Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Ağdama gedirik...

Bir-iki il əvvəl "Ağdama gedirik..." ifadəsini dilimizə gətirsəydik, yazsaydıq, yəqin ki, buna heç kim inanmayacaqdı. Amma indi deyilənlərə və yazılanlara heç kim şübhə etmir. Çünki artıq zaman dəyişilib. Daha doğrusu, zaman özü çox şeyi dəyişib. İndi Ağdama, eləcə də, illərcə əvvəl erməni qəsbkarlarının işğalında olmuş başqa şəhər və kəndlərimizə getmək xəyal deyil, reallıqdır. Xəyalları reallığa güclü, qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində davam edən Vətən müharibəsində çevirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad etdi. Artıq torpaqlarımız əbədi-əzəli sahiblərinin əlindədir.
Ağdama gedirik... Gedirik ki, işğaldan azad olunmuş ərazilərimizi görək, ayağımız doğma torpaqlarımıza dəysin, o yerlərdə xidmət edən zabit və əsgərlərimizlə görüşək...
Yol boyu gördüyümüz quruculuq işlərindən ürəyimiz açılır. Yaxın zamanlarda ölkəmizin paytaxtı ilə Ağdamı birləşdirəcək dəmir yolunda quruculuq və bərpa işləri aparılır. Texnikalar dayanmadan hərəkət edir, üzü Ağdama gedən yollar genişləndirilir. Xüsusi geyimdə olan fəhlələr həvəslə, yorulmaq bilmədən  işləyirlər. İllər öncə bu yerlərdən gecə-gündüz qatarlar ötüb keçmişdi.  İşğaldan sonra isə yollar bağlanmış, hərəkət dayanmış, relslər pas atmışdı. Qatarların gözəl, ritmik səsi illərin arxasında eşidilməz olmuşdu. Sevindiricidir ki, artıq bərpa işlərinə başlanılıb. Çox keçməz ki, bu yerlərdə həyat əvvəlki axarına düşər, yenə də Ağdama tərəf qatarlar şütüyər.
Əvvəllər səngərlərimizin yerləşdiyi, zabit və əsgərlərimizin illərlə keşik çəkdikləri yerə çatırıq. Ətrafa boylana-boylana o günləri xatırlayırıq. O çağlar buradan qabağa nə addım ata, nə də baxa bilirdik. İndi isə heç nədən qorxub çəkinmədən irəli gedirik. Səngərlər olduğu kimi yerində qalıb. Amma zabit və əsgərlər gözə dəymir. Sanki bu yerlərdə zaman donub. Elə bil boş əraziyə deyil, nə vaxtsa çəkilmiş ağ-qara şəkillərə baxırıq.
Biz bir vaxtlar ermənilərin dayandıqları səngərlərə yaxınlaşırıq. Səngərlərə çatanda sürücü əsgər Şamo Yusifovdan maşını saxlamağı xahiş edirik. Bir vaxtlar düşmənin mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutduğu səngərlərinə, müşahidə məntəqələrinə baxırıq. Dərin qazılmış səngərlər, hündürdə quraşdırılmış müşahidə məntəqələri, daldalanmaq üçün xüsusi qazılmış lağımlar, bir-birinin içindən keçən dar cığırlar. Erməni işğalçılarının postlarındakı məişət şəraitinə, yataq yerlərinə baxanda, onların necə də miskin vəziyyətdə yaşadıqlarının şahidi oluruq.
Ətrafda həyat əlaməti hiss olunmur. Ancaq ümid edirik ki, doğma ocaqlara qayıdış başlayan kimi, bu yerlərdə çiçəklər bitəcək, güllər açacaq.
Dəmir yolu xətti boyunca istehkamçıları da iş başında görürük. Onlar xüsusi geyimlərdə relslərin keçəcəyi əraziləri minalardan təmizləyirdilər. Ermənilər Ağdamı işğal edəndən sonra “relsləri” də, “tirləri” də söküb aparıblar. İstehkamçılar təmizləmə işlərini başa çatdırandan sonra yeni dəmiryol xətti çəkiləcək.
İşğaldan azad olunmuş kəndlərə, ərazilərə baxdıqca ürəyimiz ağrıyır. Erməni qəsbkarları evləri uçurub dağıdıblar. Baxımsızlıq üzündən ağacların çoxu quruyub. Bəzi yerlərdə isə ağacların qol-budaqları bir-birinə dolaşıb. İnsan sığal-tumarı görməyən təbiət sanki vəhşiləşib.
Böyük boşluq ərazidən keçəndə yol yoldaşımız mayor Ramal Əzizov dedi ki, bura Uzundərədir. “Ermənilər əvvəllər bu yerlərdən poliqon kimi istifadə edərək təlim keçirdilər. Fikir verirsinizmi, texnikaların hərəkəti üçün xüsusi keçidlər də düzəldiblər. Onlar illər uzunu torpaqlarımızdan istədikləri kimi istifadə edirdilər. Şükürlər olsun ki, bütün bu ürək dağlayan əməllərə son qoyuldu”.
Yol boyu zəmi sahələri də diqqətimizi cəlb edir. Ağdam rayonu işğaldan azad olunan kimi Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu sahələrə buğda səpilib. Artıq toxum torpaqdan baş qaldırıb, ətraf yaşıllığa bürünüb.
Ağrı-acılarla dolu mənzərələrə baxa-baxa Ağdam rayonunun Kəngərli kəndinə çatırıq. Bu yaşayış məntəqəsində evlər uçurulub-dağıdılmayıb. Ermənilər bu yerlərə sahiblənərək yaşayıblar.
Kəngərli kəndində işlərimizi yekunlaşdırıb üzü Ağdama tərəf gedirik. Yenə də eyni ürək dağlayan mənzərələri seyr edirik. 1993-cü ildə bu yerlərdən, bu yollardan çox keçmişəm. Amma kənd-kəsəklər dağıdıldığından, yerlə-yeksan olunduğundan heç yeri, heç nəyi tanımaq olmur. Ermənilər bir neçə yerdə dərələrin ətəklərində böyük nar bağları salıblar. İllər uzunu onlar bağlardan bol məhsul götürüblər.
Bir vaxtlar axarlı-baxarlı olan Ağdam şəhərində binalar, evlər uçurulub dağıdılıb. Ərazi min illərin xarabalığını xatırladır. 30 il ermənilərin işğalında qalmış Ağdam şəhəri, ətraf kəndlər yerlə-yeksan edilib. Əvvəlki yaraşıqlı binaların, evlərin yerindən indi yarıya qədər uçurulmuş divarlar boylanır.  
Bütün bu ürək odlayan mənzərələrə baxa-baxa Ağdamın bu ağır gününə biçilmiş və hansısa jurnalistin dilindən qopmuş "Qafqazın Xirosiması" ifadəsini xatırlayıram. Amma mənə elə gəlir ki, "Qafqazın Xirosiması" kəlməsi Ağdamın bu faciəli gününü tam ifadə etməyə yetmir. Ermənilər gözəlliyi dillərdən düşməyən Ağdamı xarabalığa çeviriblər. Şəhər və kəndlər erməni vandalları tərəfindən darmadağın edilib.
Bu gün artıq Ağdamda Azərbaycan əsgərinin səsi eşidilir. Bu səsdən torpağın da, daşın da üzü gülür. Sanki birdən-birə o illərə qayıtmışıq. Hərbçilərimizlə görüşüb söhbət edirik. Baş leytenant Cəlal Hüseynov Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.
Baş leytenant Cəlal Hüseynov söhbət zamanı dedi ki, İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz böyük hünər göstərərək erməni işğalçılarına sarsıdıcı zərbələr vurdular. “Bu zərbələr nəticəsində torpaqlarımız düşməndən azad olundu. Döyüşlərdə kifayət qədər təcrübə qazandıq. Düşmən yenidən təxribat törətməyə cəhd göstərsə, qarşısını qətiyyətlə alacağıq”.
Hərbçilərimizin uçurulmuş divarlardan birinin üstündə üçrəngli bayrağımızı dalğalandırdıqlarını gördük. Çox qürurverici səhnə idi. Belə gözəl mənzərəni görəndə bir daha əmin olduq ki, bundan sonra üçrəngli bayrağımız bu yerlərdə əbədi dalğalanacaqdır.
Ətrafdakı Qiyaslı, Xıdırlı, Yeddi Xırman, Şelli və başqa kəndlər də ermənilər tərəfindən darmadağın edilib. Uçurulmuş evlərin ətrafı yaşıllığa bürünüb. Otlar yavaş-yavaş başını qaldırır, ətrafa dağıdılmış daşların arasından güllər bitir, çiçəklər açır. Bu gözəl mənzərədən ürəyimiz riqqətə gəlir, pozulmuş ovqatımız bir az düzəlir. Çiçəklərlə, güllərlə salamlaşırıq, onların təravətli ləçəklərindən öpürük. İnanırıq ki, bundan sonra Ağdamda yalnız və yalnız güllər açacaq, çiçəklər bitəcək. Bir daha bu yerlərə düşmənlərin ayağı dəyməyəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"