Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığında Zəfər amili

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu müharibə Ermənistanı işğalçı dövlət kimi tanıtsa da, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə (əslində, bu, münaqişədən daha çox, müharibə xarakterli idi) bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə təsir göstərə bilmədi. Ermənistan işğalçılıq siyasətini Azərbaycanın torpaqlarını öz əraziləriylə birləşdirməyə - işğal etdiyi Azərbaycanın ərazilərini tanıtmağa qərarlı idi. Ona görə də Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək təklifindən - danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda ikinci erməni dövlətinin yaranmayacağı qətiyyəti də onu niyyətindən çəkindirmirdi...
Azərbaycan əsgəri Vətən müharibəsinə kimi ön xətdə, səngərlərdə Ali Baş Komandanın verəcəyi döyüş əmrini gözləyirdi. O vaxtlar ezamiyyətlərdə səngərlərdə əsgərlərlə söhbətlərdə ən çox döyüş əzmindən, qələbə ruhundan danışardıq. Əsgərlərin fikirləri mənim də düşüncələrimi özünə cəlb edirdi. Bu cəlbetmə inam idi, etibar idi, etimad idi. Bir dəfə ön xətdə, Ağdam istiqamətində səngərdə əsgərlərdən biri demişdi: "Döyüş əmri verilənə kimi tərxis olunmaq fikrində deyiləm, yəni, xidmətimi elə bu hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmək niyyətindəyəm. Mən mütləq qələbənin əsgəri olacağam". Əsgərin dedikləri bizi də, zabiti də duyğulandırmışdı. Vətən müharibəsi başlayanda həmin əsgərin də döyüşdüyünə, həm də qətiyyətlə, mərdliklə döyüşdüyünə əminəm.
Azərbaycanda ordu quruculuğuna dövlət həmişə xüsusi diqqət göstərib. Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı məhz bu amillə bağlıdır. Ordunun ən müasir silahlarla, döyüş texnikalarıyla, atıcı silahlarla təchiz edilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, müxtəlif təyinatlı, müxtəlif səviyyəli təlimlər ordunun gücünü, qüdrətini artırmışdı, ordu-xalq münasibətləri arzulanan səviyyədəydi, xalq Prezidentinə inanır, ordusuna güvənirdi. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Vətən müharibəsindən əvvəl ön xətdə keçirilən "Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri!" - geniş tərkibli kütləvi vətənpərvərlik tədbiri də bunun ifadəsiydi.
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Vətən müharibəsindən əvvəl də belə olub, Vətən müharibəsində də. İndi də belədir.
Vətən müharibəsində əsgər yaralandığını niyə gizlədirdi, niyə demirdi? - qələbə gününə kimi döyüşmək üçün. Bu, əsgərin, həmin əsgərin timsalında Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi xidmət amalı idi. Bu amal onları Qələbəyə aparırdı. Neçə yüngül və orta dərəcəli yaralı əsgər hospitalda sonacan müalicə olunmaqdan imtina etmişdi, döyüşlərə qayıtmışdı. Neçə əsgər yaralı döyüşçünü döyüşdən çıxardanda şəhid olmuşdu...
İşğalçı dövlət həmişə daha çox ərazi zəbt etməyə həvəslənir. Bu niyyətini gerçəkləşdirmək üçün hərbi əməliyyatlarını davam etdirir. 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən ərazilərimizə hücumunun da məqsədi bu idi. Düşmən hücuma keçəndə arsenalında olan silahları onun işğalçılıq siyasətinə ya gizlin, ya da aşkar havadarlıq edənlərin ümidlərini nəzərə almışdı, ancaq Azərbaycan Ordusunun gücünü, qüdrətini, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu nəzərə almamışdı. Ona görə də Vətən müharibəsində güman etmədiyi səviyyədə ağır məğlubiyyətə uğradı. Onu bu vəziyyətə salan amillərdən biri də Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığı, vətənsevərliyi, dövlətə, dövlətçiliyə sədaqəti idi...
2020-ci il sentyabrın 27-də düşmənin hücumunun qarşısı alındı, Vətən müharibəsi başladı...
Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər qazandı - torpaqlarımız işğaldan azad edildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qazanılan Zəfər haqqında dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Vətən müharibəsində döyüşən, bu Zəfəri qazanan əsgərlər indi tərxis olunublar. Onların döyüş təəssüratlarını böyük maraqla, həvəslə, həsədlə dinləmiş yeniyetmələr - çağırışçılar indi əsgərdilər. Dövlətimizin ərazi bütövlüyünü onlar qoruyurlar. Onların Vətən müharibəsi haqqında bilgiləri hərbi xidmətdə genişlənir. İstər Vətən müharibəsində iştirak etmiş zabitlərin rəsmi, qeyri-rəsmi söhbətləri, istərsə də ictimai-siyasi dərslər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını Zəfər səviyyəsində yüksəltməyə qadirdir. Belə söhbətlərdə tarixilik, xatırladılan tarixi hadisələrin, qəhrəmanlıqların mahiyyətinin şərhi, hərbi hissədə Vətən müharibəsi iştirakçılarıyla - qazilərlə görüşlərin, tematik gecələrin, viktorinaların təşkili də olduqca əhəmiyyətli olardı. Əsgər Suqovuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın, Ağdamın, Kəlbəcərin, Laçının nə vaxt azad olunduğunu bilir, necə azad olunduğu haqqında məlumatları bəlkə də səthidir. Bunu "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar"... - kimi faktlarla genişləndirməklə əsgər düşüncələrini Vətənlə, hərbi xidmətlə daha möhkəm tellərlə bağlamaq mümkündür, həm də zəruridir.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığında zəfər amili çox əhəmiyyətlidir...

Məhəmməd NƏSİRLİ “Azərbaycan Ordusu”