan jurnalistika da bu missiyanı yerinə yetirənlərin sırasında olacaq - sözü ilə...
 
Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"