Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2021 12:00

Qəriblidən başlayan yol

Tovuzun Qəribli kəndində anadan olmuşdu Cavid. Ermənilərin törətdikləri vəhşiliklər haqqında ata-anasından, müəllimlərindən çox eşitmişdi. Yeniyetmələşdikcə, gəncləşdikcə olmuşları xatırlayanda hər dəfə onun da qaşları çatılırdı, yumruqları düyünlənirdi. Belə anlarda o da üzü göylərə sarı, "Qalmaz belə, qalmaz dünya!" kəlmələrini pıçıldayırdı.
Maliyyə-kredit kollecində təhsil almışdı. İstəyi, könül dünyasının işığına dönən niyyəti onun düşüncələrinin səmtini yeniyetməliyindən bəri aylarının, illərinin nəqarətinə dönmüş həmin bir misranın cazibəsinə çəkirdi - 2014-cü ildə hərbi xidmətə getdi. Qəriblidən başlayan yolun sonunda Zəfər olacağına inamla getdi, torpaqlarımızın işğaldan azad ediləcəyi qətiyyətiylə getdi, Ali Baş Komandanın əmri ilə döyüşlərdə iştirak edəcəyinə əminliklə getdi...
Hərbi xidməti başa çatdı. Tərxis edildi; qalib əsgər kimi tərxis edilmədiyinin təəssüfünü yaşadı Cavid Əliyev. "Döyüşlər başlayanda mən də müraciət edəcəm, mütləq müraciət edəcəm. Döyüşəcəm, mütləq döyüşəcəm..." - kəlmələrini özünün özünə təsəllisi bildi...
Bakıda reklam şirkətlərinin birində işlədi. Tərxis olunanda yaşadığı təəssüf ümidə çevrilmişdi, bu ümid - niyyətə...
Cavid ermənilərin kəndlərimizə hücumlarını, həmlələrini eşidə-eşidə boya-başa çatmışdı. Erməni vəhşiliyi onun da heysiyyətini silkələmişdi, onun da düşmənə nifrətini kükrətmişdi. “Nə vaxta kimi belə olacaq?” - atasından soruşmuşdu, hərbi xidmətdən qayıdan həmyerlilərindən soruşmuşdu, məktəbdə müəllimlərindən soruşmuşdu. Aldığı cavablar ona ancaq ümid vermişdi, digər həmyaşıdları kimi bu ümidlə ayları il eləmişdi. Bu ümidlə bitirmişdi orta məktəbi. Bakıda bu ümidlə təhsil almışdı. Onu bilirdi ki, Ali Baş Komandanın əmri məmləkətdə əli silah tutanların hamısını əsgərləşdirəcək. Onda hərbi xidmətdə olsa, əsgər kimi, tərxis edildikdən sonra olsa, səfərbərliklə döyüşlərdə iştirak etməlidi...
Ordu hissələrimiz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başladı. Dövlət başçısının xalqa müraciəti milyonlardan biri kimi onun da Vətən sevgisini kükrətdi. Bu məqamın illərlə arzuladıqları məqam olduğunu qət edənlərdən biri oldu Cavid Əliyev; özünü xəyalən döyüşənlərin sırasında hiss etdi...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qismən səfərbərlik elan edildi. Döyüşlərə getmək, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəyən minlərlə gəncdən biri də Cavid Əliyev oldu. O da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon təşkilatına müraciət etməyi qərara almışdı - adına çağırış vərəqəsi gəldiyindən xəbərsiziydi.
Döyüşlərdəydi...
Döyüşürdü...
Şuşa uğrunda döyüş gedirdi. Bu döyüşün Vətən müharibəsini sonlandıracaq döyüş olduğunu bilmirdilər, ancaq məhz bu niyyətlə, bu qətiyyətlə döyüşürdülər. Sonralar bir rus jurnalisti bu döyüş haqqında yazacaqdı: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağyuxarı şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxırdı"...
Belə döyüşürdülər...
Döyüşçü Cavid Əliyev şəhid oldu...
Şuşanın işğaldan azad edildiyini görə bilmədi Cavid...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medallarıyla təltif edildi...

Mübariz MUSAYEV   "Azərbaycan Ordusu"