Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 12:05

Əsgər ata əsgər oğluyla döyüşdə görüşdü...

76 il əvvəlin bir payız günü sərin-sərin əsən yel könlü pərişanların yerişini yavaşıdırdı, gecəsiylə gündüzü dolaşıq düşənlərin səbrini daraldırdı, uşaqları yeniyetməliyə dartışdırırdı. Yeniyetmələri - cavanlığa, cavanları - davaya; müharibə başlamışdı. Adamlar bir-biriylə çəkinə-çəkinə hal-əhval tuturdu - müharibə başlamışdı. Dava Ağdamda da kənd-kənd dolaşırdı, evlərin qapılarını döyürdü. Döyülən qapıların iç tərəfində qəhər çırpınırdı, ağrı-acı gərnəşirdi, gözlərdən üzülən yaş ürəklərə süzülürdü...
Bu dava Allahsız davaydı. İki ayın içində Ağdamdan da minlərlə oğul getmişdi davaya. Onlarla döyüşçü həlak olmuşdu. "Ağ yelnən qara yel açmayan" qapıları "qara kağız"lar açırdı...
Bahadur kişi dava başlayandan döyüşlərdəydi. Ailənin qayğılarını uşaqların köməkliyiylə Zərqələm ana çəkirdi. Səbirliydi, dözümlüydü, ümidliydi, inamlıydı. Göz yaşlarını balalarından gizlədə-gizlədə gecəni səhərə, işləyə-işləyə günü gecəyə çatdırardı, "Elnən gələn qara günə darılmazlar..." - deyərdi...
Bahadur kişinin oğlu Şamil riyaziyyatı yaxşı oxuyurdu. Müəllimlər də davaya çağırılırdı. Davaya gedənləri əvəz etmək üçün son çarə kimi yaxşı oxuyan şagirdlərdən istifadə edirdilər. Raykomun təklifiylə Şamil aşağı siniflərdə riyaziyyat dərsi deyirdi; həm şagird idi, həm də müəllim...
Sentyabrda sinfə daxil olanda ürəyi burxuldu. Şagirdlərin sayı xeyli azalmışdı, hələ sümüyü bərkiməmiş uşaqlar analarına kömək etmək, bir işin qulpundan yapışmaq, güzəran "kişisi" olmaq üçün dərsə gəlmirdi...
Şamil Bahadur oğlunu da davaya çağırdılar. Anasının hamıdan gizlətdiyi göz yaşları Şamilin arxasınca atılan uğur suyu oldu. Sentyabrın axırlarıydı. Ağacların yarpaqlarına sarılıq düşürdü...
Əsgər Şamil Quliyev müxtəlif hərbi hissələrdə xidmət etdi...
1942-ci ilin payızıydı.
Hərbi hissə Mozdokdaydı. Həmin ilin payızı ötən ilin payızına bənzəmirdi; ötən il döyüşçülərdən neçəsi həlak olmuşdu, neçəsi ölümcül yaralanmışdı.
19 yaşlı Şamil Quliyev də mərdliklə döyüşürdü...
Hərbi hissə bir-iki gündən sonra döyüşən hərbi hissələrdən birinin tərkibinə göndəriləcəkdi. Əsgər Şamil Quliyev hərbi hissənin həyətində gəzişirdi. Anası düşmüşdü yadına. Yadına qardaşları, bacıları düşmüşdü. Kimsənin eşidə bilməyəcəyi səslə "Ana, ay ana..." dedi. Yadına düşdü ki, son döyüşdə əslən Bakıdan olan Səlim son nəfəsində "Oy, anammm..." demişdi. Bir ürək tutumunca qəhərlənmişdi. Buradan uzaqlaşmaq, kimsənin görə bilməyəcəyi yerə çəkilmək istəyirdi. Qarşıdan gələn ağırtaxta yerişli əsgəri görüncə duruxdu. Atası idi! Atanın qolları oğulun kürəyində çarpazlaşdı, oğulun qolları atanın. İkisinin də kürəyi göz yaşlarından islanmışdı...
Ata oğluna baxırdı, oğul atasına. Atanın da göz yaşları ürəyinə axırdı, oğulun da...
Bu duyğusal görüş mayor İvanovun da diqqətini çəkibmiş. Qayğıkeşliklə soruşdu:
- Deyəsən yerlinlə görüşmüsən.
Bahadur əsgər kimi qətiyyətlə, əsgər atası kimi qürurla:
- Yoldaş mayor, yerlim yox, oğlumdur, - dedi. İki damla göz yaşı mayor İvanovun yanaqlarını közə döndərdi.
- Oğlun xidmətini davam etdirəcək, lakin sənin isə tərxis olunmağına çalışacam, - dedi. Mayor sözünə bütöv kişiymiş...
Döyüş əmri veriləndə Şamil hansı duyumun təsiriyləsə hərbi hissənin Döyüş bayrağını belinə doladı. Serjantın əli onun çiyninə endi: - Düz edirsən, Quliyev. Bu döyüş ağır döyüş olacaq, - dedi...
Döyüş başa çatanda komandirin əmri ilə Döyüş bayrağını gətirməliydilər. Döyüş bayrağı tapılmırdı. Serjant bildirdi ki, onu qorumaq üçün döyüşdən əvvəl Quliyev belinə doladı. Şamili axtardılar. Şamil yox idi.
Yaxınlıqda bir neçə yerdə təzə torpaq təpəciyi vardı. Təpəciklərdən birinin sağ tərəfində döyüşçü ayaqları görünürdü. Tələsik torpağı kürüdülər. Bayaqdan bəri Döyüş bayrağına görə axtardıqları əsgər Şamil Quliyev idi. Mərmi partlayışı onun üstünə torpaq qalaqlayıbmış...
Yazıldı tarixə bir qızıl xətlə 45-ci ilin 9 may günü! Əsgər Şamil Quliyev də tərxis edildi.
Ali təhsil almaq istəyirdi.
Riyaziyyatı seçmədi, müharibə və müharibələr tarixini, Azərbaycanın bu müharibədə iştirakını daha mükəmməl öyrənmək, öyrəndiklərini öyrətmək niyyətiylə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini seçdi. Oxudu. Öyrəndi. Universitetin tarix fakültəsini bitirdi...
Bir il universitetdə işlədi. 1952-ci ildə onu Bakı Ali Partiya Məktəbinə dəvət etdilər...
Dinləyicilər onun mühazirələrini maraqla dinləyirdilər. Bu maraq təkcə öyrənmək həvəsi, marağı deyildi. Bu maraq həm də tarixin dünənlərini bu gün yaşatmaq niyyətiydi.   
Sonra Azərbaycan KP MK-nın orqanı olan "Kommunist" jurnalında şöbə müdiri oldu.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun müəllimi oldu. Yenə auditoriyalar, yenə mühazirələr, yenə müəllim-tələbə səmimiyyəti və yenə müharibə xatirələrinə istinadən vətənsevərlik dərsləri...
Tələbələr dosent Şamil Quliyevi təkcə müəllim kimi deyil, təkcə müharibə veteranı kimi deyil, həm də dəyərli döyüş yolu, dəyərli ömür yolu keçmiş (keçən!) bir vətəndaş kimi sevirdilər. Bu sevgi qarşılıqlı ehtiram əsasında formalaşmış sevgiydi...
9 May Böyük Vətən müharibəsində Qələbənin 76-cı ilində son nəfəsi dünənlərdə qalan veteranların ruhuna deyirik ki, unutmamışıq, unudulmayıbsınız, unudulmayacaqsınız. Övladlarınızın timsalında övladlar, nəvələrinizin timsalında nəvələr unutmayacaqlar...

Rəşid HÜSEYNOV əməkdar jurnalist