Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

“Dəmir yumruq” əməliyyatının dəmir şahinləri

Ötən il hər birimizin yaddaşına Zəfər ili kimi həkk olundu. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  çatdırdı. Son iki əsrlik tariximizdə ilk dəfə idi ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək,  müharibəni ərazi bütövlüyünü bərpa edərək başa vururdu. Dövlət, ordu, xalq birliyi şanlı zəfər əldə etdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Xalqımız böyük sevinc yaşadı.   
Bu xoşbəxtliyi, bu qüruru bizlərə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu gün hər birimiz yenilməz ordumuzun qələbəsi ilə qürur duyur, azərbaycanlı olmağımızla fəxr edirik. Adını fərəhlə səsləndirdiyimiz ordumuz öz zəfərləri ilə gücünü, qüdrətini və yenilməzliyini bütün dünyaya sübut etdi. Onlar əzəli torpaqlarımızın hər qarışı uğrunda rəşadətlə döyüşərək qəhrəmanlıq dastanı yazdılar. Ordumuz ermənilərin 30 ilə yaxın möhkəmləndirdiyi və keçilməz saydığı müdafiə səddini yararaq düşməni darmadağın etdi.
44 gün davam edən əks-hücum əməliyyatında qələbəmizi şərtləndirən əsas amillərdən biri də tapşırıqlar zamanı qoşunlarımızın qarşılıqlı əlaqəsinin və idarəetmənin  düzgün təşkili, eləcə də digər taktiki fəaliyyətlərin uğurla  yerinə yetirilməsi oldu.
Ordumuzun bütün bölmələrində şəxsi heyətin peşəkarlığı, qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icrası və yüksək döyüş hazırlığı nümayiş etdirməsi şanlı zəfərimizi təmin etdi.
Ordumuz həm qurudan, həm də havadan endirdiyi dəqiq zərbələrlə düşməni məhv edirdi. Döyüş əməliyyatlarında Hərbi Hava Qüvvələri də üzərinə düşən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi. Şahinlərimizin hər uçuşu dəmir yumruq olub düşmənin başına düşürdü. Düşmən müdafiəsinin dərinliklərinə endirdiyi dəqiq zərbələrlə hücuma keçən quru qoşunlarının irəliləməsi üçün zəmin yaradırdı. Dəqiq aviasiya zərbələri ilə düşmənin ağır artilleriyalarını, xeyli sayda canlı qüvvəsini, komanda-qərargah məntəqələrini, şəxsi heyətini, eləcə də təminat daşıyan maşınlarını məhv edirdi. Ermənistan ordusunun sağ qalan əsgər və zabitləri, hərbi şərhçiləri də  etiraf edirlər ki, havaya qaldırılan pilotsuz uçuş aparatları ilə yanaşı, şahinlərimiz də düşmən üçün, sözün əsl mənasında, ölüm kabusuna çevrilmişdi və onların qarşısını almaqda aciz idilər.  Pilotlarımızın cəsarəti, bilik və bacarığı, peşəkarlığı nəticəsində  düşmənin hava hücumundan müdafiə qüvvələri də onları zərərsizləşdirməkdə aciz idilər...
Tarixi qələbəmizin qazanılmasında mühüm pay sahibi olan Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində şəxsi heyətlə həmsöhbət olduq. Səs sürətilə uçub buludların arasından düşmənə dağıdıcı zərbələr endirən bombardmançı təyyarələri idarə edən pilotların düşüncələrini böyük maraqla dinlədik.  
"Dövlət başçısının diqqət və qayğısı nəticəsində son illər yeni silahlar, müşahidə və aşkaretmə sistemləri, uçuş texnikaları ilə təchiz olunan və  yüksək döyüş hazırlığına malik olan Hərbi Hava Qüvvələri Vətən müharibəsində qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və dəqiq icra etdi", -   deyən polkovnik-leytenant Anar Həsənovla qərargahdan çıxıb pilotların yanına üz tutduq. Zabit pilotların bir neçəsinin qardaş ölkə Türkiyə Cümhuriyyətində keçirilən təlimlərdə iştirakçı olduğunu öyrəndik. Söhbət əsnasında onu da öyrəndik ki, zabit Anar Həsənov İkinci Qarabağ müharibəsinin iştirakçısıdı və dövlət başçısının müvafiq sərəncamları  ilə müxtəlif medallarla təltif edilib. "Bir hərbçi-pilot kimi qürurluyam və sevinirəm ki, qələbədə mənim də payım var. Bir məqamı qeyd edim ki, döyüşlərdə əldə etdiyim nailiyyətlər hamımızın uğurudur. Təltif olunduğumuz medallar fərdi yox, bütün kollektivindir.  Çünki bir pilotun səmaya qalxması onlarla insanın zəhmətinin nəticəsidir.  Yəni ki, verilən tapşırıq üzrə hücum təyyarəsinin hədəfi məhv etməsində pilotla yanaşı, texniki heyətin də fəaliyyəti böyükdür. Pilot nə qədər peşəkar olsa da onun səmaya qalxmasında onlarla insanın fəaliyyəti var...  Bu işdə mühəndis xidmətinin və  texniki heyətin əvəzsiz rolu danılmazdır. Bir sözlə, pilot sükan arxasında tək ola bilər, amma ümumilikdə uçuş prosesi komanda işidir. Döyüşlər zamanı onlar fasiləsiz olaraq, gecə və gündüz növbəli şəkildə fəaliyyət göstərərək təyyarələri döyüş uçuşuna hazırlayırdılar. Bir məqamı da vurğulayım ki, reqlamentə uyğun olaraq təmir və bərpa işlərini yerinə yetirib təyyarənin uçuşa hazırlanması sənəd üzərində maksimum 25 dəqiqəyə nəzərdə tutulub. Lakin döyüş vaxtı texniki və mühəndis heyətinin yüksək peşəkarlığı və əzmkarlığı nəticəsində bu vaxt yeddi dəqiqə kimi rekord bir nəticə ilə yadda qaldı. Bir sözlə, tarixi zəfərimizlə başa çatan haqq savaşımızda hərbi hissədə xidmət edən hər kəsin əməyi danılmazdır. Hətta bütün dünya aviasiyasında belə bir adət var, təyyarə hərəkətə başlayanda texnik əlini onun qanadına vuraraq onu xeyir-dua ilə yola salır", - deyən polkovnik-leytenant Anar Həsənovla söhbətimizə qoşulan digər pilotları tanıyırıq.
- Hərb sənəti çox şərəfli və qürurvericidir, - mayor Amil Bilalov belə dedi. Hərbçi olmağa uşaqlıqdan həvəs göstərən pilot  hərbçi ailəsində dünyaya göz açıb. Bu şərəfli peşəyə də həvəsi hal-hazırda ehtiyatda olan zabit atası Adil Bilalov yaradıb. "Gözümü açandan atamı zabit kimi görmüşəm. Hərbi mundir geyinmək uşaqlıqdan arzum olub, Allaha şükür ki, arzularıma çatdım. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində oxudum. Bu şərəfli yolda ən böyük dəstəkçim atam oldu. Onun öyrətdikləri, tövsiyələri və təcrübəsi uğurlu xidmət yolu keçməyimdə böyük kömək oldu. Atam hərb sənətinin incəliklərini, gözəlliklərini mənə izah edir, anladırdı. Onun dediklərini bu gün əyani şəkildə yaşayıram. Fəxr edirəm ki, qalib ordunun zabitiyəm".
...Xalqımız da sizin kimi igidləri ilə fərəhlənir. Sizin qələbənizdən hər kəs ağız dolusu danışır, ehtiram və sevgilərini hər fürsətdə bildirirlər. İndiki nəsillə yanaşı, gələcək nəsillər də sizin qəhrəmanlığınızla yazdığınız zəfər tarixini əsrlər boyu oxuyacaq, sizinlə fəxr edəcəklər...
Dövlət başçısı tərəfindən “Qarabağ” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif olunan zabit söhbətinə davam etdi. İlk sərbəst uçuşundan, təyyarənin yerdən qalxdığı an keçirdiyi hisslərdən danışdı. "Həmin günə qədər mən heç sərnişin təyyarəsində də uçmamışdım. Təkcə pilot kimi yox, elə sərnişin kimi də ilk uçuşum idi. İlk uçuşumda təlimatçım ehtiyatda olan polkovnik-leytenant təcrübəli pilot Telman Əliyev idi. O qalxışı yerinə yetirəndən sonra idarəetməni mənə verdi. Dəstəyi tutub özümə çəkdim və artıq idarəetmə məndə idi. Sevinc, həyəcan, qürur və bunun kimi qarışıq hisslər keçirirdim. Həmin anı hansı hisslərlə ifadə edəcəyimi bilmirəm. Düşünün ki, bir toxum əkirsən, illərlə ona qulluq edirsən. Həmin toxum cücərir, böyüyür, budaqlanır, çiçək açır və meyvəsi yetişir. Bu da onun kimidir. İllərlə müəlim və komandir heyətinin, həmçinin özünün çəkdiyin əziyyətlərin sonunda məqsədinə çatırsan. Sərbəst şəkildə səmada qartaltək süzürsən. Bu, çox böyük, ifadəsi çətin olan bir sevincdir. Bundan daha böyük sevinci isə Vətən müharibəsində yaşadıq. Uğurlu uçuşlarımızla dövlətimizin bizə olan etimadını, inamını doğrultduq. Şükür Allaha ki, bu müqəddəs haqq  döyüşü bizə qismət oldu.  Biz hər an bu arzu ilə xidmət edirdik - döyüş əmri gəlsin, düşmənin başına bombalar yağdıraq, onları məhv edək və işğalda olan torpaqlarımızı azad edək."
- Hər bir kişinin namus borcudur Vətənin müdafiəsində durmaq, - deyən Amilin sözləri ilə maraqlı söhbətimizi başa vurduq...
Bayaqdan maraqla dialoqumuza qulaq asan başqa bir pilot söhbətə qoşuldu. O da zəfər tariximizə adını qızıl hərflərlə yazan igidlərimizdəndir.
Yerinə yetirdiyi uğurlu döyüş uçuşlarına görə müharibə başa çatdıqdan sonra Prezidentimiz tərəfindən “Qarabağ” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif olunub. Pilot polkovnik-leytenant Elmir Məmmədov Sabirabad rayonunda anadan olub. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirərək Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmətə başlayıb. Təyyarəçilik çox gözəl və maraqlı bir sənətdir, - deyən pilot,  bu şərəfli peşəni seçimindən danışdı.  "Atalar sözündə deyildiyi kimi: "İgid oğul dayısına çəkər". Dayım hərbçi olub. Təyyarəçi şturman ixtisası üzrə təhsilin bitirib, lakin sağlamlığı ilə əlaqədar olaraq təyyarəçilik peşəsinə yiyələnə bilməyib. İgid oğul dayısına çəkər deyimini həyat yoluma çıraq bilərək, onun yarımçıq qalan arzularını davam etdirməyi qərara aldım. Hərbi liseydə oxuyarkən Ali Hərbi Təyyarəçilik Məktəbində oxuyan yoldaşlarla mütəmadi olaraq görüşüb, söhbətləşirdim. Təyyarəçi olmaq arzusu ilə təhsil müddətində sağlamlığıma daim xüsusi diqqət edir, savadlı olmaq üçün daha çox oxuyurdum. Sevinirəm ki, əziyyətlərimin bəhrəsini gördüm, arzuma çatdım və təyyarəçi oldum. Bu gün isə daha çox qürurlu və sevincliyəm. Mən, ərazi bütövlüyümüzün bərpa olunması ilə başa çatan döyüşlərin iştirakçısı, döyüş uçuşları təcrübəsinə malik pilotam.  Bu yolda zəhməti keçən bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm",- deyən təcrübəli zabit İkinci Qarabağ müharibəsinin ilk günündən sonuncu gününə qədər verilən döyüş tapşırıqlarının vaxtında və peşəkarlıqla yerinə yetirildiyini qeyd etdi. Pilot bildirdi ki, Ali Baş Komandanın döyüşlər müddətində həm siyasi, həm də hərbi istiqamətlər üzrə uğurları bütün şəxsi heyətə yüksək ruh verirdi. Hamı çalışırdı ki, yerinə yetirdiyi növbəti döyüş tapşırığında daha dəqiq olsun və düşmənə ağır zərbələr endirsin. "Bir təyyarəçi üçün ən unudulmaz gün ilk səmaya qalxdığı gündür. Bizim ən yadda qalan günümüz ilk döyüş uçuşumuzdur. Həmin an illərlə gözlədiyimiz məqam idi. Düşmənə zərbə endirmək, onu torpaqlarımızdan qovmaq məqamı idi. Şükürlər olsun ki, bu haqq savaşımız qələbə ilə sonlandı. Ərazi bütövlüyümüz təmin olundu. Qələbəmizin işığına bizimlə yanaşı, dost ölkələr də yığışdı. Azərbaycan gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şərəfli və müqəddəs yolda şəhid məqamına ucalan həmkarımız, "Vətən Müharibəsi Qəhrəmanı"  polkovnik Zaur Nudirəliyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların əziz xatirəsi hər zaman bizimlə yaşayır, yaşayacaq da. "
...Şəhidlərimizin qanı ilə yazdığı qəhrəmanlıq salnaməsi  əsrlər boyu oxunacaq, aşılanacaq...
Pilotlarla görüşümüzü xoş təəssüratlarla başa vururuq. 1919-cu ildə yaranan, milli hərbi qurum kimi 1992-ci ildən formalaşmağa başlayan və  bu gün Azərbaycanın hava sərhədlərini qətiyyətlə qorumağa qadir olan, səmanın sahiblərinə şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Kapitan Ceyhun CƏFƏRLİ

Baş leytenant Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"