Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda cəsur oğullarımız erməni qəsbkarlarına qarşı vuruşdular. Onlar cəsarətləri ilə düşmənə qalib gələrək 44 gün ərzində işğala son qoydular. Xalqımıza böyük sevinc yaşatdılar. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlər itkisiz ötüşmədi. Torpaqlarımızın müdafiəsinə qalxan zabit və əsgərlərimizdən Vətən yolunda canından keçənlər də oldu.
İkinci Qarabağ müharibəsində şəhid olanlardan biri də Kəlbiyev Şaiq Namiq oğludur. Əsgər Şaiq Kəlbiyev Vətən müharibəsində erməni qəsbkarları ilə 16 gün vuruşub. Bu müddət ərzində uzun illər torpaqlarımızı işğalda saxlayan erməni qəsbkarlarına sarsıdıcı zərbələr endirib. Ağdərə rayonu, Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə əsgər kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Cəsarəti və qorxmazlığı ilə həm əsgər yoldaşlarının, həm də komandirlərinin rəğbətini qazanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə əsgər Şaiq Kəlbiyev "Vətən uğrunda" medalına layiq görülüb.
Bu günlərdə Şaiq Kəlbiyevin doğulub boya-başa çatdığı Qaradağ rayonunun Sahil qəsəbəsinə üz tutduq. Gedişimizdə məqsəd şəhidin valideynləri, doğmaları ilə görüşmək, igid əsgərimizi yaxından tanımaq idi. Atası Namiqlə yaşadıqları binanın qarşısında görüşdük. Binanın divarına Şaiq Kəlbiyevin xatirə lövhəsinin vurulduğunu gördük. Şəhidin doğmaları ilə salamlaşdıqdan sonra əsgər Şaiq Kəlbiyevlə bağlı xatirələr təzələndi. Atası Namiq Kəlbiyev, anası Səkinə Kəlbiyeva övladlarını göz yaşları ilə xatırladılar.
Şaiq Kəlbiyev 10 sentyabr 1994-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya göz açıb. 2002-ci ildə qəsəbədəki 273 nömrəli orta məktəbin birinci sinfinə gedib. Dördüncü sinfə qədər bu məktəbdə oxuyub. Sonra təhsilini 319 nömrəli orta məktəbdə davam etdirib. 2012-ci ildə 9-cu sinfi bitirdikdən sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə qəbul olub. Bu təhsil ocağında başqa biliklərlə yanaşı, dizayner ixtisasına da yiyələnib.
2014-cü ildə kolleci bitirdikdən sonra ordu sıralarına yola düşüb. Hələ kiçik yaşlarından Şaiq Vətənə əsgər olmaq arzusu ilə yaşayırdı. O, cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində xidmətə başlayıb. Gənc əsgər xidməti müddətində hərbi biliklərə, silah və texnikaların sirlərinə dərindən yiyələnib. 2016-cı ilin Aprel döyüşlərində Tapqaraqoyunlu və Talış kəndi istiqamətində gedən əməliyyatlarda ön sıralarda vuruşub. Əməliyyatlarda göstərdiyi şücaət və hünərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilib.
Ordu sıralarından tərxis olunduqdan sonra Şaiq Kəlbiyev dizayner ixtisası üzrə müxtəlif müəssisə və təşkilatlarda çalışır. Həmçinin dizayner-tərtibatçı kimi televiziya proqramlarında keçirilən müxtəlif yarışlarda iştirak edir və qalib gəlir. Son vaxtlar Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Gender və Tərəqqi" İctimai Birliyində dizayner kimi çalışırdı. Gündən-günə bu sahədə təcrübəsi artır, fəaliyyətinin əhatə dairəsi genişlənirdi. Gürcüstan və Türkiyə Respublikalarına, İran İslam Respublikasına, həmçinin başqa ölkələrə səfərlər edirdi. Harada olurdusa uğurlar qazanır, Vətənini ləyaqətlə təmsil edirdi...
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi alovlanır. Azərbaycan Ordusu düşmənin qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayır. Şaiq Kəlbiyev Suqovuşan istiqamətində döyüşlərə atılır. Talış, Suqovuşan kəndlərinin, həmçinin yüksək strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində igidlik göstərir. Elə son döyüşü də strateji əhəmiyyətə malik olan yüksəkliklərin biri uğrunda olur. Müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid olur.
Atası Namiq Kəlbiyev zəhmətkeş ailə başçısıdır. Üç övladı var: iki oğlu, bir qızı. Şəhid atası dedi ki, Şaiq ikinci övladımız idi. Döyüşlər zamanı hərdən zəng edib vuruşduğunu, sağ-salamat olduğunu deyirdi. Danışığı on-on beş saniyə çəkirdi. Deyirdi ki, danışmağa da vaxt yoxdur. Hər dəfə soruşanda ki, nə vaxt qayıdacaqsan? Cavab verirdi ki, oktyabrın 18-də. Biz də intizarla həmin günü gözləyirdik. Amma oktyabrın 16-da şəhid xəbəri gəldi. Oktyabrın 18-də oğlumu böyük izdihamla Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq.
Şəhid ailəsi kimi bizə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaradağ rayon İcra Hakimiyyətinin başçısına, Sahil qəsəbəsinin bələdiyyə sədrinə, icra nümayəndəsinə və başqalarına dərin minnətdarlığımı bildirirəm”.
Şəhid anası Səkinə Kəlbiyeva oğlu ilə olan son telefon danışığından söz açdı:
- Cəbhədən zəng vuranda az danışırdı. Deyirdi ki, ana, Allah qoysa, torpaqlarımızı erməni işğalçılarından azad edəndən sonra qayıdacağam. Bax ondan sonra arxayınca oturub söhbət edərik. Amma təəssüflər olsun ki, oğlum bu istəyinə çatmadı, arzuları yarımçıq qaldı. Tez-tez deyirdi ki, ana, mən sənə yaxşı bir oğul olacağam. Elə bir oğul ki, həmişə mənimlə fəxr edəcəksən. Doğrudan da, Şaiq dediyini elədi, həm bizim üçün, həm də Vətən üçün qeyrətli oğul oldu. İndi mən oğlumla fəxr edir, qürur duyuram.
Şaiq Kəlbiyevin komandiri zabit Şəhriyar Mehdiyev Şaiqin cəsur, qorxmaz əsgər olduğunu dedi: "Həmişə öndə vuruşar, qorxmadan düşmən üzərinə gedər, dəqiq atəşlə erməni qəsbkarlarını məhv edərdi. Döyüşçü dostları da ona baxıb ürəklənərdilər. Şaiq Kəlbiyev kimi cəsur, vətənpərvər övlad böyütdüklərinə görə valideynlərinə dərin minnətdarlığımı bildirirəm. Şaiqin xatirəsi daim qəlbimizdə yaşayacaq".
- Əks-hücum əməliyyatlarının ilk günlərindən Şaiqlə çiyin-çiyinə vuruşurduq, - deyə əsgər Mərhəmət Kazımov söhbətimizə qoşuldu. - Bütün əməliyyatlarda igidlik, şücaət göstərirdi. Sanki onda qorxu hissi yox idi, cəsarətlə, hünərlə vuruşurdu.
Valideynləri otaqların birində Şaiqə guşə düzəldiblər. Şaiqin bir vaxtlar oxuduğu kitablara baxıram. Burada türk yazıçısı Orxan Pamukdan tutmuş, Avropa ədəbiyyatına qədər nümunələr var. Kitablardan birinin vərəqini qatlanan görürəm. Məşhur yazıçı Mark Levinin "Yenidən başlamaq mümkün olsaydı" kitabıdır. Şaiqin bu kitabı sonacan oxumağa vaxtı çatmayıb. Yəqin ki, bu kitabı oxumaqda cəsur əsgərin məqsədi hər şeyi yenidən başlamağın yollarını öyrənmək olub. Bəlkə də ümid edib ki, hər şeyi yenidən başlaya bilsə, bütün arzuları çiçək açacaq. Şaiqin yarımçıq qalmış arzularını doğmaları, əzizləri davam etdirəcəklər.
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"