Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Nizami irsinin kursantların şəxsiyyət kimi formalaşmasında rolu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Yazıldığı vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, bu gün də oxucular şairin əsərlərini sevə-sevə oxuyur, ədibin poemalarından zövq alaraq mənəvi cəhətdən kamilləşir, şəxsiyyət kimi formalaşırlar.
Gələcəyin hərbçilərində milli vətənpərvərlik hisslərinin formalaşmasında və inkişafında böyük şairimiz Nizami Gəncəvinin irsi əvəzsiz bir mənbədir. Böyük ədibin poemalarını oxuyarkən müəllifin insana və insani keyfiyyətlərə verdiyi qiymət, dəyər diqqətimizi özünə çəkir. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən dərslərdə, təşkil olunan dərnəklərdə başlıca məqsəd proqram materialını şagirdlərə (kursantlara) daha dərindən mənimsətməkdən, onların dünya görüşünü genişləndirməkdən, biliklərini zənginləşdirməkdən ibarətdir. Dərs zamanı və dərnək tədbirlərində dahi şairin əsərlərindən geniş istifadə edirik.
Nizami Gəncəvi yaradıcılığının mərkəzində dünyanın əşrəfi olan insan dayanır. Əsərlərdən duyulan ideya budur ki, insan xalqın övladı olmaq istəyirsə, elmin sirlərinə dərindən yiyələnməlidir. İnsan hər şeydən əvvəl Vətənini sevməli, zəhmət ətirli torpağın qədrini bilməli, alın təri ömür yolunun incisi, mirvarisi olmalıdır.
Nizami əsərlərində insan qəlbinin dərinliklərinə nüfuz edir, onun qəlbinin təkamülünə diqqət yetirir. Böyük şair başqa poemalarında olduğu kimi, "Yeddi gözəl" əsərində də, ayrı-ayrı nağıllarda belə bir əxlaqi ideyanı inkişaf etdirir ki, əsl səadətə yetişmək üçün insan özünün instinktlərini cilovlamalı, heyvani ehtiraslarını ağıla, şüura tabe etməlidir. Bu yolla insan özünü dərk edən, özünü təkmilləşdirməyə qabil olan şüurlu varlığa - şəxsiyyətə çevirməlidir. Şairin əsərlərində qabarıq şəkildə özünü göstərən bu əxlaqı, insani keyfiyyətləri biz kursantlara aşılamağa çalışırıq. Borcumuz kursantlara fərdi yanaşıb, onları gələcək həyata və xidmətə  hazırlamaqdır. Kursantlarımızın hər birinə gələcəyin yüksək rütbəli zabitləri kimi münasibət göstəririk.
Nizami Gəncəvi "İsgəndərnamə" əsərində qəhrəmanı İsgəndəri fateh, hakim və peyğəmbər kimi xarakterizə  etməsi ilə, əslində, insanın kamilliyə doğru təkamülünün əsas istiqamətlərini göstərir.        
Dahi şair əsərlərində ölkəni idarə etmək istəyən şəxsin əsl-nəcabətini deyil, onun şəxsi keyfiyyətlərini, zəka və müdrikliyini, xeyirxah əməlini ön plana çəkərək yazır:

Hər kim öyrənməyi bilmirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxardar.

Ancaq, öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan.

Yəni, bir lider və şəxsiyyət kimi formalaşmaq istəyirsənsə, öyrənmək mütləqdir. Gərək bilik alasan və təlimlər keçəsən. Kursantlarımız Nizami Gəncəvi yaradıcılığını öyrənə-öyrənə şəxsiyyət kimi formalaşırlar. Şair əsərlərində özünü tanıyıb, başa düşməyə də xüsusi əhəmiyyət verir:

Tanısan özünü, köçsən cahandan,

Yenə də bu dünyada yaşayacaqsan,

Özündən hər kim ki, deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

Şəxsiyyətin daxili mənliyini müəyyənləşdirən, yəni, onun nüvəsini təşkil edən başlıca cəhət özünüdərkdir. Nizami Gəncəvinin əsərlərindən nümunə gətirdiklərimizə diqqət yetirəndə onun bəsarətli zəkasına heyran olmaya bilmirik.
Nizami irsində şəxsiyyətin kamilliyi də böyük önəm daşıyır:

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir, hədər,

Ağıldır hər kəsin dövləti, malı,

Kim ki, yetişmədi ağıldan bara,

Oxşar insansifət əjdahalara.

İnsanın kamilliyə doğru inkişafı, əslində, qəlbin, ruhun və ümumən şəxsiyyətin mənəvi təkamülüdür. İnsanın mənəvi cəhətdən kamilləşməsi sonda cəmiyyətin kamilləşməsinə gətirib çıxarır. Şəxsiyyətin bütövlüyü, tamlığı, eləcə də mənəvi keyfiyyətlərinin təhlili üçün İsgəndərin bir şəxsiyyət kimi  İranı fəth etdikdən sonra oradakı davranışı diqqəti xüsusilə cəlb edir. İsgəndərin Daraya qarşı gizli sövdələşməyə girdiyi xain İran sərkərdələri barədə tədbiri psixoloji cəhətdən son dərəcə mənalıdır. İsgəndər bütün əmirlərin iştirakı ilə Daranı öldürmüş iki nəfəri çağırır. Əvvəlcə onlara vəd etmiş olduğu qızılı tamamilə ödəyir. Sonra ikisini də öz padşahlarına dönük  çıxdıqları üçün edam etdirir.
Nizaminin fikrincə, ideal lider peyğəmbər səviyyəsinə qalxsa belə, yenə bir insan, yenə bir şəxsiyyət olaraq qalır. Bu cəhət İsgəndər obrazında çox aydın surətdə göstərilir.
Şəxsiyyət kimi formalaşmaq yüksək  əxlaqi keyfiyyətdir. Belə əxlaqi keyfiyyətlərə sahib olan hərbçilər həmişə sıralarında olduğu ordunu məğlubedilməz edir. 44 günlük Vətən müharibəsi bir daha  dediklərimizi sübut etdi. Bu müharibədə Hərbi liseyin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da böyük şücaət göstərdilər. Təəssüflər olsun ki, əks-həmlə əməliyyatlarında iştirak edənlərdən üç nəfəri ağır yaralandı, bir nəfər zabitimiz mayor Asiman Əliyev şəhidlik zirvəsinə yüksəldi. Onlar vətənpərvərlikləri ilə kursantlarımıza əsl örnək oldular.

Gülsəda AMAN
Cəmşid Naxçıvanski adına Hərbi Lisey