Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 12:00

Müasir Azərbaycanın memarı

Həm sovetlər dönəmində, həm də müstəqilliyimizin ilk illərində Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri ilə tanınan xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizdə böyük coşqu ilə qeyd olunur. Müasir Azərbaycanın bir dövlət kimi formalaşıb beynəlxalq aləmdə yetkin nüfuza malik olmasında ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Bu gün biz fəxr edirik ki, memarı ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın vətəndaşlarıyıq.
Hələ ötən əsrin yetmişinci illərinin əvvəllərində  Azərbaycan Respublikasının ittifaq miqyasında həm kənd təsərrüfatının, həm də yüngül sənayenin yenidən sürətli inkişafına start verildi. Qısa müddətdə respublikamız  sovetlər birliyində götürdüyü öhdəlikləri vaxtında və tam olaraq yerinə yetirməsinə görə ön sırada yer aldı. Bu, əlbəttə ki, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, Ümummilli Lider ordu quruculuğuna da xüsusi önəm verirdi. Ulu Öndər o zaman Zığ qəsəbəsində yerləşən internat məktəbinin bazasında indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə ittifaq rəhbərliyi qarşısında vəsatət qaldırdı. Heydər Əliyevin yaratmış olduğu bu hərbi təmayüllü məktəbdə ilk illərdə azərbaycanlı gənclər üçün çox az yer ayrılsa da, respublika rəhbəri bundan xəbər tutur və məktəb rəisinə qəbul zamanı daha çox xalqımızın övladlarına yer ayırmasına göstəriş verir. Bundan sonra hər il onlarla azərbaycanlı gənc bu təhsil ocağını bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olurdu. Hazırda ordumuzda xidmət edən zabitlərin böyük bir qismi bu təhsil ocağında hərbi biliklərə yiyələniblər.
Müstəqilliyimizin ilk illərində ölkə hakimiyyətində siyasi böhran hökm sürməyə başladı. Erməni vandallarının Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları zaman ötdükcə daha da dərinləşməyə başladı. Bədnam ermənilər xarici havadarlarının dəstəyi və təpədən-dırnağadək silahlanmış quldur dəstələrinin təxribatı nəticəsində tarixi torpaqlarımızı işğal etdi. O zaman xalqımız nəyin bahasına olursa-olsun, torpaq itkisi ilə barışmaq fikrində deyildi. Naşı, səriştəsiz hakimiyyət ölkəni daha da dərin uçuruma doğru aparırdı. Düşməndən müdafiə olunmaq üçün yaradılan özünümüdafiə dəstələri ilk vaxtlarda erməni silahlı quldur dəstələrinə qarşı fəal döyüşsələr də, sonradan pərakəndə vəziyyətdə öz "ağa"larının qanunsuz əmrlərini icra etməyə başladılar. Həmin silahlı dəstələr vahid ordu rəhbərliyinə tabe olmaqdan müxtəlif yollarla imtina edirdilər. Ölkədə anarxiya, xaos hökm sürməyə başladı. Vətənin ağır günündə düşdüyü bu bəladan qurtarmaq üçün xalq o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevə üz tutdu. Xalqın qətiyyətli təkidi ilə Heydər Əliyev Bakıya gəldi və Milli Məclisə böyük səs çoxluğu ilə 15 iyun 1993-cü il tarixində sədr seçildi. Sonrakı tarix göstərdi ki, o, Azərbaycan xalqının üzləşdiyi bütün problemləri kökündən araşdırmaqla həllinə nail oldu.  Hər il 15 iyun 1993-cü il ölkəmizdə Qurtuluş Günü kimi qeyd olunur.
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. Dağlıq Qarabağda və Ermənistanla sərhəd boyu ərazilərdə gedən  gərgin döyüşlər daha da intensivləşdi. Əvvəlki səriştəsiz hakimiyyətdən qalan başıpozuq, vahid komandanlığa tabe olmaqdan imtina edən dəstə başçılarının uğursuz döyüş əməliyyatları məğlubiyyət yaşadırdı. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsipial mövqe ortaya qoyaraq 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Ölkə rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təəssübünü çəkən, minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında Qarabağa, döyüşə yola düşdülər. Qəhrəman döyüşçülərimiz məkrli düşmənin hücumlarının qarşısını alaraq cəbhədə əks-hücum əməliyyatları həyata keçirdilər və bir sıra yaşayış məntəqələrimizi yağılardan azad etdilər.  
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk aylarında pərakəndə silahlı dəstələr arasında vahid komandanlığa tabe olmaq istəməyən dəstə başçıları hələ də qalmaqda idi. Onlar həm cəbhədə uğurlu hərbi əməliyyatların aparılmasına mane olur, həm də dövlətçiliyimizə ən böyük təhlükə hesab olunurdular. Vahid komandanlığa tabe olan ordu birləşmələrini Müdafiə Nazirliyinin tərkibinə birləşdirmək məqsədilə ölkədə ayrı-ayrı şəxslərə xidmət göstərən  pərakəndə silahlı dəstələr ləğv edildi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının yeni mərhələsinə qədəm qoyuldu. Bir sözlə, Azərbaycanda müasir ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir.
Heydər Əliyev dövlətçiliyimizin əsasını qoymaqla, həm də onun möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan görkəmli siyasi xadimdir. Zaman keçdikcə onun necə uzaqgörən, müdrik rəhbər olduğunu görürük. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı.  Bu səbəbdən də erməni silahlıları bu ərazilərdən qeyd-şərtsiz çıxmalı idi. O zaman Ermənistan rəhbərləri ilə ulu öndər Heydər Əliyev dəfələrlə görüşlər keçirərək diplomatik yolla torpaqlarımızdan düşmən qoşunlarının çıxarılmasını tələb edirdi. Lakin qarşı tərəf hər dəfə müxtəlif bəhanələrlə  danışıqlardan yayınırdı. Azərbaycan xalqı və hakimiyyəti heç zaman işğalçılıq siyasəti ilə barışmayacağını qeyd edir və müharibənin qaçılmaz olduğunu Ermənistanın rəhbərliyinə bildirirdi. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olundu.
O zaman Heydər Əliyevin başlıca məqsədi  neftlə zəngin olan ölkəmizi inkişaf etdirmək idi. Bu məqsədlə  dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə dəvət edərək Əsrin Müqaviləsini bağladı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirməkdədir. Azərbaycan iqtisadiyyatı qısa müddətdə xeyli inkişaf etdi. Təhsil, səhiyyə və mədəniyyət sahələrində bir sıra yeniliklər baş verdi. Ölkəmizdə turizm sektoru sürətlə inkişaf etməyə başladı.
Azərbaycan xalqını daim narahat edən erməni işğalı altında qalan torpaqlarımız idi. Dövlətimizin başçısı dəfələrlə qarşı tərəfi işğala son qoymağa dəvət etsə də, düşmən bunun mümkünsüz olduğunu açıq şəkildə bəyan edirdi. Ötən ilin sentyabrın 27-də ordumuz Ermənistanın yeni ərazilərimizi işğal etmək niyyətilə həyata keçirdiyi təxribatın qarşısını alaraq əks-hücuma keçdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi nəticəsində 28 ildən artıq işğal altında qalan ərazilərimiz azad olundu. Ordusu pərən-pərən düşən düşmən Azərbaycanın Ordusu qarşısında davam gətirə bilmədi. Şuşa şəhərinin azad edilməsindən sonra ermənilərin təslim olmaqdan başqa çıxış yolu qalmadı. Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz azad edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı qələbədən sonra Şəhidlər xiyabanına və Fəxri xiyabana gedərək düşmən işğalı altında olan ərazilərimizin azad edildiyini, ulu öndər Heydər Əliyevin ona etdiyi ata nəsihətini şərəflə yerinə yetirdiyini bildirdi. Bu qələbə xalqımızın son bir neçə yüz il ərzində əldə etdiyi ən böyük qələbə oldu.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"