Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

“Bayrağımızı Konya səmasında dalğalandırmağımla fəxr edirəm”

İstər müharibə, istərsə də sülh dövründə hərbi təlimlərin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması baxımından önəmi əvəzedilməzdir. Bu gün Azərbaycan Ordusu müxtəlif formatlı təlimlərə üstünlük verməklə döyüş hazırlığını lazımi səviyyədə saxlamağa çalışır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən genişmiqyaslı təlimlərin bəhrəsini Vətən müharibəsində əməli şəkildə gördük. 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatında Azərbaycan Ordusu təlimlərdə əldə etdiyi təcrübəni döyüş meydanında tətbiq edərək düşməni darmadağın etdi. İllərdir həsrətində olduğumuz tarixi və əzəli torpaqlarımız işğaldan azad olundu. Əməliyyatlar zamanı qoşunların qarşılıqlı fəaliyyətinin effektivliyi və idarəolunması bir daha sübut etdi ki, keçirilən intensiv təlimlər günümüzün tələbi, ordu quruculuğunda əhəmiyyət kəsb edən əsas amillərdən biridir.
Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2021" beynəlxalq təlimləri keçirildi. Təlimlərdə hərbi qulluqçularımız fəal iştirak etdilər, müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirdilər. Paraşüt hazırlığı üzrə keçirilən məşqlərdə üçrəngli bayrağımız Konya səmasında dalğalandırıldı. Bu qürurverici vəzifəni icra edən ordumuzun hərbi qulluqçusu gizir Cavid Abdullayevi yaxından tanımaq, keçirdiyi hissləri qələmə almaq məqsədi ilə onunla həmsöhbət olduq.
Gizir Cavid Abdullayev 1986-cı ildə Kürdəmir rayonunda hərbçi ailəsində anadan olub.
Şəhid Rüstəm Quliyev adına Kürdəmir rayon 5 nömrəli orta məktəbdə təhsil alıb.
Cavid hərbçi olmağından söz açaraq bildirdi ki, bu şərəfli və çətin peşə seçimində atası Oktay müəllimin rolu böyükdür. "Atam ehtiyatda olan hərbçidir. Uşaq yaşlarımda onu hərbi mundirdə görəndə qürurlanırdım. Valideynlərim bizi vətənpərvərlik ruhunda tərbiyə edirdi. Vətənə bağlılıq hissini aşılayırdılar. Kiçik yaşlarımdan atam mənə Birinci Qarabağ müharibəsindən, ermənilərin xalqımızın başına açdığı faciələrdən danışardı. Atamın bu söhbətləri məni onun kimi hərbçi olmağa, xain ermənilərdən soydaşlarımızın qisasını almağa səsləyirdi. Nəhayət, zaman yetişdi. Əsgəri xidmətimi başa vurduqdan sonra ordu sıralarında qalmaq, Vətənə övladlıq borcumu yerinə yetirmək qərarına gəldim. Bu istəyimi valideynlərimə bildirdikdə hamı mənim fikrimə müsbət yanaşdı. Lakin atamın sevinci tamam başqa idi. Övladının ata yolunu davam etdirməsi, hərbçi olmaq arzusu onu həddindən artıq qürurlandırmışdı. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursunu bitirdikdən sonra Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmətə başladım. Daha sonra 2008-ci ildə "Gizir hazırlığı" kursunun dinləyicisi oldum".
Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu olan Cavid, həmçinin 2019-cu ildə Türkiyənin Ankara şəhərində "Hərbi sərbəst paraşüt" kursunu bitirdiyini də qeyd etdi.
Cavid Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2021" beynəlxalq təlimində paraşüt hazırlığı üzrə keçirilən məşqlərdə üçrəngli bayrağımızı qardaş ölkənin səmasında dalğalandırmağıyla qürur və sevinc hissi keçirdiyini bildirdi. "Təlimdə paraşüt hazırlığı üzrə məşqlərdə bayrağımızı dalğalandırmaq kimi qürurverici bir vəzifə mənə həvalə olundu. Bu hissi sözlə heç cür izah edə bilmərəm. Bu duyğunu yaşadığıma və üçrəngli bayrağımızı Konya səmasında dalğalandırmağımla fəxr edirəm".
İxtisasca paraşütçü-təlimatçı olan hərbi qulluqçumuz öz peşəsi ilə bağlı bəzi fikirləri də bizimlə bölüşdü. "Paraşüt bir obyektin atmosferə açıq bir mühitdə havanın qaldırma qüvvəsindən istifadə edərək yavaşca enməsini təmin edən vəsaitdir. Uçuş təlimləri keçən paraşütçülər istənilən hava şəraitində, yüklə və yüksüz mürəkkəb tullanma əməliyyatlarını həyata keçirmək bacarığına malikdirlər. Məşqlərin keçirilməsində əsas məqsəd isə paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır. Məşqlər paraşüt-uçuş vərdişlərinin artırılması, həmçinin hərbi qulluqçunun qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməsini təmin etmək məqsədini də daşıyır".
Söhbət əsnasında Cavidin həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu öyrəndim. O, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
"Tarix boyu xain əməllərindən əl çəkməyən düşmən ötən il sentyabrın 27-də yenidən genişmiqyaslı təxribata əl atdı. Bölmələrimiz həyəcan siqnalı ilə qaldırılaraq əks-hücuma başladılar. Bir yumruqtək birləşib ermənilərin üzərinə yeridik. Kəndlərimizi, qəsəbələrimizi, işğal altında olan torpaqlarımızı düşməndən azad etdik. 44 gün davam edən hərbi əməliyyatlarda ermənilərin nə qədər aciz və zəif olduğunu bütün dünyaya göstərdik. Azərbaycan Ordusu regionun ən güclü ordusu olduğunu sübut etdi. Uzun illərdən sonra artıq bu gün işğaldan azad edilmiş doğma yurd yerlərimizdə üçrəngli bayrağımız fəxarətlə dalğalanır. Vətən müharibəsində döyüş yoldaşlarımdan şəhid olanlar da oldu. Onların qisasını düşməndən layiqincə aldıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm", - deyə Cavid Abdullayev bildirdi.
Onu da qeyd edək ki, Cavid Abdullayev döyüşlərdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Doğrudan da, təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında, güclənməsində başlıca rol oynayır. Bu gün müasir silah-sursatla təchiz olunan, keçirilən genişmiqyaslı təlimlərlə öz döyüş qabiliyyətini gündən-günə artıran Azərbaycan Ordusunun şəxsi heyəti Aprel döyüşlərində, Günnüt əməliyyatında, Vətən müharibəsində olduğu kimi dövlətin və xalqın inamını, etibarını hər addımda doğrultmağa, Müzəffər Ali Baş Komandanımız tərəfindən verilən istənilən əmri uğurla yerinə yetirməyə hazır və qadirdir.

Samir HÜSEYNOV Müdafiə Nazirliyi Mətbuat Xidməti