Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Bəşər tarixinin faciəsi - İkinci Dünya müharibəsi

1941-1945-ci illər... Böyük Vətən müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub.
İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Bu müharibədə Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətlərindən olan fədakarlığı, vətənpərvərliyi, mərdliyi nümayiş etdiriblər. Dəhşətli müharibə başlayan zaman on minlərlə oğul və qızımız döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı, onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olundu, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müharibədə iştirak edən soydaşlarımızın təxminən yarısı həlak oldu.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq İosif Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirildi, 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etdi, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçdi, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərdi.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq və qəhrəmanlıq göstərərək düşmənə ağır zərbələr endirdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etdi, nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.
Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və başqaları ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.
1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular.
Döyüş meydanında xüsusi fəallıqları ilə seçilməklə yanaşı, ordunun ehtiyacını ödəmək üçün xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, gecə-gündüz bilmədən çalışmışdır. Bakıda hasil edilən neft müharibədə qələbənin qazanılmasına böyük töhfə vermişdir. O illərdə Sovet İttifaqında hasil olunan neftin böyük hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Ona görə də 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədəki fədakarlıqları hər zaman fəxrlə xatırlanır.
İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl verilib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələrindən 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə tibbi ləvazimatlar və sarğı vasitələri göndərilib.
Faşizm üzərində qələbənin artıq 76-cı ildönümüdür. Faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Vətən yolunda xidməti olan bu insanlardan heç vaxt qayğısını əsirgəmədi. Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 may respublikamızda Qələbə Günü kimi rəsmiləşdirildi, dövlət bayramları sırasına daxil edildi, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirildi. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görüldü, imtiyazları və statusları bərpa olundu.
Ulu Öndər deyirdi: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur".
Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına da xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında", "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamları bu kateqoriyadan olan insanlara göstərilən qayğının bariz nümunəsidir.
Hər il 9 May - faşizm üzərində Qələbə Günü kimi geniş şəkildə qeyd olunur. Respublikamızda keçirilən tədbirlər 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. 1941-1945-ci illər Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə mərasimlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən qayğının, diqqətin əyani təzahürüdür. Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır. Onların həyat yolu bugünkü və gələcək nəsil üçün örnəkdir.
Böyük Vətən müharibəsində  igidlikləri, qəhrəmanlıqları, qorxmazlıqları və ən əsası vətənsevərlikləri ilə dillərə dastan olan həmvətənlərimizin davamçıları 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə 44 gün müddətinə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində də dünyanı heyrətə gətirdilər. Vətən müharibəsinin döyüş taktikası hətta inkişaf etmiş ölkələr tərəfindən öyrənilməyə başlandı. Qəhrəmanlıqları ilə qürur doğuran xalqımız bir daha sübut etdi ki, Vətən, torpaq sevgisi bizlər üçün heç nə ilə müqayisə oluna bilməz. Bu müqəddəs məfhum uğrunda zirvəyə - şəhidliyə ucalanlar daim bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaqlar. Xalqımızın Vətən sevgisi neçə əsrlər keçsə də, bir zərrə belə əsgilməyəcək.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"