Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

Döyüşdən sonra...

Şiddətli döyüşlər gedirdi. Bir-birinin ardınca gələn qələbə xəbərləri hamını ruhlandırırdı. Vətən torpaqlarının işğalına son qoyulurdu.
Cəbhədə əldə olunan uğurlar hər kəsin sonsuz sevincinə səbəb olurdu. Xalq bütövlükdə ölkə başçısının ətrafında sıx birləşib cəbhədə döyüşən oğullarımıza hər cür yardım edirdi. Bunun qarşılığında rəşadətli ordumuz düşmənin on illər boyu hazırladıqları "top dağıtmaz" istehkamlarını inamla darmadağın edərək addım-addım irəliləyirdi. Əlbəttə ki, bu cür gərgin döyüşlər itkisiz də mümkün deyildi.
Həmsöhbət olmaq istədiyim boylu-buxunlu, yaşca digərlərindən seçilən  döyüşçü Mənaf Muradov əvvəlcə ünsiyyət saxlamaqdan yayındı. Bir üzünə sevinc, bir üzünə kədər çökmüş bu cəsur döyüşçünün həm də qəlbində deyəcək çox sözü olduğu hiss olunurdu. “Sağlıq olsun, torpaqlarımızı azad edək, müharibə bitsin, sonra keçdiyimiz döyüş yolumuzdan danışarıq”, - Mənaf dedi.
Mənafla növbəti görüşümüz rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən sonra baş tutdu.
Öyrəndik ki, Mənaf Əkbər oğlu Muradov 1977-ci ildə Kəlbəcər rayonunun Alxaslı kəndində anadan olub. Bütün kəlbəcərlilərin taleyinə yazılmış elindən, obasından didərgin düşmək kimi acı həyat Mənafdan da yan keçməyib. Torpaq itkisi bu illər ərzində ona olmazın əzab-əziyyət versə də, heç vaxt ruhdan düşməyib. Nə vaxtsa doğma Kəlbəcərə qayıdacağına əmin olub. Aprel döyüşlərindən sonra Mənaf torpaqlarımızın azad ediləcəyi günün yaxınlaşdığını hiss edib və ordu sıralarına yazılmaq qərarına gəlib. Düşmənlə təmas xəttində yerləşən hərbi hissədə sanitar-təlimatçı kimi xidmətə başlayıb. Müharibənin ilk günlərini Mənaf belə xatırlayır:
- Həmin ərəfədə müdafiə olunduğumuz istiqamətdə ermənilər çox fəallaşmışdılar. Düşmən ağır silahlardan, o cümlədən artilleriyadan mövqelərimizi vururdu. Bu cür gərginliyi biz heç vaxt yaşamamışdıq. Sentyabrın 27-də bölməmiz düşməni susdurmaq üçün hücuma keçdi. Olduqca çətin anlarımız başladı. Son anda düşmən mövqelərinə daxil ola bildik. Bacarıqlı komandirlərin rəhbərliyi altında igid oğullarımız düşmənə aman vermədi. Güclü müqavimət göstərməklərinə baxmayaraq, onlar döyüşçülərimizin rəşadəti qarşısında duruş gətirə bilmədilər.
Talış, Ağuçuq və Suqovuşan istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Mənaf "Qaranlıq meşə" adlanan ərazidə döyüşlərin son dərəcə ağır keçdiyini dedi. Azad edilmiş ərazilərin düşmən tərəfindən yenidən işğala məruz qalması təhlükəsinin qarşısı qətiyyətlə alındı. Oktyabrın 30-da mənfur düşmənin atdığı mərmi Mənafın yaxınlığına düşüb və yaralansa da xoş bir təsadüfdən sağ qalıb. O, sağalandan sonra xidmət yerinə qayıdıb.  Mənaf Muradov dövlət başçısının Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.    
Zabitlərdən Mansur Hüseynovun və Elnur Hacıyevin yüksək döyüşçü peşəkarlığı sayəsində hərbi hissə düşmənə sarsıdıcı zərbələr vurub. İgid döyüşçülərdən Vüsət Nuriyevin, Əli Surxayevin və başqalarının misilsiz döyüş bacarıqları nəticəsində təyin edilmiş hədəfləri məhv etməyə müvəffəq olublar. Mənaf qəhrəman döyüşçülərdən söz düşəndə şəhid  kapitan Kənan İsrafilovun qətiyyətindən bəhs etdi.
Mənaf Muradov hazırda ailəsi ilə birlikdə Naftalan şəhərində yaşayır. İki qız övladı  var. Mənafın ən böyük arzusu doğma kəndinə qayıdaraq mənfur erməni faşistlərinin viran qoyduğu yurd yerlərini bərpa edərək qalan ömrünü firavan yaşamaqdır.

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"