Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2021 12:00

Gender bərabərliyinə həsr olunmuş tədbir keçirildi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzeti redaksiyası,  Sənədli və Tədris Filmləri Mərkəzinin hərbi qulluqçuları və mülki əməkdaşları ilə görüş keçirdilər.
Şöbə rəisi Zümrüd Səmədova çıxışının əvvəlində 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınının rolunu qeyd edərək bildirdi ki, o ağır günlərdə ana və bacılarımız gecə-gündüz həm arxa, həm də ön cəbhədə çalışdılar. “Bu sırada dayanan cəsarətli tibb işçilərimizin və ön cəbhədə döyüşən hərbçilərimizə hazır yeməklərin təminatında köməyini əsirgəməyən xanımlarımızın fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Torpaq uğrunda, Azərbaycanımızın ərazi bütövlüyü naminə döyüş meydanında qəhrəmanlıqlar göstərən, ölümün gözünə qorxmadan baxan igidlərimizin hər birini Azərbaycan anası tərbiyə edib, vətənpərvər ruhda böyüdüb. İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədə ləyaqətlə öz oğullarına, həyat yoldaşlarına mənəvi və maddi dayaq olan, döyüşlərdə iştirak edən hünərli Azərbaycan oğullarına ruh verən, ön cəbhədə yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərən də Azərbaycan qadını olub.  Biz çox gözəl bilirik ki, əsrlər boyu Koroğlunun Nigarı, Qaçaq Nəbiyə ruh verən Həcər kimi qadınlarımız həm də döyüş meydanında kişilərin yaxın silahdaşları, arxa-dayağı olublar. Vətən müharibəsi bizim şöbə də az iş görmədi. Şəhid ana və bacılarının, xanımlarının yanında olduq, dəfn mərasimlərinin təşkilində iştirak etdik, daim onların problemləri ilə maraqlandıq, mənəvi dəstəyimizi əsirgəmədik”.
Gender bərabərliyindən danışan şöbə rəisi bu gün nəinki ailə, məktəb və iş yerləri, həmçinin yeni informasiya texnologiyalarının, müsiqi, filmlər də daxil olmaqla kütləvi informasiya vasitələrinin də sosiallaşmaya təsir göstərdiyini dedi. “Gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender balansının qorunması istiqamətində də mühüm addımlar atıldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. Ulu Öndər Azərbaycan qadınının müsbət keyfiyyətlərini daima xüsusi vurğulayaraq, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmışdır”.
Z.Səmədova Azərbaycanda cəmiyyətin bütün həssas zümrələri kimi qadınların da hüquqlarının etibarlı müdafiəçisinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu gün gender bərabərliyi uğrunda hərəkatın ön cərgəsində addımladığını qeyd etdi. “Son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olub. Xüsusi vurğulamaq lazımdır ki, müstəqil, demokratik respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azrbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır”.
Şöbə rəisi çıxışının sonunda onu da qeyd etdi ki, Azərbaycan Ordusunda fəaliyyət göstərən Qadınlar və Hərbi Qulluqçuların ailələri ilə İş üzrə şöbənin bu günə kimi fəaliyyətində qarşısına qoyduğu məqsəd budur: “Orduda çalışan qadın heyətinin hüquqlarının müdafiəsində durmaq, problemlərinin həlli istiqamətində səmərəli işlər aparmaq, hərbçi ailələrinə mənəvi dəstək olmaq, şəhid aillərinin problemləri ilə yaxından maraqlanıb onlara kömək etmək, şəhid və qazi ailərində olan xəstə uşaqlara tibbi yardım göstərməklə yanaşı, onların gələcəkdə sosial həyata inteqrasiyasında fəal iştirak etməkdir”.   
Şöbənin əməkdaşı dövlət qulluqçusu Sairə Rəsulova çıxışında Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin təbliğində göstərdiyi xidmətlərindən bəhs etdi. “Xalqımızın adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Xalqımız üçün ana müqəddəs simadır. Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı İslam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və “Qurani-Kərim”də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərin birində buyurur ki, qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin  ananız, qızınız və xalanızdır”.
Keçirilən görüşdə Azərbaycan cəmiyyətində, ümumilikdə Azərbaycan Ordusunda gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində geniş, məzmunlu çıxışlar edildi, diskussiyalar, müzakirələr aparıldı, xüsusilə qadın hərbi qulluqçuları və mülki əməkdaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

 Lalə HÜSEYNOVA,  “Azərbaycan Ordusu”