Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

Böyük Zəfər qazandın, Azərbaycan əsgəri!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
"Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

Bütün müharibələr torpağa, əraziyə görə başlayır. Müharibə işğalçılıq niyyətidir. Ermənis-tan da Azərbaycana qarşı elan etmədən müharibəyə bu niyyətlə başlamışdı.
ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin, BMT-nin Təhlükəsizlik Şurasının həll edə bilmədiyi problemi Azərbaycan Ordusu həll etdi. Ermənistanın müxtəlif səviyyələrdə, müxtəlif formatlarda aparılan danışıqlardan yayınması regionda siyasi, hərbi, geosiyasi vəziyyəti daha da kəskinləşdirirdi. Bu kəskinləşmə təkcə siyasi müstəvidə deyil, təmas xəttində də ciddi qarşıdurmalar yaradırdı. İşğalçı dövlət (Ermənistan) status-kvonu davam etdirmək, işğala məruz qalmış dövlət (Azərbaycan) işğalı sonlandırmaq istəyirdi. Belə qarşıdurmalar işğalçılıqla vətənsevərliyin qarşıdurması kimi təzahür edirdi. Atəşkəsə əməl etməyən düşmən istər Ermənistanla Azərbaycan sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycan ərazilərini iriçaplı atıcı silahlardan, artilleriya qurğularından atəşə tuturdu. Azərbaycan Ordusunun hissələri cavab atəşi ilə düşməni susdururdu. Bəzən düşmənin müxtəlif səviyyəli, müxtəlif xarakterli atəşləri təxribat məqsədi ilə aparılırdı.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün ordu hissələrimiz cavab məqsədilə Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində ciddi hərbi tədbirlər görürdü. Düşmənin hücumu dayandırıldı, döyüşçülərimizin qətiyyətli əks-hücumu nəticəsində 4 gün davam edən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlı kəndi və Madagiz (Suqovuşan) kəndi istiqamətindəki yollar düşməndən azad edildi.
Əks-hücum zamanı düşmənin çoxlu sayda tank və artilleriya qurğusu, eyni zamanda, möhkəmləndirilmiş mühəndis qurğuları dağıdıldı, hərbi qulluqçuları məhv edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşdə dedi: "Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır"...
Bu əməliyyat təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqları işğaldan azad etməyə qadirdir.
Bu döyüşlər Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının səviyyəsinin daha da yüksəldilməsini də təmin etmişdi. Döyüşlərdən sonra təmas xəttində söhbətləşəndə əsgərlər deyirdilər ki, bu qələbələr Böyük Qələbəmizin başlanğıcıdır. Yəni, Azərbaycan əsgərinin bir istəyi vardı: torpaqlarımızı işğaldan tamamilə azad etmək! Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazır idi.
2020-ci ilin iyulunda Ermənistan silahlı birləşmələri Tovuz rayonu istiqamətindən dövlət sərhədlərimizi pozdu. Ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə aldı. Düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu...
İstər 2016-cı ilin Aprel döyüşləri, istərsə də 2020-ci ilin İyul döyüşləri düşmənin mövcud status-kvonu saxlamağa, buna görə də istər dövlət sərhədlərində, istərsə də təmas xəttində gərginliyi saxlamaqla münaqişənin həllini çıxılmazlığa salmağa xidmət edirdi.
2016-cı ilin Aprel döyüşlərindən sonra əsgərlərin döyüş əzmi, qələbə ruhu mənə də bir əminliyi böyük qürurla yaşatmışdı: Biz qalib gələcəyik, torpaqlarımız işğaldan azad ediləcək!
2020-ci ilin payızında Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə xeyli fəallaşmışdı. Bu fəallaşma özünü sentyabrın 27-də büruzə verdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlə-
dən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur".
Ordu hissələrimiz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kimi kəlamları dünya ictimaiyyətinə bir reallığı xatırlatdı: Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edəcək! Bu bəyanatlar işğalı sonlandıracaq sonuncu güllənin atılacağı günün uzaqda olmadığını bildirirdi.
Döyüşən ordu xalqın mənəvi dəstəyini hiss edirdi, duyurdu, görürdü. Bunlar onun döyüş əzmini, qələbə ruhunu kükrədirdi.
Azərbaycan əsgəri düşmənin illərlə möhkəmləndirdiyi müdafiə səddini darmadağın etdi. Düşmən ağır itkilər verirdi, məğlubiyyət ərəfəsində olduğunu dərk etsə də, müqavimət göstərirdi. Əsgərlərimiz döyüşə-döyüşə irəliləyir, kəndləri, şəhərləri işğaldan azad edirdi. Xalq sərkərdəyə inanırdı, orduya inanırdı. Bu qələbələri böyük coşqu ilə yaşayır, Zəfərin uzaqda olmadığına inanırdı.
Düşmənin ordusu darmadağın edildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!". Müzəffər sərkərdənin kəlamları qazanılan Zəfərin qürurunun müqəddəs qürur olduğunun təsdiqi kimi yaşanıldı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında tarixi görüşdə "Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir", - dedi. Bu kəlamlar Azərbaycan-Türkiyə arasında münasibətlərin Vətən müharibəsində də müqayisəyəgəlməz qardaşlıq münasibəti olduğunun təsdiqidir. Əməkdaşlarımız əsgərlərlə söhbətlərində bu mətləbdən də söz açırlar, onların düşüncələrini bu tarixi qardaşlığın mahiyyətinə köklənməsinin cəfakeşləri olurlar.
Azərbaycan Ordusu düşməni məğlub etdi, torpaqlarımız işğaldan azad edildi.  Əməkdaşlarımız Vətən müharibəsində üç səyyar informativ qəzet-bülletenin nəşrində, qəhrəmanlıqlar, qəhrəmanlar haqqında xronikaların hazırlanmasında da yaxından iştirak etdilər. Belə xronikalar həm də xatirələrlə, təəssüratlarla yaradılır. Bu mənada, Silahlı Qüvvələr Günü ərəfəsində Vətən müharibəsində iştirak etmiş hərbi hissələrdən birində keçirilən "Böyük Zəfər qazandın, Azərbaycan əsgəri!" mövzusunda disput-söhbət də Vətən müharibəsi ilə bağlı faktların, hadisələrin tarixləşdirilməsi üçündür...

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"

 

* * *


...Günün nizam qaydalarına görə asudə vaxt saatlarıdı. Belə saatlar da kifayət qədər yüksək səviyyədə formalaşmış vətənpərvərliyin yeni bilgilərlə, məlum bilgilərin xatırlanmasıyla, əlaqələndirilməsiylə ötüşür. Bu baxımdan asudə vaxt saatlarına mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində maarifləndirmə prosesi də deyə bilərik. Hərbi hissənin zabiti Əli Hüseynov fikrimizlə razılaşır. "Deyiblər eşitmişik, deyirik eşitsinlər", - zabit belə deyir. Əsgər Mirəli Cəfərov bu gözəl kəlamı analoji kəlamla tamamlayır: "Öyrədiblər - öyrənibsiniz, öyrədirsiniz - öyrənirik". Bu qısa mükalimələşmə hamımıza könül xoşluğu verir. Əsgərin təkcə hərbi bilikləri, hərbi səriştəni, hərbi vərdişləri nəzərdə tutmadığına zərrəcə şübhəmiz yoxdu. Milli mentalitet haqqında, xalqımızın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti haqqında məqamında (və məqsədyönlü!) deyilənlər də öyrətmə deməkdi.
Azərbaycan Ordusu Vətən müharibəsini Zəfərlə tamamladı. Vətən müharibəsi haqqında bu müharibənin iştirakçılarından eşitdiklərimə də müharibənin tarixi deyirəm; tarix yazanların sırasında olanların əhatəsindəyəm. Eşidəcəklərimiz eşitdiklərimizi fakt (hadisə) baxımından zənginləşdirəcək.
- Yaralanmış əsgər yaralandığına deyil, döyüşlərdən uzaqlaşdırıldığına təəssüflənirmiş. Yaralandığını gizlətmək istəyənlər də olurmuş. Döyüşdə əsgər Qasımov ayağından yaralanıbmış, yarasını özü sarıyaraq döyüşü davam etdirirmiş, yaralı ayağına qəlpə dəyibmiş. Neçə saat yaralı-yaralı döyüşüb. Bu, döyüş əzmiydi, qələbə ruhuydu. Vətən müharibəsi belə döyüşənlərin, belə döyüşlərin müharibəsiydi. Ona görə ordumuz qüdrətli tarix yazdı, - bunu əsgər Ayxan Kazımzadə xatırladır. Belə xatırlatmaları həmişə müharibənin gedişində də eşitmişdik, Zəfərdən sonra da. Həmişə də düşüncələrimiz bir inamın işığından barınmışdı: döyüşçülər qələbə ruhu ilə döyüşüb, hamısı son döyüşün iştirakçısı olmaq istəyib...
Azərbaycan Ordusu döyüşə-döyüşə qələbə qazanırdı. Azərbaycan əsgərinin döyüşləri qüdrət döyüşləriydi...
Cəbrayılın Soltanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən əməliyyatda döyüşçülərimiz yuxarı istiqamətdən hücum etmək istəyəndə düşmənin şiddətli və davamlı atışına məruz qalıblar. Namik, Vətən, Tural yaralananları çiyinlərinə alıb döyüşün içindən çıxardanda aralarına minaatan mərmisi düşüb. Qəlpə yaraları alsalar da, yaralıları təhlükəsiz yerə çıxara biliblər, - əsgər Zaynal Bağıyevin dedikləri Mərdanın fikirlərinin davamı təsirindədi, fikir fikri tamamlayır...
Zabit Əli Hüseynovun xatırlamasını da Azərbaycan əsgərinin mənəvi kamilliyi bilirik; zabit döyüşdə yaralanmış əsgərdən söz açır: "Əsgər yaralandığını gizlədirmiş. Özü-özünün yarasını sarıyaraq döyüşləri başa çatana kimi döyüşüb. Qələbə qazanılandan sonra bilinib. Yarasının düz-əməlli sağalmasını gözləməmişdi, döyüşənlərin sırasına qatılmışdı...".
Zabit Mirəli Cəfərov Şuşa uğrunda getmiş döyüşlərdən söz açır, illərlə (və əbədiyyən!) yaddaşlarda (və tarixdə!) qalacaq bu döyüşlər haqqında deyilmişləri həmişə yenicə eşidirikmiş kimi dinləyirik. Bu döyüşləri vətənsevərliyin işğalçılıqla son (və qəti!) döyüşü bilənlərin sırasında biz də varıq. Rusiyalı jurnalistin bu döyüşlər haqqında dedikləri bizə qürur gətirir, düşmənə, düşmənin havadarlarına baş töhməti: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar"...
Rusiyalı jurnalistin Şuşa döyüşləri haqqında dediklərini "Şuşa işğaldan necə azad edildi?" sualına ən məntiqli cavab hesab edirəm: döyüşçülərin gücü ilə, qüdrəti ilə, dözümlülüyü ilə, Vətən sevgisi ilə, dövlətə, dövlətçiliyə sədaqətiylə, ... Şuşanın relyefinə bələd olanlar bu döyüşlərin nəticəsi olan qələbəni möcüzə adlandırırlar. Bu möcüzə müqəddəsliyə sədaqətin möcüzəsidir. Azərbaycan Respublikasının Prezidenti Şuşanın işğaldan azad edilməsinin timsalında Vətən müharibəsi haqqında dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Əsgər Daşqın Feyzullayev Ermənistanın işğal edilmiş rayonlarımızda düzəltdiyi maneələr zolağından, mühəndis-istehkam sistemindən, bu baxımdan ermənilərin "Ohanyan səddi" adlandırdığı sədlərdən söz açır və Azərbaycan Ordusunun bunları darmadağın etdiyini bildirir: "Vətən müharibəsində Azərbaycan Ordusu böyük Zəfər qazandı. Düşmən işğal etdiyi ərazilərdə bundan da möhkəm sədlər yaratmış olsaydı belə, əsgərlərimiz onu çığnayıb keçərdi".
Bu əminlik əsgərlərin gözlənilən qüruruna dönür.
Əsgər Xəyal İbrahimov Vətən müharibəsinin qəhrəmanlarından, qəhrəmanlıqlardan danışır. Şəhid qardaşı Röyalı da xatırlayır. Əsgər Əziz Əjdər onun fikirlərini bir ürək tutumunca, sevgilərlə tamamlayır, bu tamamlama da qürurdu, Vətən müharibəsində qazanılmış zəfərin zərrəsi olan bu qürur söhbətin davamının başlanğıcına dönür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində xalqa müraciətində dediyi bir fikri xatırladıram: "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır".
Əsgər Murad Xanıyev əsgər Röyal İbrahimovun döyüşlərdə iştirakından, qətiyyətindən, qorxmazlığından, şəhidliyindən söz açır: ".... düşmənin sağ cinahdan gücləndiyini hiss edəndə atışa-atışa o tərəfə irəlilədi. Düşmən bunu duyubmuş. Az sonra yaxınlığına mərmi düşdü. Onun döyüşü də, şəhidliyi də sonrakı döyüşlərdə bizim döyüş əzmimizi də kükrətdi, qələbə ruhumuzu da. Həmin gün düşmənin sayca üstün qüvvələrini darmadağın etdik. Döyüşçülər bu mövqe qələbəsini şəhid Röyal İbrahimovun ruhuna ad etdilər".
- Qruplar Şükürbəylidə azad etdiyimiz əraziyə toplanıb. Bir saat keçməmiş düşmən Şükürbəylini artilleriya atəşinə tutub. Döyüşçülər dərhal qalın divarlı tikiliyə giriblər. Bura artilleriya atışlarından müdafiə olunmaq üçün nisbətən təhlükəsiz idi. Düşmən atışa ara verən kimi Emil Ahəngari ilə Dövran Dadaşov Azərbaycan bayrağını  ərazidəki rabitə dayağına asıblar. Qürur hissi, torpaqların işğaldan daha tez azad edilməsi istəyi hamını sonrakı əmrlərin yerinə yetirilməsinə yönəldib, - zabit Əli Hüseynov mətbuatdan oxuduğu bir döyüş epizodunu xatırladır. Bu xatırlatma əsgər Vahid Məlikovun da  yaddaşında varmış:
- Heç kim tamam su içində olduğuna məhəl qoymurdu. 28 il doğma nəfəsə tamarzı qalan torpaqda ağacların barını görüncə bir qədər kövrəldilər... Bu kövrəklik sonrakı döyüşlərin qələbə ruhuna qarışacaqdı...
Zabit Əli Hüseynov əsgərlərin dediklərini bəyənir və bu şücaət müqabilində düşmənin döyüşənlərinin dediklərini xatırladır:
- Xorvatiyadan könüllü gəlmiş muzdlu belə deyir: "Əvvəlcə şimalda döyüşdüm, sonra bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orada anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca başqa bir qrup gəlirdi...". Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləməyə davam edirdilər".
Zabit "Azərbaycan əsgəri belə əsgərdi!" - deyir. Biz əsgərlərə xitabən "Siz belə əsgərlərsiniz!", - deyirik. Zabit qürurla, böyük ehtiramla əsgərlərə baxır. Bu baxışların eynini Vətən müharibəsində mövqe döyüşü ərəfəsində də görmüşdük. O baxışlarla bu baxışlar arasındakı doğmalıq bizə qədərsiz könül xoşluğu verdi. Bu, Zəfərin hökmü idi, bu, qalib əsgərlərin əhatəsində olmağın qüdrətiydi...
Elvin Şükürlüdən danışırdı. Hər kəlmədə qürur, hər kəlmədə qürurqarışıq qəhər vardı:
- Döyüşmək, qələbə qazananların sırasında olmaq istəyirdi. Əks-hücum əməliyyatı başlayanda gözdolusu əsgərlərə baxıb. Əsgərlərin tündləşən baxışlarından aldığı mətləb könlünü telləndirib. Əsgərlərə xitabən, "Siz qalib gələcəksiniz!" - deyib. Əsgərlər belə bir zabitin döyüş yolunu qətiyyətlə davam etdiriblər...
Onu da deyirdilər ki, Elvin Şükürlü Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlayıb. Düşmənlə qarşılaşdıqda, güman ki, atışmağa imkan olmayıb. Elvin dörd düşmənlə əlbəyaxa döyüşüb. Dördünü də məhv edib. Əsgərlərimiz döyüşü belə bir döyüşün, belə bir şəhidliyin ruhu ilə davam etdiriblər.
- Sizin babalarınız Birinci Qarabağ müharibəsində döyüşüblər. Onların döyüş xatirələri də tarixdir. Siz bu tarixi də böyük maraqla dinləyə-dinləyə böyüyübsünüz, yəni, müharibənin nə olduğunu uşaqlığınızdan bilirsiniz. Mənə elə gəlir ki, o anlarda hamınız daha tez böyüməyi arzulayıbsınız. Elədirmi, əsgər Şəkərzadə? - zabit əsgərləri fəallaşmağa, polemikada daha yaxından iştiraka həvəsləndirir. Əsgərlərin baxışlarında doğmalığa söykəkli maraqdan dikələn təəssüratlar görünür.
Əsgərlər maraqla dinləyirlər. Onlar söhbətləri bitər-bitməz bizə baxardılar. Yəni, böyüyəcəksiniz, Ali Baş Komandanın döyüş əmri sizin hərbi xidmət dövrünüzə düşsə, bizim döyüş yolumuzu başa çatdırın. Vətən müharibəsi başlayanda xəyalən babama dedim ki, mən də döyüşçüyəm, mən də sizin arzuladığınız kimi döyüşəcəyəm, Ali Baş Komandanın əmrini qələbə ilə başa çatdıracağıq. Azərbaycan əsgəri qətiyyətlə döyüşdü...
- Qəzetlər, televiziyalar hər döyüşü vətənsevərliyin döyüşü adlandırırdı, etiraf edim ki, bu adlandırma döyüşənlərə xoş gəlirdi, - zabit belə deyir.
- Döyüşlər Azərbaycan əsgərinin qələbə ruhunun, xalqın dövlətçilik ruhunun döyüşüydü, - belə deyirik. Əsgərlərin baxışlarında işığa dönən qüruru Zəfərin işığı bilirdik. Bu işıq 28 illik işğalı külə döndərən işıq idi, bu işıq səngərləri sərhədlərə köçürənlərin vətənsevərliyinin işığı oldu, bu işıq göy üzündə şükranlıqla dolaşan şəhid ruhlarını sabahlara bağlayan işıq kimi əbədiləşdi. Bu işıq Azərbaycan əsgərinin düşmənin illərlə möhkəmləndirdiyi, müxtəlif üsullarla təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi, keçilməzlik iddiasını külə döndərdi...
Zabit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikri xatırladır: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq". Bu xatırlatma hamımıza noyabrın 8-ni, Zəfər gününü xatırladır, xalqın coşqusunu, bu coşqunun sərhədlərimizdən kənarda səslənişini xatırladır.
Bu xatırlatma 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kəlamları yada salır: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır".
Eyni sevgilərlə Şuşa Bəyannaməsini xatırlayırıq. Zəfərin təntənəsi kimi imzalanan bu gərəkli sənəd Türkiyə ilə Azərbaycan arasında qardaşlığın müqəddəslik sənədidir. Hiss olunur ki, hərbi hissədə əsgərlərlə aparılan söhbətlər, keçirilən siyasi dərslər yüksək səviyyədə təşkil olunur. Şuşa Bəyannaməsi imzalananda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq", - fikirləri xatırladan zabit Əli Hüseynov deyir ki, bunları əsgərlərimizə sabah deməyi qərara almışdım. Dövlətçilik üçün dəyərli kəlamları öz məqamında demək daha əhəmiyyətli olur.
Əsgərlərin əhatəsində Şuşa Bəyannaməsini Böyük Zəfərin davamı kimi xatırlayırıq.
Söhbətimiz Şuşa Bəyannaməsi ilə davam etsə də, sonacan Zəfərdən danışılır, bu Bəyannamənin də Zəfərin Bəyannaməsi olduğu qeyd edilir...
...Söhbətimiz Azərbaycan əsgərinə xitabən "Böyük Zəfər qazandın, Azərbaycan əsgəri!" qüruruyla tamamlanır...

Ceyhun CƏFƏRLİ, Rəşid HÜSEYNOV
foto Coşqun CƏFƏROVUNDUR "Azərbaycan Ordusu"