Şükürbəyli kəndi işğaldan azad edilmişdi.
Orxan Qədirovun rəhbərlik etdiyi bölməni geriyə - Ziya Feyziyevin rəhbərlik etdiyi bölmənin düşməndən təmizlədiyi zastavanın ərazisinə çağırdılar. Vətən müharibəsi başlayandan bəri belə əmrlərin mahiyyətinin döyüş olacağını bilirdilər. Döyüş əzmi ilə, qələbə ruhu ilə zastavaya tələsdilər...
Üç mənzildən ibarət yeni tikili, onun yaxınlığında qərargah binası vardı. Bir qədər aralıda köhnə baraka bənzər taxta ev görünürdü. Bir azdan biləcəkdilər ki, yeni tikilinin zirzəmisində müxtəlif növ tərəvəzlər, çoxlu sayda müxtəlif çeşidli konservləşdirilmiş yeməklər, hətta piti də vardı. Bu səviyyədə tədarük burada uzun müddət qalmaq niyyətiydi, işğalçılığa söykənən bu niyyəti Azərbaycan əsgəri çilikləmişdi.
Orxan Qədirovun əmri ilə döyüşçülər istirahət edirdilər. Müharibədə istirahət uzun çəkmir. Buna el arasında "yorğunluğun azaldılması" da deyirlər; yuxusuzların "çimir alması" da. Belə vaxtlarda torpağa dirsəklənib söhbətləşirlər, xəyalların doğmalığında olmuşları yenidən yaşayırlar - döyüş ərəfəsində döyüşçü belə anları ömrünə zamandan qazanc bilir...
Saat 8 olardı. Orxan döyüşçülərin yorğun olduğunu duyurdu, ancaq mühafizə də təşkil olunmalıydı. Döyüşçülərin gecə növbətçiliyini təşkil etdi. İki saatdan bir döyüşçülər tam təchizatla təyin olunmuş posta çıxacaq, məsuliyyətlə döyüş növbətçiliyi aparacaqdılar.
Səhərin açılmasını gözləyirdilər. Bir mahnıda deyildiyi kimi, "gecə uzandıqca uzanırdı". Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmələr də yaxınlıqdaydı. Rabitəni açıq qoymuşdular ki, şərtləşdikləri kimi, düşmənin hər hansı tərpənişi haqqında onlara da məlumat verilsin ki, köməyə vaxtında çatsınlar, nəticə etibarilə döyüşün qələbə ilə tamamlanması təmin edilsin...
Dan yeri sökülürdü. Çoxusu çimir belə ala bilməmişdi; müharibənin son gününün səhərinə can atırdı hamısı. Onlara elə gəlirdi ki, hər döyüş həmin səhəri tezləşdirir...
Saat 6 olardı. Saat 7-də maşınlar qrupu yenidən Şükürbəyliyə aparacaqdı...
Şükürbəylidəydilər.
Komandir bölmə komandirlərini - Orxan Qədirovla Sirac Siracovu yanına çağırdı. Məlum oldu ki, düşmənin 3-cü eşelonu Babək Şirinovun və Alik Yusifovun rəhbərlik etdiyi bölmənin qarşısındadı. Bu ciddi maneə aradan qaldırılmalı, düşmənin canlı qüvvəsi məhv edilməliydi ki, sonrakı döyüş əməliyyatlarının qələbə sonluğu vaxtında təmin edilsin.
Bölmələr maşınlarla Əmirvarlı kəndinin bir kilometrliyinə çatdı. Kəndə yolla deyil, yolun sağındakı əkin sahəsiylə irəlilədilər.
Üzümlüyü keçdilər, Əmirvarlı kəndinə çatdılar.
Kənd uçurulub-dağıdılmış, infrastruktur məhv edilmişdi. Bir qədər aralıda bir neçə tövlə vardı; ermənilər burada mal-qara saxlayırmışlar. Bölmələrdən biri kəndə sol cinahdan, digəri sağ cinahdan girməli idi.
Orxan Qədirovun rəhbərlik etdiyi bölmə kəndin mərkəzindən sağa meyil edərək səssizcə düşmənin arxasına sızmağa başladı. Sirac Siracovun rəhbərlik etdiyi bölmə iki manqaya bölünmüşdü. Manqanın birinə Ziya Feyziyev rəhbərlik edirdi. Yeri gəlmişkən, Ziya Feyziyev Talış kəndi istiqamətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına postun düşmənin hücumundan müdafiəsində döyüşə rəhbərlik etmişdi, düşmən geri çəkilməyə məcbur olmuşdu. Orxan Qədirovun qrupunun tərkibində Maralyan kəndi istiqamətində mühüm döyüş tapşırığını yerinə yetirərək düşmənin Araz çayı sahilində yerləşən zastavasını məhv etmişdi...
Orxan Qədirovun rəhbərlik etdiyi bölmə Əmirvarlıdaydı.
Minaatan mərmiləri torpaqda çalalar yaratmışdı, gövdəsinə qəlpələr sancılan ağaclar yanı üstə torpağa döşənmişdi. Ermənilər onların gəlişindən xəbər tutmamışdı. Evlərin arasından keçib sonuncu tikilinin yanında dayandılar. İlkin müşahidə apardılar. Burada gözləməyi qərara aldılar.
Xırda dənəli yağış yağırdı.
Orxan Qədirov da müharibəaparma nəzəriyyəsini yaxşı mənimsəmiş zabit kimi bütün gözlənilməzlikləri nəzərə alırdı. Düşmən rabitə əlaqəsini "tutardısa", bölmənin koordinatlarını müəyyən edə bilərdi. Ona görə də digər bölmələrin komandirləri ilə də, komanda məntəqəsi ilə də bölmənin yerləşdiyi mövqedən rabitə əlaqəsi yaratmırdı. Bilirdi ki, düşmən bu rabitəni "tuta bilsə", koordinatlarını öyrənəcək. Yəni, döyüş şəraitini dəyişdirə biləcək gərginliyi qabaqlayırdı. İndi də rabitə əlaqəsi yaratmaq üçün nəzarəti zabit Ramiq Babayevə tapşırıb kəndə qayıtdı. Siracla əlaqə yaratdı. Lazımi informasiyaları müzakirə etdilər...
Orxan Qədirov Ziya Feyziyevin rəhbərlik etdiyi manqanı öz üzərinə çəkərək kəndin mərkəzinə yönləndirdi. Orxanın təklifi ilə düşmən eşelonunun keçilməsi tapşırığını - döyüş əmrini bu iki manqa birlikdə yerinə yetirəcəkdi.
Dövran Orxana xəbər çatdırdı ki, eşelonun arxasında tikililər var. Döyüşün mahiyyətinə görə bölmədə snayper yoxuydu. Orxan qərara aldı ki, bu vəzifəni özü yerinə yetirsin. Həm qrupun döyüşünə rəhbərlik etmək, həm də qrupdan aralıda snayper funksiyalarını yerinə yetirmək çətin idi. Bunu necə nizama salmalı?..
Orxan Qədirov mövqedən müşahidə apardı və əmin oldu ki, Dövranın müşahidələri dəqiqdir.
Qrup Orxanın əmri ilə atəş açmadan düşmənin arxasına sızmağa başladı.
Orxan, Dövran, Vətən, Tural səngər biçimli yerə çatıb dayandılar. Rahil, Ramiq, Ülfət sağdan qamışlıq istiqamətinə keçdilər. Digər döyüşçülər arxadan sol istiqaməti tutdular ki, geri çəkilmə sektorunu qoruya bilsinlər.
Şəxsi heyətin bir hissəsi niyə sağdan qamışlıq istiqamətinə yönləndirilmişdi? - müşahidə zamanı aşkar edilmişdi ki, düşmənin "val"ı onları Əmirvarlı kəndinin sağ yüksəkliyi istiqamətində əhatələyir. Sanki ayparanın ortasındaydılar.
Sakit bir şəkildə müşahidəyə başladılar. Düşmənin səsi eşidilirdi. Qışqıra-qışqıra nəsə danışırdılar. Araları 200-300 addım ancaq olardı. Yaxınlaşan döyüş texnikalarının səsi gəlirdi. Düşmənə kömək gəlirdi...
Düşməni bir istiqamətdən zəiflədib digər istiqamətdən hücum etmək istəyirdilər.
Narın-narın yağış yağırdı. Hamı təşnəliklə döyüşün başlayacağı anı gözləyirdi. Düşmənin yerini dəqiqləşdirdilər. Hamısında tank əleyhinə qumbara vardı. Rahil Məmmədov işarəylə Orxana bildirdi ki, "RPQ" ilə düşməni vura bilər.
Rahil ilk atışda düşmənin eşelonunun arxasındakı tikililərdən birini vurdu. Qarşı tərəfdə bir qədər qorxu, bir qədər də vahiməqarışıq səs-küy qalxdı; düşmən çaxnaşma içindəydi. Rahilin ikinci qumbarası düşmənin səngərinə düşdü. Orxan həmin anlarda komanda məntəqəsinə artilleriya üçün koordinatlar ötürdü. Artilleriyamızın atışı ilə eyni vaxtda döyüşçülər də atıcı silahlarla hücuma keçdilər.
Güclü döyüş gedirdi. Düşmən sığınacaqlardan çıxıb mövqelərə qaçırdı, döyüşçülərimiz artilleriya yönləndirməsi ilə onları məhv edirdilər. Qəflətən Tural Orxana bildirdi ki, qarşıda bir nəfər atəş açmır, boylanır, elə bil harasa məlumat ötürür. Orxan snayper tüfənginin optik nişangahı ilə müşahidə etdi ki, həqiqətən də, orada bir düşmən qalxır, boylanır, sonra çöməlir. Az sonra döyüşçülərimizin mövqeyi intensiv atəşə tutulur. Orxan onun düşmən qrupunun komandiri olduğunu güman etdi. Bir qədər səbirlə gözlədi. Həmin adam başını qaldırıb yenə boylandı. Orxan ona atəş açmadı. Qalxıb bir də baxanda tətiyi çəkdi. O tərəfə çökən sakitlik 10-12 saniyə çəkdi. Birdən qarşı tərəfdən müxtəlif istiqamətlərdən atəşlər açıldı. Komandirlərinin ölümü düşməni coşdurmuşdu. Bu coşqunun ömrünü döyüşçülərimizin qətiyyəti çilik-çilik etdi.
Döyüşçülərimizin mövqeyi atışmaq üçün o qədər də əlverişli deyildi.
Qarşı tərəfdən həm erməni dilində, həm də hansısa başqa bir dildə danışıq səsləri gəlirdi.
Orxan Qədirovun rəhbərlik etdiyi bölmə böyürtkən kollarının arxasındaydı. Bu, döyüşçülərin hərəkətini bir qədər məhdudlaşdırırdı. Orxan ratsiya ilə sol cinahda olan Sirac Siracovun manqasına bildirdi ki, atəşi öz üzərinizə çəkin, biz manevr etməyə məcburuq. Belə də etdilər. Orxangilin bölməsi manevr etdiyi anlarda düşmən snayperi Rahili vurdu. Orxan bunu duyunca özünü yaralı döyüşçüyə yetirdi. Ülfət Qasımov ordaydı. Rahilə ilk tibbi yardım göstərirdi. Dövran yaralını kürəyində döyüşün içindən çıxartdı. Kolluqdan çıxdıqları anda düşmən snayperi Dövranı sinəsindən vurdu. Dövran döyüşçü yoldaşını təhlükəsiz yerə çatana kimi kürəyindən yerə qoymadı. Ora çatanda yıxıldı...
Düşmən arsenalında olan bütün silahlardan atəş açırdı. Tank əleyhinə reaktiv qumbaraatandan da. Ramiq Dövranın köməyinə tələsdi. Mövqedən çıxdığı anda ayağına güllə dəydi...
Orxanın əmri ilə birinci manqa mövqedə qalıb döyüşü davam etdirməli, digər manqa 3 yaralını təxliyə etməliydi...
Ziyagil manqa ilə sağdan, Orxangil qarşıdan, Siracgil isə soldan yaxın məsafədən atışırdı. Snayperlər yüksəklikdə döyüşçülərimizin mühafizəsinə cəlb olunmuşdu.
Sirac da, Zakir də yaralanmışdı. Vüsal onlara ilk tibbi yardım göstərirdi...
Düşmən döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu sarsıda bilməzdi...
Döyüşü az sayda döyüşçüylə davam etdirdilər - üç yaralı, yaralıları təxliyə edənlər. Qarşı tərəfə atılan güllələr sanki bir mətləbin carçısıydı: Mərə yağı, sən Azərbaycan əsgərinin qüdrəti qarşısında diz çökəcəksən!
Düşmən tab gətirə bilməzdi, qaçdı...
Döyüşçülərdən biri "Yolda öldürülməsələr gəldikləri yerəcən qaçacaqlar..." dedi. Sərin-sərin əsən payız küləyi bu kəlmələri yaxınlara-uzaqlara çatdıracaqdı...
Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"