Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

Şuşa: Mədəniyyətimizin və Qələbəmizin simvolu

İyirmi səkkiz il qəlbimizdə bir ağrı, bir nisgil yaşadıq. Bu illər ərzində bir an da olsun Qarabağı unutmadıq, onun nə vaxtsa qayıdacağına ümidsiz olmadıq. Həmişə işğal altında olan torpaqlarımızın azadlığını düşündük. Arxada qoyduğumuz illərdə bütün bayramlarda, bütün mərasimlərdə bir arzu, bir diləyimiz oldu; "Gələn il biz bu bayramı işğal altında olan torpaqlarımızda, Şuşada qeyd edək!" Bu kəlmələri deməkdən nə yorulduq, nə də usandıq, əksinə, yurd həsrəti bizi daha mübariz etdi.
Keçmişdə yaşananlardan və onun səbəblərindən söhbət açıb ovqatımızı təlx etmək fikrində deyiləm. Bizə bu qələbəni, bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən ilin 27 sentyabrında başlayan və 44 gündə Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində bəxş edilən şanlı Qələbədən və bu andan yaşamağa başlayan sevinc dolu günlərimizdən bəhs edəcəm. Milli mədəniyyətimizə dahi şəxsiyyətlər yetirən, Qarabağın tacı olan  Şuşa şəhəri ötən il noyabrın 8-də erməni vandallarından azad edildi. Bu, erməni faşizmi üzərində qazandığımız  tarixi möhtəşəm Qələbə oldu. Azərbaycanın hərb tarixində son iki yüz ildə qazandığımız ən böyük Qələbədir.
On illərin əsarətindən sonra Şuşa yenidən doğma sakinlərinə qovuşdu. Şuşa azad olunanda onun görkəmində bir inciklik, küsgünlük də vardı. Əsrlərdən gələn milli mədəni irsimizi özündə əks etdirən tarixi abidələr, muzeylər və şəhərə xüsusi gözəllik verən Gövhər Ağa məscidi ermənilər tərəfindən viran edilmişdi. Əsrlərin o tayından gələn Pənahəli Xanın, Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın ruhlarının azan səsi eşidib necə sevindiyinin fərqində olduq. Cıdır düzü, Xarıbülbül də bizdən incik düşməmiş deyildi. Nə yaxşı ki, əsrarəngiz, füsunkar təbiətin qış yuxusuna daldığı bir dönəmdə biz qayıtdıq. İndi təbiət oyanır, Şuşada bizi yenidən bərpa edilən Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzündə Xarıbülbül qarşılayır. Sanki təbiət kimi Şuşaya da yeni nəfəs gəlib, canlanır.
Bu il dövlətimizin başçısının müvafiq sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu. Mayın 8-də Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Xarıbülbül" festivalı möhtəşəmliyi və əzəməti ilə fərqlənirdi. Cıdır düzündə keçirilən "Xarıbülbül" festivalında Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri iştirak edirdilər. Olduqca yüksək tərtibatda təqdim edilən "Xarıbülbül"  festivalı bütün dünyaya bir daha Azərbaycanın tolerant bir ölkə olduğunu bəyan etdi. Doğma Azərbaycanı yadelli işğalçılardan qorumaq və Vətən torpaqlarımızı yağı tapdağından azad etmək üçün dinindən, irqindən asılı olmayaraq bütün xalqlar həmrəy oldular. Şuşa şəhərində keçirilən "Xarıbülbül" festivalında  bu bir daha öz əksini tapdı. Azərbaycanda yaşayan çoxlu etnik xalqların mədəni irsini yaşadan özfəaliyyət kollektivlərinin nümunəvi çıxışlarında bunu gördük.
"Xarıbülbül" festivalında ölkəmizin görkəmli yazıçıları, şairləri, mədəniyyət xadimləri və müxtəlif sənət adamları iştirak edirdilər. Onlar son üçüncü on illiyin tamamında ilk dəfə idi ki, Şuşaya ayaq açırdılar. Diqqətimi daha çox cəlb edən sənət adamları arasında tanınmış memar Elbay Qasımzadə də vardı. Söz yox ki, Şuşa şəhərinin yenidən bərpa edilməsinə artıq başlanılıb. Milli üslubda ucaldılacaq abidələrin, evlərin, təhsil ocaqlarının, bir sözlə, yeni şəhərə əlavə olunacaq müasir memarlıq inciləri sırasında professor Elbay Qasımzadənin də layihələrinin yer alacağını görəcəyik.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"