Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2021 10:24

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 15 İyun - müstəqillik tariximizin mühüm mərhələsi, Milli Qurtuluş Günüdür

Suallar:
1. Müstəqillik tariximizin mühüm mərhələsi.
2. 15 İyun Milli Qurtuluş Günüdür.

Müstəqillik tariximizin mühüm mərhələsi

Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. Sosializm ideyalarını iflasdan və SSRİ-ni dağılmaqdan xilas etmək məqsədilə 80-ci illərin ortalarında irəli sürülən "yenidənqurma" siyasəti Azərbaycanda da demokratiya və suverenlik uğrunda mübarizəyə yeni nəfəs verdi.
Demokratiya və aşkarlıq şəraitindən məharətlə istifadə edən ermənilərin Azərbaycanın əzəli torpaqları hesabına "böyük Ermənistan" yaratmaq iştahaları yenidən artdı. Qısa müddət ərzində kütləvi olaraq Qərbi Azərbaycandakı doğma torpaqlarından 230 mindən çox azərbaycanlı deportasiyaya məruz qaldı. 1988-ci il fevralın 21-də Azərbaycanın əzəli tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə qərar qəbul edildi və əzəli torpaqlarımızdan azərbaycanlıların təmizlənməsinə başlanıldı. 1988-ci il fevralın 28-də Sumqayıt hadisələri törədildi. Bununla onlar antiazərbaycan, antitürk ictimai fikrin formalaşmasına nail oldular. Bütün bunlar Azərbaycanda suverenlik və ərazi bütövlüyü uğrunda kütləvi xalq hərəkatının başlanmasına səbəb oldu. 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Kütlələrin etiraz mitinqlərindən ən əzəmətlisi 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında oldu. Bu, Azərbaycanın müasir tarixinə Milli Dirçəliş hadisəsi kimi daxil oldu.
1990-cı il yanvarın 13-də Bakıda bir nəfər erməni tərəfindən iki azərbaycanlının qətlə yetirilməsi vəziyyəti daha da gərginləşdirərək əhali arasında antierməni əhval-ruhiyyəsini daha da gücləndirdi. Bu, mərkəzin Bakıda olan emissarları və Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən antisovet, qatı millətçilik, rejimə itaətsizlik kimi qələmə verildi. Bununla da, mərkəzdə Azərbaycanda itaətsizliyin qarşısını almaq qərarı formalaşdı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə" fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Yanvarın 19-u axşam Respublika dövlət televiziyasının enerji bloku partladıldı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xüsusi təyinatlı hissələrdən ibarət "şanlı" Sovet ordusu Bakı üzərinə hücuma keçdi. Şəhərdə qanlı qırğın törədildi. Bu faciədən xəbər tutan ümummilli lider Heydər Əliyev ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın Bakıda qanlı qırğın törətdiyini dünyaya bəyan etdi, onu "təcavüz və xəyanət" kimi qiymətləndirdi. Həmin ərəfədə respublikada hakimiyyət dəyişikliyi baş verərək Əbdülrəhman Vəzirovun yerinə hakimiyyətə Ayaz Mütəllibov təyin edildi. Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990-cı ilin sentyabrında saxtakarlıq şəraitində keçirilən seçkilər nəticəsində əksəriyyəti kommunistlərdən ibarət (360 deputatdan ancaq 30-u demokratik blokdan idi) Ali Sovet formalaşdı. Bu seçkilərdə xalqın iradəsi ilə ümummilli lider Heydər Əliyev də Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
Moskvada 1991-ci il 19-21 avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanış sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyi rəsmən bərpa olundu.
Hələ SSRİ-nin yaşadığı bir şəraitdə respublikada milli dövlət quruculuğu formalaşmağa başlayaraq prezident idarəçiliyi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. 1991-ci il noyabrın 26-da bərabər əsasda  50 nəfərlik Milli Şura yaradıldı. 1991-ci ilin axırlarında SSRİ dağıldıqdan sonra dekabrın 29-da Azərbaycan Respublikasında ümumi rəy sorğusu keçirildi. Xalq yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. Həmin illərdə ölkəmizin ərazi bütövlüyünə iddialar davam edir, iqtidar-müxalifət qarşıdurması kəskinləşir, iqtisadiyyat isə tənəzzül edirdi. Belə şəraitdə xalqını, vətənini sevən ziyalıların diqqəti 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana gələrək Naxçıvanda məskunlaşan və xalqın təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən təcrübəli siyasətçi ümummilli lider Heydər Əliyevə çevrildi. Onlar çıxış yolunu Ulu Öndərin respublika rəhbərliyinə gəlməsində görürdülər. 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfərin "Səs" qəzetində ümummilli lider Heydər Əliyevə yenidən böyük siyasətə qayıtması xahişi ilə müraciəti dərc edildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı.  
 
15 İyun Milli Qurtuluş Günüdür

Müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyət gərgin olmaqda qalırdı. Erməni vandallarının Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları zaman ötdükcə daha da dərinləşməyə başladı. Bədnam ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanmış quldur dəstələrinin təxribatı nəticəsində tarixi torpaqlarımızı işğal etdi. Naşı, səriştəsiz hakimiyyət ölkəni daha da dərin uçuruma doğru aparırdı. Düşməndən müdafiə olunmaq üçün yaradılan özünümüdafiə dəstələri vahid ordu rəhbərliyinə tabe olmaqdan müxtəlif yollarla imtina edirdilər. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürüklədi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu müdrik rəhbərin hakimiyyət sükanı arxasına keçməsində gördü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan ümummilli lider Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil oldu.  
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. Ermənistanla cəbhə bölgəsində gedən gərgin döyüşlər daha da intensivləşdi. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsipial mövqe ortaya qoyaraq 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Ölkə rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təəssübünü çəkən minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında döyüşə yola düşdülər. Ulu Öndərin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə maraqlanması onlara yeni ruh yüksəkliyi verdi və bunun məntiqi nəticəsi olaraq qəhrəman döyüşçülərimiz məkrli düşmənin hücumlarının qarşısını alaraq cəbhədə əks-hücum əməliyyatları həyata keçirdilər və bir sıra yaşayış məntəqələrimizi yağılardan azad etdilər. Nəticədə düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ilk aylarında pərakəndə silahlı dəstələr arasında vahid komandanlığa tabe olmaq istəməyən dəstə başçıları cəbhədə uğurlu əməliyyatların aparılmasına mane olur, həm də dövlətimizə ən böyük təhlükə hesab olunurdular. Vahid komandanlığa tabe olan ordu birləşmələrini Müdafiə Nazirliyinin tərkibində birləşdirmək məqsədilə ölkədə ayrı-ayrı şəxslərə xidmət göstərən pərakəndə silahlı dəstələr ləğv edildi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının yeni mərhələsinə qədəm qoyuldu. Bir sözlə, Azərbaycanda müasir ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ümummilli Liderin rəhbərliyi altında Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
O zaman ümummilli lider Heydər Əliyevin başlıca məqsədi ölkəmizi inkişaf etdirmək idi. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atıldı və onların həyata keçirilməsinə başlandı. 1994-cü ilin sentyabrında Azərbaycan haqqında dünyada təsəvvürün belə olmadığı, respublikamız barədə mənfi rəy formalaşdığı dövrdə ümummilli lider Heydər Əliyev dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Təbii ki, "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına uğur qazandıran ən böyük layihə kimi tarixə düşdü,  ölkəyə investisiya axınlarını təmin etdi, Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda ölkəmizi dünyaya tanıdan bir qığılcım idi. "Əsrin müqaviləsi"ndən sonra xarici bazara çıxarılacaq neftin yeni daşınma kəmərlərinin çəkilməsi zərurəti yarandı. Bu zərurət nəzərə alınaraq Bakı-Supsa kəməri işə salındı, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olundu. Nəticədə Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə çevrildi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin əsasını qoymaqla, həm də onun möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan görkəmli siyasi xadimdir. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirdi. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı. O, zaman dəfələrlə ümummilli lider Heydər Əliyev Ermənistan rəhbərləri ilə görüşlər keçirərək diplomatik yolla torpaqlarımızdan düşmən qoşunlarının çıxarılmasını tələb edirdi. Azərbaycan xalqı və hakimiyyəti heç vaxt işğalçılıq siyasəti ilə barışmayacağını qeyd edir və müharibənin qaçılmaz olduğunu Ermənistan rəhbərliyinə bildirirdi. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib. Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi...
Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində müstəsna rol oynamış, dövlətçilik ənənələrini formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlilini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var - ulu öndər Heydər Əliyev!
                            
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi