Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Milli Mətbuatın yaranması - Milli istiqlala doğru atılan ilk addım

Ümummilli lider Heydər Əliyev: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir."
Sivil insan cəmiyyəti formalaşandan azad fikir və sərbəst düşüncə ifadə etməyə, obyektiv informasiya almağa ciddi ehtiyac duyulub. Mətbuat yarandığı vaxtdan hər bir fərdin ayrı-ayrılıqda özünüifadə etmək istəyi əsrlər boyu insanlığın demokratik ideallar uğrunda mübarizəsinin də əsas mahiyyətini təşkil edib.
Dövlətlər arasında işgüzar, iqtisadi münasibətlər qurularkən öncə hansı dəyərlərə sahib olduğuna nəzər salınır - araşdırılır. Maddi dəyərlərindən əvvəl ölkənin milli-mənəvi dəyərləri qiymətləndirilir. Çünki maddi dəyərlər yalnız tutarlı, zəngin ənənələrə malik milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür.
Əsrlər boyunca Azərbaycanda da qeyri-maddi, mənəvi dəyərlərin yaradılması uğrunda mübarizələr aparılıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmək mümkün deyil.
Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Əsasən maarifçilik missiyasını yerinə yetirən "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi.
Mütərəqqi ideyaların carçısı olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin ən böyük uğurları ilk növbədə onun mətbu dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqisinə çalışan "Əkinçi" qadın azadlığı və qadınların təhsili ideyasını təbliğ edirdi. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının - Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməli rolunu oynadı.
1877-ci ilin 29 sentyabr tarixinə qədər "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və qəzetin nəşrini dayandırdı. Qəzetin cəmi 56 nömrəsi işıq üzü gördü.
"Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq bir müddət Azərbaycan dilində mətbu orqan çap olunmadı...
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti oldu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olub. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bildi.
1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" nəşrə başladı. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə Bakıda çap olundu.
Bu dövr Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Ziya", "Kəşkül", "Kaspi", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olub.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Bu dövrdə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.
XX əsrin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrün də mətbuatımızın inkişafında xüsusi yeri vardır. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişləndi, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşdi. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlətdilər və bu yolda bəzən təqiblərə də məruz qaldılar.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 146 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Mətbuat tariximizdə hərb, müharibə mövzusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan mətbu orqanlarında "Azərbaycan", "Açıq söz" və "İstiqlal" qəzetlərində daha geniş yer alıb.
1920-ci ilin aprel işğalından sonra Azərbaycan diviziyasının orqanı olan "Qızıl əsgər" qəzeti fəaliyyətə başlayır. 10 ildən çox nəşr edilən bu qəzetin Azərbaycan hərbi mətbuatının inkişafında xüsusi yeri var. 1922-ci ildə hərbi mətbuat nümunələrimizdən biri olan "Savadlı Qırmızı Əsgər" adlı ilk jurnal Bakıda nəşr olundu.  Ayda bir dəfə nəşr olunan, hərbi qulluqçular üçün nəzərdə tutulan ictimai-siyasi, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan diviziyasının orqanı kimi fəaliyyət göstərirdi. Jurnalın nəşr olunmasında əsas məqsəd əsgərlərin maariflənməsi, onların döyüş hazırlığı, silaha qulluq qaydaları haqqında və ədəbi-bədii mövzuda yazılar dərc etmək idi. "Qızıl əsgər" adı ilə nəşrini davam etdirən bu mətbu orqanını sonralar general Əlağa Şıxlinskinin təklifiylə "Hərbi Bilik" adlandırdılar. Jurnal hərbi elmi əsaslara və nəzəriyyəyə söykənərək məzmununda və tərtibatında yeniliklər etdi. Ötən əsrin 30-cu illərinin əvvəllərində bütün milli diviziyalar, bölmələr sovet ordusunun tərkibinə keçdiyindən hərbi mətbuat öz fəaliyyətini dayandırdı. Sovet ordusunun hərbi dairələrinin qəzetləri nəşrə başladı.
Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Ordusunun formalaşdığı ilk gündən Qarabağ müharibəsinin ağır döyüşlərini və əməliyyatlarını öz səhifələrində işıqlandıran milli hərbi mətbuatımız yarandı. 1992-ci ilin fevralından nəşrə başlayan "Azərbaycan Ordusu" (əvvəlcə "Xalq Ordusu" adlanırdı) qəzeti, "Hərbi Bilik" jurnalı bu gün ordumuzun ən dəyərli müharibə, hərbi mətbuat salnaməsini yazan mətbu orqanlarıdır.
1993-cü il iyunun 2-də Azərbaycan Ordusunun inkişaf istiqamətlərini, hərbi həyatın özəlliklərini, müharibə həqiqətlərini bütün konkretliyi ilə əks etdirmək, faktları və hadisələri sənədləşdirmək, qoruyub saxlamaq məqsədilə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının əsası qoyuldu. Onların sayəsində Azərbaycan Ordusunun bu günə kimi keçdiyi şərəfli və uğurlu yoldan əhatəli məlumat əldə etmək mümkündür.
Beləcə, Azərbaycan kütləvi informasiya vasitələri sırasında mühüm yer alan hərbi mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçərək Qarabağ müharibəsinin döyüş salnaməsini yaratdı. Vətən müharibəsində qəzetimizin əməkdaşları üç səyyar informativ qəzet-bülletenlər hazırladılar.
Bu gün "Azərbaycan Ordusu" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün göstərişlərini böyük məsuliyyətlə, dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir.

Baş leytenant Günay TAĞIYEVA "Azərbaycan Ordusu"