Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2021 10:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Müsahibəsində bir çox məsələlərə toxunan dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. "Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".
Ölkə başçısı bildirib ki, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib: "Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur: "Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".
"Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır", - deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. "Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı.
Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər".
Prezident onu da bildirib ki, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. "O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın - deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar".
Müsahibə zamanı jurnalistin "Cənab Prezident, mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Siz dəfələrlə qeyd etmisiniz ki, əgər onlar revanşist addımlar haqqında düşünsələr, darmadağın ediləcəklər. Bu bəyanata münasibətinizi bilmək istərdik" sualına cavabında deyib. "Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası "müzəffər və güclü" ordusu ilə öyünürdülər".
Dövlət başçısı əlavə edib. "Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir".

AZƏRTAC-ın materialları əsasında