Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2021 10:00

Qardaşlığın gur səsi - Şuşa Bəyannaməsi!

Tarix yaşanılmış illər olsa da, yaşadılmalı hadisələrin də zaman göstəricisidi.
Xalqımızın tarixi ilə bağlı tarixlər, tarixi hadisələr böyük vətəndaşlıq heysiyyətiylə, məsuliyyətlə, sevgilərlə yaşadılır. 1918-ci il mayın 28-ni də unutmuruq, 1920-ci ilin 28 aprelini də, 1990-cı ilin 20 yanvarını da, 1991-ci ilin 18 oktyabrını da, 1992-ci ilin 26 fevralını da unutmuruq, 1993-cü ilin yanvarını - Horadiz əməliyyatını da. Şuşanın, Kəlbəcərin, Füzulinin, Zəngilanın, Laçının, Qubadlının, Cəbrayılın, Ağdamın işğalını da unutmuruq, bu rayonların, Şuşanın işğaldan necə azad edilməsini də unutmayacağıq. 2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi parad da, bu paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da, paradda dedikləri də unudulmayacaq: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır".
Yüz il əvvəl Nuru paşanın komandanlığıyla Qafqaz İslam Ordusu Bakını ermənilərdən təmizlədi. O tarixdən yüz il sonra Türkiyənin qardaşlıq dəstəyi ilə Azərbaycanın torpaqları işğaldan azad edildi...
Yüz il əvvəl Qars müqaviləsi imzalandı... O müqavilədən yüz il sonra ruhumuzun şəhəri olan Şuşada Türkiyə və Azərbaycan dövlətləri arasında Şuşa Bəyannaməsi imzalandı.
Qars müqaviləsi sabiq SSRİ-nin tərkibində olsa da, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi gücünün formalaşmasında əhəmiyyətli tarixi sənəd oldu. Qars müqaviləsi Naxçıvanın statusunu birdəfəlik həll etdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında deyib: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".
Şuşa Bəyannaməsi 2020-ci ilin noyabrın 8-ni Zəfər kimi tarixləşdirən qüdrətin davamıdır. İlham Əliyev dedi: "Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik". Bu bəyanat ordusu tamamilə dağılmış Ermənistanı da, onu dəstəkləyən dövlətləri də ciddi düşündürməlidi. Vətən müharibəsində dünya Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərinin döyüş əzmini, qələbə ruhunu gördü. Onu da gördü ki, bu xalq üçün Vətən müqəddəsliyi var, Vətən müqəddəsliyini qorumaq üçün şəhidlik müqəddəsliyi var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər işğalçı dövlətin də, liberal dövlətlərin də siyasətinin səmtini bəşəriliyə yönəldir: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu qüdrət, bu qətiyyət Zəfərin haləsi oldu. Bu Zəfər Şuşada möhtəşəm "Xarıbülbül" musiqi festivalının işığı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə  Ərdoğanı Şuşada qarşıladılar. Bu duyğusal rəsmi görüş (həm də Şuşada!) qarşılıqlı ehtiram görüşüydü, dünya ictimaiyyətinin diqqətini çəkən görüşüydü, Türkiyəyə və Azərbaycana ehtiramı olan dövlətlərə könül xoşluğu yaşadan görüşüydü, "Bir millət, iki dövlət" qürurunun görüşüydü, türkün qardaşı türklə görüşüydü...
Şuşa Bəyannaməsi tarixi bəyannamədi... Türkiyə ilə Azərbaycanın üçüncü dövlətdən təhlükə olarsa, bir-birini qoruyacağını bəyan edən bəyannamədi... Bu Bəyannamə 30 il çəkən işğalı sonlandıran qüdrətin bəyannaməsidi...
Üçtərəfli bəyanatdan sonra Zəngəzur dəhlizi haqqında fikirlər haçalandı, özünün düşüncəsiyləmi, yoxsa öyrədildiyinə görəmi, hər nədirsə, Ermənistan bu maddənin yerinə yetirilməsini bütün siyasi imkanlarıyla ləngitmək, aradan qaldırmaq istədi. Ermənilik hələ də imzalanmış, razılaşdırılmış sənədləri gücdən, qüvvədən salmaq niyyətində olduğu vaxtlarda imzalandı Şuşa Bəyannaməsi. Həm də Şuşada ikitərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq". Bu əminlik erməniliyin düşüncələrinin tufanına, istəyinin sunamisinə dönəcək.
Yüz il əvvəl Nəriman Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə təbrik etdiyini bildirir və sonra əlavə edirdi: "Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik". Tarixi faktlar təsdiqləyir ki, bu sənəd təkcə Azərbaycanın Türkiyəyə münasibətini göstərmir, eynilə Türkiyənin də Azərbaycana münasibətini göstərir.
Şuşada Türkiyənin konsulluğu açılacaq. Bu, olduqca ciddi və yüksək etimada söykənən ehtiramdır. Yəni, Türkiyə Şuşa amilinə böyük siyasi (və mənəvi!) önəm verir...
Qardaşlığın gur səsi - Şuşa Bəyannaməsi dünyaya deyir ki, bu qardaşlığa zaval yoxdu! Bu qardaşlıq qüdrətdi, yenilməzlikdi, Zəfərdi!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"