Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

Qələbədən sonra görüşməyə əhd etmişdilər

Niyaməddin Musayev 1997-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuşdu. O da digər həmyaşıdları kimi uşaqlıq illərinin qayğısızlığı ilə böyümüşdü. Yaşar Əsgərov adına orta məktəbi əla qiymətlərlə bitirmişdi. O da bilirdi ki, Ermənistan torpaqlarımızı işğal edib. O da bilirdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur, dünyanın ən güclü ordularından biridir. O da bilirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək. Bu düşüncələr Azərbaycan gəncliyinin ümumi düşüncəsinin tərkib hissələrindəndir. Bu əqidəylə gəncləşmişdi, çağırış yaşına çatmışdı.
Niyaməddin Musayev 2015-ci ildə hərbi xidmətə çağırıldı. Hərbi hissələrdə gənc əsgərləri qabiliyyətinə görə ixtisaslara cəlb edirlər. Atıcılığa marağı, qabiliyyəti olduğuna görə onu atıcılıq kursuna cəlb etdilər. Həvəslə oxudu, öyrəndi. Nəzəri biliklərini təcrübədə də təsdiq etdi.
Nümunəvi əsgər idi Niyaməddin Musayev. Hələ hərbi xidmətə çağırılmamışdan atasından maşın təmir etməyi də öyrənmişdi. Necə deyərlər, bu, Niyaməddinin hərbi hissədə ikinci ixtisası olmuşdu. Asudə vaxtlarında sürücü əsgər yoldaşlarından köməyini əsirgəmirdi. "Sizin maşınlarınızı döyüşə özüm hazırlayacam..." - deyirdi. Bu istək Niyaməddinin, Niyaməddinin timsalında bütün əsgərlərin hərbi xidmət niyyətiydi.
Asudə vaxtlarda söhbətləşirdilər. Nədən danışırdılar? - Vətən sevgisindən, Ali Baş Komandanın verəcəyi döyüş əmrindən, qələbəylə nəticələnəcək döyüşlərdən, Qələbədən, qalib əsgər kimi tərxis ediləcəklərindən. Onda Niyaməddin Musayev şəhidlikdən, şəhidlərimizdən danışmışdı: "Hər yerdə şəhidlərə böyük ehtiram var. Mən şəhidlərə də qazi deyərdim. Ruhu sıramızda olanlar, əlbəttə ki, qazidi. Şəhidlərimiz ürəyimizdə həm də qazi kimi yaşayacaqdır ..." - demişdi. Bir də, "Torpaqlarımızın işğaldan azad edilməsi sevincini sizin sıranızda yaşamaq istəyirəm", - demişdi...
O da döyüş növbətçiliyinə gedirdi, komandirinin əmrlərini məsuliyyətlə yerinə yetirirdi. Döyüş və mənəvi-psixoloji hazırlığı ilə fərqlənirdi. Hərbi hissədən ailələrinə təşəkkür məktubu göndərilmişdi, atıcılıq üzrə yarışlarda birinci yeri tutmuşdu, həm xidmətinə görə, həm də yarışlarda qazandığı nailiyyətlərə görə təşəkkürlər almışdı...
Niyaməddin hərbi xidmətdən tərxis olundu. Yeniyetməliyindən öyrəndiyi, hərbi xidmətdə təkmilləşdirdiyi peşənin "qulpundan yapışdı", maşın təmiri ustası oldu. Cavan olsa da, maşınının təmirini ona etibar edənlər çox idi. Hərdən maşın sahibləriylə kəlmələşirdi də. Hərbi xidmətdə asudə vaxtlarda olduğu kimi, yenə Vətəndən danışardılar, torpaqlarımızın işğalda olmasından danışardılar. "Döyüşlər olanda mütləq gedəcəm, yəqin ixtisasımı nəzərə alıb xahişimə yox deməzlər...", - Niyaməddin belə deyərdi. Həmsöhbəti onunla tərəddüdsüz razılaşardı: "Hamımız getməliyik", - deyərdi...
Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı.
Vətən müharibəsi hamını əsgərləşdirmişdi. Cavanlar da, Birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə getmək istəyirdilər...
Niyaməddin Musayev də döyüşlərdəydi.
Niyaməddin Musayev Murovdağ istiqamətində döyüşmüşdü. Sonra onun xidmət etdiyi bölməni Hadrut istiqamətinə göndərdilər. Döyüşürdülər, düşmənin müqavimətini qıra-qıra döyüşürdülər. Komandirlərinin hər əmrini böyük məsuliyyətlə, müharibə dövrünün ciddiyyətiylə yerinə yetirirdilər. Mövqe-mövqe qələbələr qazanırdılar...
Niyaməddin Musayev Füzuli istiqamətində də döyüşürdü. Rəhbərlik onun təcrübəsindən, atıcılıq qabiliyyətindən bəhrələnirdi. Bəzən döyüşdən qabaq ona ayrıca tapşırıq verilirdi. Bu tapşırıq az sonra başlayacaq əməliyyatın tərkib hissəsi olurdu. Belə döyüşlərin məsuliyyəti daha böyük olur; döyüşçüyə ayrıca tapşırıq verilibsə, mütləq yerinə yetirilməlidir. Yəni, bu tapşırıq olduqca vacib tapşırıq olur, bəlkə də sonrakı döyüşün gedişinə təsir göstərə biləcək səviyyədə gərəkli olur...
Düşmən Füzulidə də möhkəm müdafiə sədləri yaradıbmış. Ona görə ciddi müqavimət göstərə bilirdi. Azərbaycan əsgərinin qətiyyəti, yüksək döyüş qabiliyyəti bu səddi də darmadağın etdi. Bu əsgərlərin sırasında Niyaməddin Musayev də vardı...
"Döyüşə-döyüşə Şuşaya yaxınlaşırıq", - döyüşçü yoldaşlarına belə deyirdi; qollar kürəklərdə çarpazlaşırdı. "Bura qələbədən sonra gələrik, qələbədən sonra doyunca söhbətləşərik", - belə əhd elədilər...
Oktyabrın 25-də döyüşdə Niyaməddin Musayev şəhid oldu...
Hər şəhid ömrü qazanılan qələbənin işığıdı. Bu işıq əbədiyyət işığıdı, əbədiyyətin işığıdı.
Əsgər Niyaməddin Musayev "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"