Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

“Zəfərimizlə həmişə qürur duyuruq”

Polkovnik-leytenant Nicat Məhərrəmov Quba rayonunda anadan olub. Təbiətin gözəllikləri, ecazkarlığı insanın xarakterinə də hopur. Təbiətə sevgisi insanlara da, bu sevginin, deməli, bəşəri sevginin başlanğıcı olanlara da həmişə həsəd aparılıb. Buna təhsilin də, duyumun da, duyğuların da təsiri olur. Ailədə valideynlər, orta məktəbdə müəllimlər uşaqlara, yeniyetmələrə məhz belə xarakter aşılamaq istəyirlər. Bu xarakter gəncin əsl vətənpərvər kimi formalaşmasında əhəmiyyətli olur.
Nicat Məhərrəmov belə bir xarakterlə bitirirdi orta məktəbi. Gördüklərini gözlərinə, gözlərindən ürəyinə köçürürdü - aludəliklə, sevgilərlə, qürurla. Bunlar onun Vətən sevgisini kükrədirdi. O illərdə eşitdiyi bir şeirin, mahnının misralarını düşüncələrinə həmayil eləmişdi: "Bir anamdan, bir də səndən doya bilmirəm, ey Vətən!". Bu etiraf gələcəkdə yaşayacağı illərin işığına dönmüşdü... Digər həmyaşıdları kimi o da peşə seçimində bir qədər gec qərar vermişdi. Bu, peşələr arasında müqayisələrə görə deyildi, ürəyin hansı peşəyə meyilinin çoxluğunu müəyyənləşdirməyə görəydi. Belə məqamlarda tərəddüdlər, gümanlar əriyir, yox olur...
Tarix fənnini sevirdi, bu sevgiyə görə tarix dərsliklərini də, tarixə aid əlavə kitabları da maraqla oxuyurdu. "Tarix həm də dövlətçilik deməkdi, dövlətçiliyi isə hərbçilər qoruyur. Yəni, hərbçilər tarixin mühafizəkarlarıdı". Müəlliminin bu kəlmələri Nicatın peşə seçimində verəcəyi qərarın nidası kimi səsləndi; hərbçi olmağı qərara aldı. Sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. Onu valideynləri, müəllimləri, bir də qətiyyəti uğurladı...
Qəbul olundu.
Tamam başqa mühit, başqa tələblər...
Hərbi mundir könlünə yatırdı. Sevdi və bu sevginin zəmanəti ilə Hərbi Nizamnamələrin tələblərini də mənimsədi - öyrəndi, tədris olunan fənləri də. Tabor komandirinin də bir fikri könlünə yatmışdı: "Yaxşı kursant Hərbi Nizamnamələri də öyrənməlidi - öyrənir, fənləri də, xalqının tarixini də, ədəbiyyatını da, mədəniyyətini də". Oxuduq, öyrəndik. Hərbi xidmətimizi zabit olaraq davam etdirdik. Hərbi hissədə taqım komandiri kimi ali hərbi məktəbdə öyrəndiklərimizi əsgərlərə həvəslə, məsuliyyətlə öyrədirdik. Etiraf edim ki, öyrətmək həm də öyrənməkdir - "təkrar biliyin anasıdır deyiblər...", - polkovnik-leytenant Nicat Məhərrəmov belə dedi...
Vətən müharibəsi başladı...
Azərbaycan Ordusu döyüşə-döyüşə strateji əhəmiyyətli yüksəklikləri, kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi işğaldan azad edirdi. Polkovnik-leytenant Nicat Məhərrəmovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunmuşdu. O da döyüşürdü - tapşırılmış mövqelərdə döyüşü idarə edirdi...
Düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini Azərbaycan Ordusu darmadağın etdi, Suqovuşanı, Cəbrayılı, Füzulini, Zəngilanı, Şuşanı işğaldan azad etdi...
Noyabrın 8-i - Şuşanın işğaldan azad edildiyi gün Zəfər günü kimi tarixləşdi. Azərbaycan ordusu Zəfər qazandı -  torpaqlarını işğaldan azad etdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə polkovnik-leytenant Nicat Məhərrəmov "Azərbaycan Bayrağı" ordeni və "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. Əminik ki, polkovnik-leytenant Nicat Məhərrəmovun övladları atalarının hərbi xidmət uğurlarıyla hələ çox qürrələnəcəklər - ata sevgisi Vətən sevgisinin işığında çox aydın görünür...

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"