Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:04

Vətəndaşlıq hissi və vicdanın səsi ilə yazılmış əsər

Əsərlərini sevə-sevə oxuduğumuz qırğız yazıçısı Çingiz Aytmatov yaradılan sənət əsərlərinə, kitaba yüksək qiymət verərək deyib: "Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir". Doğrudan da, elədir, yaxşı, dəyərli kitablar əl-əl gəzir, oxunur, insanlara mənəvi zövq verir, onlara düzgün yol göstərir. Heç vaxt dəyərini itirmir, daim zamanlara meydan oxuyur.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Bəxtiyar Əliyevin oxuculara təqdim etdiyi "Ağdərə döyüşləri" kitabı da çox dəyərlidir. Birinci Qarabağ müharibəsindən, ağrı-acılarımızdan bəhs edən bu kitab müharibə tariximizin bir parçasıdır. Kitabı sətir-sətir, söz-söz oxudum. Bəxtiyar Əliyevin yazdıqlarını, əslində, döyüş yolu keçmiş zabitin gündəliyinə də bənzətmək olar. Burada hadisələr canlı və inandırıcı olduğuna görə maraqlıdır, oxunaqlıdır.
Həyatda yollar çoxdur. Onun asan və çətin aşırımları var. Deyərdim ki, döyüş yolu bunların ən çətini və eyni zamanda, ən şərəflisidir. Bəxtiyarın həyatı, ömrünün yaşanıb arxada qalan illəri asan olmayıb. Hələ gənc yaşlarından həyat yolu qanlı-qadalı döyüşlərdən keçib. O, bu yollarda qan-qada, insanı sarsıdan dəhşətli ölüm səhnələri görüb. Amma müəllif gördüklərindən qorxub geri çəkilməyib. Qarabağı erməni işğalçılarından azad etmək üçün döyüşüb, vuruşub. Bu yolda üzləşdiyi bütün çətinlikləri dəf etməyə çalışıb.
İllər keçəndən sonra isə Bəxtiyar addım-addım keçdiyi döyüş yollarını sətir-sətir yazmaq fikrinə düşüb. Bir vaxtlar vuruşduğu, silah tutan əlləri qələmə sığal, tumar çəkib. Uğurlu, uğursuz döyüşlərin gedişatını vərəqlər üzərinə köçürərək tarixləşdirib. Yazdıqca qələbələrə sevinib, uğursuzluqlara kədərlənib. Sanki bu dəfə düşmənlə qələmi ilə vuruşub. Döyüş yollarını tələsmədən, səbrlə, təmkinlə, günbəgün, anbaan vərəqlər üzərinə köçürüb. Köçürüb ki, gələcək nəsillər Qarabağ müharibəsinin tarixini öyrənmək istəyəndə bu kitaba da üz tutsunlar, ondan bəhrələnsinlər.
Əsərdəki qanlı döyüş səhnələri, təhlükəli anlar, vahimə doğuran məqamlar müəllifin döyüş yolunun gərgin olduğundan xəbər verir. "Ağdərə döyüşləri" kitabını oxuduqca qarşımızda açılmış müharibə meydanı daha da genişlənir.
Başqa mövzuda yazılmış kitablar kimi, buradakı materiallar oxucunu eyni ovqata kökləmir. Yaranmış vəziyyətdən asılı olaraq hadisələr tez-tez dəyişir. Gah qazanılmış qələbəyə sevinirik, gah da uğursuzluğa acıyıb göz yaşları axıdırıq. Yaralanmış zabitlərimizi görəndə ovqatımız korlanır, şəhid xəbərinə göz yaşlarımız yanağımızı isladır. "Ağdərə döyüşləri" o qədər canlı yazılıb ki, sanki oxucu da müəlliflə bərabər səngərlərdədir, vuruşur, yurdu qoruyur.
Oxuculara təqdim olunan kitab həm də yeri gəldi-gəlmədi "ordu vuruşmayıb, ordu döyüşməyib" deyənlərə tutarlı, qətiyyətli və inandırıcı cavabdır. Çünki biz kitabda zabitlərimizi, əsgərlərimizi döyüşən, vuruşan, yurdun müdafiəsində cəsarətlə dayanan görürük.
Kitabı oxuduqca düşünürsən ki, görəsən, Bəxtiyar Əliyevə bu kitabı yazdıran hansı hisslərdir? Bu suala qısaca cavab versəm: "Vətəndaşlıq mövqeyi, vicdanın səsi və torpağa, yurda olan sevgi hissi!" - deyərdim.
Müəllif kitabında ümumi döyüşlərdən başqa ayrı-ayrı zabit və əsgərlərin göstərdiyi igidliklərdən də ətraflı yazıb. Bütün bunlar oxucunun diqqətini çəkən başlıca amillərdir. Düşünürəm ki, oxucuları kitabdan bəhrələnəcəklər. Sözlərdən döyüşçülərin odlu-alovlu nəfəsi duyulur, silahların gur səsləri eşidilir. Cümlələrdən atəş səsləri gurlayır, sözlərdən güllə vıyıldayır...
Bir sözlə, Bəxtiyar Əliyevin kitabı Birinci Qarabağ müharibəsini öyrənmək baxımından da çox qiymətli mənbədir. Gözəl bir deyim var: "Əyləncəli əsər vaxtı öldürmək, ədəbi əsər isə vaxtı səhifə-səhifə, hər oxunuşda diriltmək üçündür". Tam inamla deyə bilərəm ki, ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Bəxtiyar Əliyevin "Ağdərə döyüşləri" dəyərli kitablardandır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"