Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Vətən müharibəsi: Zəfərdən sonra düşüncələr

XX əsrin sonlarında Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Xarici havadarlarının maddi, mənəvi, hərbi yardımlarından kifayət qədər yüksək səviyyədə bəhrələnən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi.
İşğalçı dövlət olan Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmədi, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər də ona ya təsir göstərmək istəmədilər, ya da təsir edə bilmədilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsinə yönəldilirdi. Lakin Ermənistan mövcud status-kvonu saxlamaq niyyəti ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirirdi ki, Ermənistan danışıqlardan yayınarsa, münaqişəni güc yolu ilə Azərbaycan Ordusu həll edəcəkdir. Bu, dövlətə, dövlətçiliyə sədaqət kimi ordunun qüdrətinə də inam bəyanatı idi. İşğalçı dövlət bu ciddi bəyanatdan nəticə çıxarmadı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda ikinci erməni dövlətinin yaranmayacağı qətiyyəti də düşməni niyyətindən çəkindirmirdi...
Ermənistan işğaldan çəkinmədiyinə görə müharibə zəruriləşirdi.
Ermənistan silahlı birləşmələri 2016-cı ilin aprelində Azərbaycanın işğal edilmiş ərazilərindən, 2020-ci ilin iyulunda Tovuz rayonu ərazisindən dövlət sərhədlərimizi pozaraq irimiqyaslı təxribatlar törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücuma keçdi. Azərbaycanın ordu hissələri hər iki hücumun qarşısını qətiyyətlə aldı. Mahiyyət etibarilə hər iki döyüş torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin ilki, başlanğıcı idi və müəyyən mənada, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını müharibə şəraitinə (və müharibəyə!) münasib səviyyədə formalaşdırdı. Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini Zəfərlə tamamlamağa həm döyüş hazırlığı ilə, həm də mənəvi-psixoloji hazırlığı ilə hazır idi.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunan paradda demişdir: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Növbəti hərbi paradda - 2020-ci il dekabrın 10-da Zəfər bayraqları hərbi parada gətirildi.
İşğalçı dövlət həmişə daha çox ərazi zəbt etməyə həvəslənir. Bu niyyətini gerçəkləşdirmək üçün təxribatlarını davam etdirir. 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən ərazilərimizə hücumun da məqsədi bu idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdi - Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad edən döyüşləri ermənilərin illərlə qurduğu, yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, ilk mövqe qələbələri qazanıldı. Bu, həm ordunun Sərkərdəyə inamının, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, həm də vətənsevərliyinin nəticəsiydi.
Düşmən hücuma keçəndə arsenalında olan silahları, onun işğalçılıq siyasətinə ya gizlin, ya aşkar havadarlıq edənlərin verdiyi ümidləri nəzərə almışdı, ancaq Azərbaycan Ordusunun gücünü, qüdrətini, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu nəzərə almamışdı. Ona görə də Vətən müharibəsində güman etmədiyi səviyyədə ağır məğlubiyyətə uğradı. Onu bu vəziyyətə salan amillərdən biri də Azərbaycan əsəgərinin mənəvi-psixoloji hazırlığı, vətənsevərliyi, dövlətə, dövlətçiliyə sədaqəti idi...
Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başlayan, Vətən müharibəsi kimi davam edən bu müharibə xalqın müharibəsi oldu. Neçə ailədən ata oğullarıyla bir yerdə döyüşürdü, onlarla qardaş eyni hərbi hissənin döyüşçüləri idi. Xankəndi istiqamətində gedən döyüşlərdə eyni gündə, təxminən eyni anlarda şəhid olan İman və Bəhram Məmmədzadə qardaşlarının şəhidliyi bir gerçəkliyin ifadəsi kimi yaşanıldı.
Xalq döyüşən orduya böyük mənəvi dəstək göstərməklə kifayətlənmədi. Əli silah tutanlar, ürəyində təpər, dizində taqət olanlar Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edirdilər. Dövlət başçısının müvafiq sərəncamı ilə qismən səfərbərlik elan edildiyindən onların hamısı döyüşlərə cəlb olunmadı...
Vətən müharibəsi ruhun müharibəsi idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirdi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!".
Azərbaycan Ordusu düşmənin işğal etdiyi ərazilərdə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Düşmən də, havadarları da gördü ki, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu onun təmas xətti boyunca yaratdığı müdafiə zolağının möhkəmliyindən, hərbi potensialından dəfələrlə güclüdür. Xalq Azərbaycan Prezidentinin "Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz..." bəyanatını Vətən müharibəsinin sonunda qazanacağımız qələbənin zəmanəti kimi dinlədi, bu zəmanətin qətiyyətiylə qürurlandı...
Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, mühüm strateji yüksəklikləri, yaşayış məntəqələrini düşməndən azad edirdi. Xalq inanırdı ki, bu döyüşlər işğalı sonlandıracaq...
Zəfərdən sonra bir erməni döyüşçüsünün etirafı da Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun hansı səviyyədə yüksək olduğunun təsdiqidir: "400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil". Erməni döyüşçüsünün bu etirafı həm də Zəfərin necə qazanıldığının göstəricisidir....
Vətən müharibəsində Azərbaycan Ordusu ilk böyük qələbəsini Madagizdə (ölkə başçısının təklifi ilə bu ad dəyişdirilərək Suqovuşan adlandırıldı) qazandı. Bu qələbə ordunun da, xalqın da inamını kükrətdi. Xalq inanırdı ki, ordu sərkərdənin döyüş əmrini Zəfərlə tamamlayacaq. Döyüşçülər qəhrəman olmaq üçün vuruşmurdu, hər biri qəhrəmanlıqla vuruşurdu.
Vətən müharibəsində yaddaqalan, tarixləşən çox anlar yaşanılıb. Hər biri müharibə tariximizdir. Böyük Vətən müharibəsində qələbədən 75 il keçsə də, o illərin döyüşləri haqqında indi də danışılır, o illərin qəhrəmanlığı indi də xatırlanır. Vətən müharibəsi də belə olacaq. Həmişə ehtiramla anılacaq, qəhrəmanlıqlar, qəhrəmanlar qürurla xatırlanacaqlar.
Şuşa istiqamətində gedən döyüşlərdə qəflətən Elvin qardaşı İlkini görür. Bu təsadüfi görüş onların da, digər döyüşçülərin də döyüş əzmini, qələbə ruhunu yüksəldir. Hamısı döyüşə atılmaq istəyir. Az sonra döyüş əmri verilir. Bu döyüş haqqında rus mediasında dərc edilən bir məqalə diqqəti çəkir: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Bu fikirlər Zəfərin necə qazanıldığını ifadə edir...
Xocavənd rayonunda yüksəkliklərdən birinin azad edilməsi əmri verilmişdi. Düşmən yüksəklikdəydi, döyüşçülərimiz hücumla yüksəkliyə çatmalıydılar. Düşmən mövqe üstünlüyünə malik idi. Əmri yerinə yetirmək üçün komandirin əmri ilə düşmənə qumbara ata-ata irəliləyiblər. Atılan qumbaralar düşmənin diqqətini yayındırıb, bir qədər çaşqınlıq da yaradıb. Belə məqamdan istifadə edən döyüşçülərimiz bir qədər irəliləməyə imkan qazanıb. Sonra yenə qumbaralar atıblar, yenə irəliləyiblər. Qumbara atanda da, irəliləyəndə də düşmənin pərakəndə atışından daldalanmağa məcbur olublar. Düşmən qumbara qəlpələrindən daldalandığı, qorunduğu müddətdə irəliləyib, yenidən qumbara atıb, yenidən irəliləyiblər. Düşmənlə araları bir güllə məsafəsi qədər qalanda atıcı silahlarla döyüşüblər. Müdafiə oluna bilməyən düşmən qaçıb. Əmr yerinə yetirilib.
Soltanlı kəndi uğrunda döyüş gedirmiş. Düşmən müdafiə olunurmuş. Namiq, Vətən, Tural yaralananları çiyinlərinə alıb döyüşün içindən çıxardanda aralarına minaatan mərmisi düşüb. Qəlpə yaraları alsalar da, yaralıları təhlükəsiz yerə çıxarda biliblər. Döyüşçülərimiz hücumu qətiyyətlə davam etdiriblər. Düşmən çarəsizliklə atışa-atışa geri çəkilib. Soltanlı işğaldan azad edilib.
Şuşa işğaldan azad ediləndə şəhid olan döyüşçü son damla qanıyla qayanın sinəsinə "Qarabağ Azərbaycandır" yazıb.
Bu kimi faktlar Vətən müharibəsinin tarixidir, Zəfərə aparan yol bu kimi hadisələrdən keçib. Azərbaycan Ordusunun hər döyüşü Zəfərin tarixidir, Zəfərin tarixi isə Vətən müharibəsində qazanılan qələbə yolunun tarixidir. Bu tarixi Müzəffər Sərkərdənin qüdrəti ilə Azərbaycan Ordusu yazdı.
Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin gün Zəfər günü kimi qeyd ediləcək.
Əksər xarici ölkələrin hərbi ekspertləri Vətən müharibəsinin tarixini diqqətlə öyrənməyi, Azərbaycan Ordusunun müharibəaparma qüdrətini mənimsəməyi tövsiyə edir. Bu, Vətən müharibəsinə verilən yüksək dəyərdir...

 Vaqif QURBANOV ehtiyatda olan polkovnik-leytenant