Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Salam, Xarıbülbülüm, salam, “Xarıbülbül”üm!

29 il hər gün dan yeri qızaranda da, şər qarışanda da, ağacların budaqlarından sürüşən yellər üzü dağ yuxarı əsəndə də, əsə-əsə səbrimizi kəsəndə də könlümüz Qarabağdan keçib, havalı könlümüz bir udum hava əvəzi Xanın səsinin havalanmasını, "Qarabağ şikəstəsi"ni arzulayıb. Bu arzu niyyətə dönüb, niyyət - muraza. Bu muraz 29 il gündüzlər düşüncələrimizin bürüncəyi olub, gecələr yuxularımızda gecələyib. 29 il İsa bulağının səsini eşidəmmədik, 29 il əllərimiz Xarıbülbülün ləçəklərinə toxunammadı, 29 il Cıdır düzünün çiçəklərinin düzümünə diz çökəmmədik, 29 il Qoşa Qala qapısını ilahi təmənna ilə döyən mehin mehrinə, çəkinə-çəkinə boy göstərən çiçəklərin ləçəklərinə sığınan şehin sehrinə, ağ yağışdan sonra göylərin qövsi-qüzehinə sarılammadıq. Bu nisgili 2020-ci il noyabrın 8-də Azərbaycan əsgəri bitirdi.
İllərin sıxılcımından qurtardıq - Azərbaycan Ordusu düşməni məğlub etdi, torpaqlarımız işğaldan azad oldu.
"...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq" - son 28 ildə könlümüzü bunca telləndirən, istəyimizə Tuti dili verən kəlam olmamışdı. Bu tarixi qürur tarixin qüruru kimi həmişə yaşanılacaq...
Bəşəriliyin cəfakeşi olan dövlətlər də, işğalçı dövlət də, onun havadarları da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kəlamlarını Vətən müharibəsinin mahiyyəti bildi. Əsgərin döyüş əzmi, qələbə ruhu daha da yüksələn Azərbaycan əsgəri əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə düşmənin illərlə qurduğu, möhkəmlətdiyi, təkmilləşdirdiyi müdafiə səddini darmadağın etdi. Və mövqe qələbələri qazana-qazana irəlilədi, Suqovuşanı azad etdi, Cəbrayılı azad etdi, Füzulini azad etdi, Zəngilanı azad etdi, Şuşanı azad etdi. 8 noyabr Vətən müharibəsini sonlandırdı - Şuşada düşmənə atılan sonuncu güllə Vətən müharibəsində sonuncu güllə oldu.
1989-cu ildə Şuşada "Xarıbülbül" festivalı keçirilmişdi. Beynəlxalq tədbir idi. Azərbaycanlı ifaçılarla yanaşı, Qırğızıstandan, Türkmənistandan, Başqırdıstandan, Volqaboyundan gəlmiş muğam ifaçlıları da iştirak etmişdilər. 1991-ci ildə Şuşada ezamiyyətdə olanda festivalın keçirildiyi yerdə bir cavanın oxuduğu "Şuşanın dağları"nı dinləyəndə mən də, həmkarım Ələkbər müəllim də əmin olmuşduq ki, Şuşanın dağlarına belə gözəl oxumalar sarılacaq, ruhumuzun şəhərini işğal dumanı bürüməyəcək.
Onda "Xarıbülbül" musiqi festivalı formatında siyasi-ideoloji tədbir, siyasi-ideoloji tədbir formatında festival olub.
Açıq düşmənçiliyə başlayan ermənilik festivala Topxanadan baxırmış. Baxa-baxa nələr düşünürmüş görəsən? 32 ildən sonra keçirilən "Xarıbülbül" festivalına baxa bilməzdi - ermənilik  bu tərəflərdən qovulub çıxarılıb.
Heç yerdə, heç bir festival bunca uzun yol gəlməyib. Ermənilik uzatmışdı bu yolu. Azərbaycan əsgəri yol kəsənlərin niyyətinin boynunu vurdu. İstəyinin gözlərini tökdü, ruhunu edam etdi.
Şuşada "Xarıbülbül" festivalı bu qürurun yaşarılığının təntənəsidi. Son 29 ildə Azərbaycan musiqisinə həsrət qalan Cıdır düzü sıxıntılarını unutmuşdu, 29 il səsini içinə çəkən İsa bulağının zümzüməsi festivalın gedişində könül xoşluğuna dönmüşdü. Tədbirə gələnləri uca ruhlar salamlayırdı.
Cıdır düzündə Vətən müharibəsi başlayanda ürəkləri bürüyən ovqat Üzeyir bəyin "Koroğlu"sunun uvertürası formatında, biçimində səslənir, bugünkü coşqunun, kükrəyişin rəmzi bayrağına dönür sanki; bu möhtəşəmliyi yaddaşına köçürmək üçün yellər qanad salıb, bayaqdan bəri daşlara dəyə-dəyə, daşları döyə-döyə axıb gedən dağ çayı "ayaq saxlayıb"...
"32 ildən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığıyla keçirilən "Xarıbülbül" festivalına tolerantlıq, multikulturalizm sənədi deyərdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır". Tarix yazan bu Zəfər tarixən yaşanılacaq, yaşadılacaq, anılacaq. Sərkərdə kəlamında da, vətəndaş ehtiramında da anılacaq...
Bu ucalıqda səslənənlər Şuşanın azad edilməsi uğrunda döyüşənlərə min illərin alqışı kimi səslənirdi. Hər musiqi, hər ifa özü boyda bir işığa dönürdü - qəlbitəmizlərin gözlərinin nuruna qarışırdı, qəlbipaxırların gözlərini qamaşdırırdı. Bu, "Xarıbülbül"ün qüdrətiydi...
Dövlət başçısının dediyi kimi, festivalın gedişində 28 il yarım əsarətdə qalan, ancaq əyilməyən, sınmayan, ləyaqətini qoruyan, milli ruhunu qoruyan Şuşanın dağları bir boy da dikəlmişdi elə bil. "Xarıbülbül" festivalı tarixi Zəfərin dünyaya musiqi diliylə salamıydı. Bu salam bəşərilikdən uzaq düşənlərin düşüncələrində çaxan şimşəyə, dağ oynadan selə, yeri göyə dikəldəsi yelə, qəlbitəmizlərin düşüncələrinin xoş ovqatına dönmüşdü.
Gözün aydın, ay Şuşam, "Xarıbülbül" qayıtdı! Ay ruhumun şəhəri, səndən ayrı sağ canı sayrı bülbül qayıtdı! Əlinə qurban olum, indi öz əllərinlə ruhumun yarasını sarı, bülbül qayıtdı! Ruha həsrətli gülüm,  mənim Xarı bülbülüm, "Xarıbülbül" qayıtdı!
Yalçın Adıgözəlovun dirijorluğuyla Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası dağı-daşı da dilə gətirərdi. Ucalıqda, uca niyyətlə təşkil edilən bu gözəl festival yaddaşlarda da yaşayacaq, tarixdə də. Axı, min illik tarix Alimin səsi ilə festivalda "Qarabağ şikəstəsi" oxudu! Bu oxuma da, digər oxumalar da dünyanı haqq yoluna çağırış oxumalarıydı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq", "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək". Ruhumuzun istəyi kimi səslənən kəlamlar Vətən müharibəsində qazanılan Zəfərə Azərbaycan incəsənətinin töhfəsidi...
Festivalın gedişində yaşanılan kövrək, duyğusal anlar hamımıza tanış, doğma anlarıydı. Qınayan olmasa deyərdim ki, ömrü şərtləndirən belə anlardı...
"Xarıbülbül" festivalı həm tarixləşdi, həm də ruhun təntənəsini tarixləşdirdi.
Bu ilin mayında ruhumuzun şəhərində Xarıbülbülü də salamladıq, "Xarıbülbül"ün salamladığı "Xarıbülbül"ü də...  

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"