Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyul 2021 15:00

Əsgərlərimiz Zəfər ovqatı ilə xidmət edirlər

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası elan edilməmiş başlayan müharibəyə səbəb oldu. Mərkəzin bu iddiaya liberal münasibəti, müəyyən mənada onu dəstəkləməsi münaqişəni daha da dərinləşdirdi.
Azərbaycanda mövcud daxili siyasi vəziyyət, ordu quruculuğunda yol verilən ciddi nöqsanlar (kadrların düzgün seçilməməsi, bu və ya digər vəzifəyə təyin edilmədə siyasi mənsubiyyətə əsaslanılması, şəxsi münasibətlər və s.) Müdafiə Nazirliyinin fəaliyyətinin müharibə şəraitinə (müharibəyə) səfərbər edilməsinə imkan vermirdi. Belə bir şəraitdə yerli müdafiə batalyonlarının qarşılıqlı fəaliyyətini koordinasiya etmək mümkün olmurdu. Digər tərəfdən, hakimiyyət boşluğu da torpaqlarımızın müdafiəsinin möhkəmləndirilməsinə imkan vermirdi. Bunlar müəyyən mənada Ermənistanın işğalçılıq siyasətinin daha geniş əraziləri əhatələməsinə şərait yaratmışdı; Ermənistan havadarlarının siyasi və hərbi köməyi ilə Azərbaycana qarşı daha ciddi hərbi əməliyyatlara başladı, Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Xalqın təkidli tələbi ilə böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Ermənistanın işğalçı hərbi əməliyyatları dayandırıldı.
ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası Ermənistanı  işğalçılıq siyasətinə səbəb olmuş ərazi iddiasından daşındıra, işğal etdiyi ərazilərdən çıxmasını təmin edə bilmədi. Münaqişə adı ilə müzakirələr obyekti olan real müharibə şərti dayandırılmışdı. Ermənistan atəşkəs haqqında razılaşmanı müxtəlif səviyyələrdə pozurdu. Ermənilər 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda daha genişmiqyaslı təxribatlar törətdilər. Ordu hissələrimiz hər iki təxribatın qarşısını qətiyyətlə aldı. 2016-cı ilin Aprelində min hektarlarla ərazi işğaldan azad edildi...
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, ciddi bəyanatı nə işğalçı dövlətinə, nə də onun gizlin, açıq havadarlarının mövqeyində açıq dəyişiklik yaratmadı.  "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz".
Ermənistan regionda status-kvonu saxlamaq niyyəti ilə sülh danışıqlarından müxtəlif bəhanələrlə yayınırdı...
2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək.
Vətən müharibəsində xalqın mənəvi dəstəyini hiss edən, bu dəstəyi görən, dəyərləndirən şəxsi heyətin döyüş əzmi, qələbə ruhu daha da yüksəlirdi. Vətən müharibəsi başlayanda minlərlə yeniyetmə, gənc, Birinci Qarabağ müharibəsinin iştirakçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edir, döyüşmək istədiklərini bildirirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qismən səfərbərlik elan edildiyindən onların hamısının təkidli xahişləri yerinə yetirilə bilməzdi.
Vətən müharibəsində döyüşlərə cəlb edilməyən hərbi hissələrin zabit və əsgərləri də raportla komandanlığa müraciət edirdi ki, onları da döyüşlərə göndərsinlər. Döyüş əzminin, qələbə ruhunun bu kükrəyişi təkcə yüksək mənəvi-psixoloji hazırlığın nəticəsi deyildi, həm də yüksək vətəndaşlıq duyğularının təsiriydi.
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa hər müraciəti qələbə sorağı kimi qarşılanırdı, qələbə ovqatı yaradırdı, döyüşənlərin də, ruhən döyüşlərdə olanların da, ümumən ictimaiyyətin də qələbə inamını kükrədirdi. Noyabrın 8-i digər hərbi hissələrdə olduğu kimi, bizim hərbi hissədə də müqayisəyəgəlməz gözəl ovqat yaratmışdı. Zəfər ovqatı hər bir əsgərin, hər bir zabitin sonrakı xidmətinə olduqca yüksək təsir göstərəcəyinə hamımız inandıq.
Hərbi hissəmizin döyüşlərdə iştirak edən zabit və əsgərlərinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının döyüş yolu bu gün xidmət edən əsgərlərimizə gözəl nümunədir. Asudə vaxtlarda hər söhbət Vətən müharibəsinin tarixinin mənimsənilməsi prosesidir. Yəni, hərbi hissəmizdə təşkil edilən söhbət saatları, müəyyən mənada, gərəkli pedaqoji prosesdir.
Hərbi hissəmizdə Vətən müharibəsində qazanılan Zəfərdən sonra şəxsi heyətlə mənəvi-psixoloji hazırlıq istiqamətində keçirilən tədbirlərin tematikasında da, məzmununda da müəyyən dəyişikliklər etmişik. Bu günün əsgərləri "Qaliblərin döyüş yolunun davamçılarıyıq!" düşüncəsiylə, qüruruyla xidmət edirlər.
Vətən müharibəsində iştirak edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan hərbi qulluqçularımızın döyüş təəssüratları ictimai-siyasi dərsləri böyük mənəvi təsiriylə tamamlayır.
Əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığı Zəfərdən sonra da böyük məsuliyyətlə, Hərbi Nizamnamələrin tələbləri, Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin, qoşun qismi komandanının əmr və göstərişləri əsasında aparılmaqdadır. Bu məsul proses ordu quruculuğunun mühüm tərkib hissələrindəndir.
Əsgərlərimiz Zəfər ovqatı ilə xidmət edirlər...
 
Mayor Sərxan CƏLİLOV

"N" hərbi hissəsi