Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Hərbi təhsil Azərbaycan Ordusunun inkişafının məhək daşıdır

Müstəqil dövlətin hərbi təhsil sistemi güclü və müasir tələblərə cavab verə biləcək ordunun yaradılmasında müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, hərbi sahənin inkişaf tendensiyasından asılı olaraq dəyişir. Bu gün hərbi təhsil sistemi ordunun inkişafını müəyyən edən strateji vəzifə kimi mühüm rol oynayır.
Hərbi təhsil sisteminin idarə olunması, hərbi təhsil sistemi iştirakçılarının hüquq və vəzifələri, hərbi təhsil sahəsində əsas prinsip və normalar xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrinə və "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə əsasən müəyyənləşdirilir. Həmin tələblərə əsasən, hərbi təhsilin milli zəminə və müasir hərbi dəyərlərə, tədris prosesinə əsaslanması, elmi-hərbi-dünyəvi xarakter daşıması, fasiləsizlik, çeviklik prinsiplərindən yararlanması günün tələbi kimi çıxış edir.   
Sürətli tərəqqi yolunda olan respublikamızda hərbi təhsil sisteminin Azərbaycan Ordusunun inkişafı çağırışlarına cavab verməsi yönündə yeni hədəflərin müəyyənləşdirilməsi, təhsilin və tədrisin keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda dayanır. Bu baxımdan Prezident, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiqlənməsi barədə 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabət qabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının hazırlanmasını və idarəedilməsini gerçəkləşdirən müasir təhsil, o cümlədən hərbi təhsil sisteminin yaradılması ön plana çəkilir. Eyni zamanda, bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən ümumi təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, bu sahədə çalışanların qarşısında yeni, məsul vəzifələr qoyulub.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan Təlim Məşq Poliqonunda olduq.
Təlim Məşq Poliqonunun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə yaxından maraqlandıq. Hərbi hissənin tədris işinə cavabdeh olan mayor Elnur Xudeynatov bildirdi ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur. Mövcud olan meydançalarda hərbi texnikanın istifadəsi ilə hərbi qulluqçular təlim məşq prosesinə cəlb olunurlar".
Söhbət əsnasında zabit Təlim Məşq Poliqonunun yaradılma məqsədindən də söz açdı: "Təlim Məşq Poliqonunun əsas məqsədi Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətini dərk edən, Vətənə və xalqına sadiq olan, xalqının milli-mənəvi dəyərlərinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən hərbi qulluqçuları yetişdirmək, eyni zamanda, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan, inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, silahı, hərbi texnikanı mükəmməl bilən mütəxəssis kadrlar hazırlamaqdır. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, ixtisasın daimi artırılmasını təmin edən Təlim Məşq Poliqonu Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığının, ümumilikdə Vətənin müdafiə qabiliyyətinin artırılması sahəsində yorulmadan çalışan hərbi qulluqçuların formalaşmasında mühüm rol oynayır".
"Təlim-tədris prosesində qarşımızda dayanan birinci məsələ hərbi qulluqçuların hazırlanması prosesidirsə, ikinci məsələ hava hücumunu və hava hücumundan müdafiəni təmin edən heyətlərin qiymətləndirilməsidir", - deyə zabit sözünə davam etdi. - Bunun üçün Təlim Məşq Poliqonunda tədris şöbəsi və bölmələr fəaliyyət göstərir. Təcrübəli müəllimlər tədris prosesinə cəlb olunub ki, onlar da müxtəlif ixtisaslar üzrə təhsil alan hərbi qulluqçuların formalaşmasında mühüm rol oynayırlar. Hərbi qulluqçular həftənin beş günü tədris prosesinə cəlb olunurlar. Tədris prosesinin sonunda onlardan həm nəzəri, həm də praktiki imtahanlar götürülür. Nəticədə bu prosesə cəlb olunan hərbi qulluqçuların qiymətləndirilməsinə imkan yaranır, eyni zamanda, onlar qazandıqları təcrübə əsasında keçmişdəki nöqsanları aradan qaldırırlar.
Zabit onu da bildirdi ki, qiymətləndirmə zamanı  praktiki uçuşlardan da istifadə edilir. "Prosesə cəlb olunan heyəti qiymətləndirərkən praktiki uçuşlara xüsusi diqqət yetirilir. Heyət üzvləri sonda həm təlim təyyarələrində, həm də döyüş təyyarələrində, bəzən də helikopterlərdə uçuşlar həyata keçirirlər".
Zabit tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə tətbiq olunan müasir texnologiyadan da söz açdı. "Bu gün praktikada elektron təlim vasitələrinin tətbiqi müasir təhsil sisteminin inkşaf etdirilməsində aparıcı amillərdən biridir. Bu səbəbdən Təlim Məşq Poliqonunda qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə olunması, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amildir".
Söhbətimiz başa çatdıqdan sonra zabitlə birgə Təlim Məşq Poliqonunun siniflərində olduq. Kapitan Teymur Mirzəyev bildirdi ki, Təlim Məşq Poliqonunda keçirilən dərslər imkan verir ki, tədris prosesinə cəlb olunan heyət gündən-günə yeniləşən hərbi rabitə vasitələrinin işini  mənimsəyə bilsin. "Rabitə vasitələri yeniləşdikcə mütəxəssislər də cavanlaşır, yəni, gənc nəsil bu yeniləşən hərbi rabitə vasitələrini təcrübədə öyrənir. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusunda istifadə olunan rabitə vasitələri nəinki düşmənlə müqayisədə, hətta bütün MDB məkanında müasirliyi ilə seçilir. Bu da onu göstərir ki, ordu quruculuğuna göstərilən diqqət çox əhatəlidir. Poliqonun kifayət qədər geniş biliyə və təcrübəyə malik olan əməkdaşları hərbi hissələrdə döyüş hazırlığının həmişə yüksək səviyyədə saxlanılmasında, müəyyən mənada, yardımçıdır...”
Müəllimlər mayor Xəyal Abdurəhmanov, mayor Nicat Manafov,  kapitan Elçin Qasımov, kapitan Elnur Əsədov da qeyd etdilər ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyev daima təhsil və tədris məsələlərini öz nəzarəti altında saxlayır. Onun nəticəsidir ki, Azərbaycan Ordusunun inkişafının müasir mərhələsində hərbi təhsil və tədris sahəsində aparılan işlər, o cümlədən Təlim Məşq Poliqonunda aparılan tədris prosesi qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, zabit, gizir heyətinin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının Vətənə, Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidentinə hədsiz sədaqət və daimi peşə hazırlığının inkişaf etdirilməsinə və tapşırılmış işə yüksək məsuliyyət hissinin tərbiyə edilməsinə yönəlib.
Mayor Məhəmməd ƏLİYEV
Fotolar çavuş Rəşad ƏMRAHOVUNDUR "Azərbaycan Ordusu"