Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2021 12:05

Oxuyun “Qarabağ şikəstəsi”ni!

Azərbaycan musiqisi həm də ona görə belə sevilir ki, ehtiramla dinlənilir, təkcə könülləri süsləmir, həm də düşüncələrə sarılır, düşüncələri tərpədir, yaşanılan anlarla yaşanılacaq anların arasında mənəvi körpüyə dönür. Min illərdi belədi...
Azərbaycan musiqisi sevincin musiqisidi, həsrətin musiqisidi, qəhərin musiqisidi, döyüş ovqatının, döyüşün, Zəfərin musiqisidi,...
Böyük Vətən müharibəsini Vətən müharibəsində də xatırlamışam, Zəfər ovqatını yaşayanda da.
Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan ibarət diviziyalar da qətiyyətlə, mərdliklə döyüşürdülər. Döyüşənlərin sırasında şairlər də vardı, yazıçılar da - Azərbaycan ədəbiyyatı da, incəsənəti də, mədəniyyəti də müsəlləh əsgər idi. Azərbaycanlılar döyüşlərdə də, arxa cəbhədə də dünyaya görk idi. Bu görk qələbə ruhuna tən olan görk idi...
O illərdə Azərbaycan incəsənəti də döyüşlərə - qələbəyə səfərbər olmuşdu. Müğənnilər ön xətdə, səngərlərdə, düşmənin beş-on addımlığında, hərdən mərmi, güllə səsləri eşidilə-eşidilə muğamlarımızı, xalq mahnılarımızı oxuyurdular. Azərbaycanın döyüşçülərinin mərdliyi də, qorxmazlığı da, igidliyi də qələbəni şərtləndirən mənəvi gücə dönmüşdü...
Musiqinin qələbə naminə gücə, qüdrətə döndüyünü görənlər bir həqiqəti etiraf edirdilər: bu musiqi dünyanın heyrəti olub, dinc dövrdə də, müharibədə də.
Neçə yaralı Şövkət xanımın oxumasını eşidincə dikəlib, gözlərinin işığı artıb, döyüşlərə getməyə qərar verib...
Vətən müharibəsində Azərbaycan musiqisi Azərbaycan əsgərinin qüdrətinə köklənmişdi. Musiqimiz Qələbəyə sarılmağa macal tapmamış Qələbə musiqimizə sarılırdı. Bu ecazkarlıq döyüşçülərin ruhunun çağırışına dönürdü.
Ordu hissələrimiz düşmənin müdafiə səddini dağıtmışdı, əks-hücum əməliyyatı - Vətən müharibəsi mövqe qələbələriylə davam edirdi, yaşayış məntəqələrimiz düşməndən təmizlənirdi...
...Döyüş başa çatmışdı, mövqe qələbəsi qazanılmışdı. Bu ruh, bu ovqat könül-könül dolaşırdı, müjdə biçimində döyüşlərdən uzaqlara yol alırdı, təpə keçir, yol aşırdı.
Qələbə ovqatı neçə-neçə döyüşçünün könül mülkünün səyyarəsinə dönürdü. Sonralar məmləkətin yaddaşına hopan bir oxuma - Xudayarın oxuduğu təsnif də belə tarixləşmişdi.
Mövqe döyüşünün qələbə sonluğu qarabağlı döyüşçünü əlindən yapışıb tankın üstünə çıxartmışdı... Oxumağa giriş kimi "Arazbarı" səslənmişdi, sonra "Qarabağ şikəstəsi" - yaranışından ruhun çağırışı kimi dinlənilən, yerlərin də, göylərin də ruhunun heyrəti...
Bu möcüzə ritmik muğamın möcüzəsinə (gözlənilməz) məqamda ifasının yeri göyə dikəltdiyinə hamımız, hamı inanır. Onda "Könlüm keçir Qarabağdan..." niyyətinin işığında Qarabağda Zəfər bayrağı dalğalandırdı o tankın ekipajı. Könlüm mənə deyir ki, o bayrağı "Qarabağ şikəstəsi"nə dəruni sevgi dikəldib. Qarabağlı döyüşçü işğaldan azad edilmiş ərazilərdə bu ritmik muğamı
Gör necə bayraqlaşıb

Ruhumuz Qarabağda, -
misralarıyla tamamlayır. Bu ruh yaşarı ruhdu, dünyəvi ruhdu, bəşəriliyə yol göstərən ruhdu!
Oxu, əsgər qardaşım!
Daha torpaqlarımızda sərhəd olmayacaq. Ruhumuzun mənəviyyat qibləsi olan musiqimizi - muğamlarımızı, xalq mahnılarımızı, bəstəkarlarımızın bunlardan boy göstərən musiqilərini səndən sonra sərhədlərimizi qoruyan əsgərlər oxuyacaqlar. Belə oxumaları dünya pərişan könlünə təsəlli kimi dinləyir, dinləyəcək. El arasında deyildiyi kimi, paxılın yeri cəhənnəmdi...
Qoy Yer də dinləsin, Göy də dinləsin, oxuyun "Qarabağ şikəstəsi"ni! Oxuyun!

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"