Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:04

Azərbaycan əsgəri bundan da möhkəm sədləri yerlə-yeksan edərdi

Ermənistan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün nə vaxtsa döyüşəcəyini bilirdi. Bilirdi ki, "nə vaxtsa" gümanı şərti deyil. Düşmən Azərbaycan xalqının qətiyyətini görürdü, xalqın ölkə başçısına inamını görürdü, ordusuna güvəncini görürdü. "Qarabağ Azərbaycandır və nida işarəsi" qətiyyəti Ermənistanın bütün ümidlərini silkələdi. Bir el məsəlində deyildiyi kimi, suda boğulan saman çopündən də yapışır. Ermənistan döyüşlər olacağını bilirdi, ona görə də təmas xəttində illərlə mühəndis-maneələr sistemi yaradırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində dedi: "30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi". Bu ovqat xalqın qələbə ruhunu işğalın sonunun uzaqda olmadığı inamına köklədi.
Azərbaycan Ordusu səngərlərin o üzündə nələr olduğunu bilirdi. Kəşfiyyat məlumatları gümanları belə gerçəkliyə çevirmişdi. Ermənilərin güclü müdafiə səddi yaratdıqları məlum idi. Belə sədlərdən biri də "Ohanyan səddi" kimi tanınan sədd idi. Belə sədd Ermənistan ordusunun gözünə böyük, keçilməz görünə bilərdi. Ohanyan Ermənistan hökuməti qarşısında sinəsinə döyüb güclü sədd yaratdığını, Azərbaycan Ordusunun onu keçə bilməyəcəyini deyə bilərdi. Görəsən, Ohanyan özünün özülsüz gümanına inanırmışmı? İnanırmışsa, olduqca səriştəsiz hərbçi imiş, inanmırmışsa, dövlətini "barmağına dolayan" hərbçi. Hər iki halda Ohan-yanlar Ermənistanı biabırçı məğlubiyyətdən xilas edə bilməzdi. Necə sədd yaradırdısa yaradaydı. Ermənistan Azərbaycan Ordusunun qarşısını saxlaya bilməzdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində qazanılan qələbə haqqında deyib: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Xarici dövlətlərin hərbi ekspertləri də, nüfuzlu mətbu orqanları da 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatı - Azərbaycanın ədalətli müharibəsi haqqında gerçək fikirlər deyib: "Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən öyrənilir" (İqor Korotçenko, "Natsionalnaya Oborona"),  "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağyuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar" - Rusiya mətbuatında dərc edilmiş başqa bir məqalədə belə yazılıb. Hər ikisi qüdrətə heyrətdir. Bu heyrət dürüstlüyə, bəşəriliyə sədaqətin heyrətidir.
Ohanyan səddi nədir?
Bu sədd mərhələli maneələr sistemi idi. Konkret ərazidən Azərbaycan əsgərinin irəliləməsinin qarşısını almaq, müəyyən müddətdə ləngitmək üçün Ohanyanın tövsiyəsi (tələbi) ilə ermənilər təmas xətti boyunca piyada əleyhinə mina sahəsi yaratmışdı. Hücumda himayə atışı deyilən istilah var. Piyada əleyhinə minalı sahəni "himayə etmək" məqsədilə tankəleyhinə mina sahəsi yaratmışdılar. Üzəri və araları lent formalı məftillərlə hörülmüş bir neçə cərgə dəmir dirəklər basdırılmışdı ki, onların da burada qarşısı minalar sahəsi olub. Sonra yenə piyada əleyhinə mina sahəsi, sonra yenə tankəleyhinə mina sahəsi, sonra məftil maneələri, sonra tankəleyhinə xəndəklər...
Tankəleyhinə xəndəkləri ermənilər ilk baxışda aşılmaz hesab edə bilərdi. Bu xəndəklərin quruluşu belə olub: 5 metr enində, 3-4 metr dərinlikdə mina sahəsi, tankəleyhinə beton dirək, metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftillər və s. Bunlar düşmənin təmas xətti boyunca müdafiə səddi idi. Ohanyan səddi müdafiə sisteminin tərkib hissələrindən biri olub.
"400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyildi", "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi", -  deyən ermənilər Ohanyan səddinəmi ümid olub döyüşürdülər, yoxsa erməniliyə ianələrin zəmanətinəmi?
Ermənistan sülh danışıqlarından belə müdafiə sisteminə ümid olduğu üçünmü yayınırdı?
Bu da erməniliyin öydüyü Ohanyan səddi. Ağdamda ezamiyyətdə olanda bu səddin bir hissəsini, hissənin necəliyini Şotlanlı kəndində gördüm. Ohanyan bu sədlərin möhkəmliyini deyəndə Azərbaycan əsgərinin vətənsevərliyini, döyüş əzmini, qələbə ruhunu nəzərə alsaydı, sinəsinə döyüb möhkəmliyi, keçilməzliyi ilə öyündüyü səddən bircə kəlmə də söz açmazdı...
Ohanyan səddi də işğaldan azad edilmiş torpaqlarımızdan kürünəcək. Torpaqlarımızda işğalçının izləri qalmayacaq. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq"...
"Qəhrəmanlıq sevgidən yaranır. Qəhrəmanlığın başlanğıcı bir andır, ömrü -  əbədi", - demişdim. Əsgərlərimizə dedim ki, Ohanyan səddini yıxıb keçdiniz. Tarix o səddi quranları kinayəylə xatırlayacaq, yarıb keçənləri ehtiramla. Tarix onu da deyəcək ki, Azərbaycan əsgəri bundan da möhkəm sədləri yarıb keçərdi!..
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"