Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2021 08:43

Erməni vandalizminin qanlı əməlləri

Özlərinin güclü havadarlarına arxalanan ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı və qırğınlar törədiblər. XX əsrin əvvəllərində - 1905-ci ildə, həmçinin 1918-ci ildə mart soyqırımı, əsrin sonunda - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı. Tarixin yaddaşına həkk olunmuş bu qanlı salnamələr bütün türk dünyası, həmçinin bəşəriyyət üçün bir ibrət dərsidir. Erməni vəhşiliyini göstərən danılmaz tarixi faktlardır.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən çox yaşı var. Bu siyasətin məqsədi azərbaycanlıları öz doğma dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "böyük Ermənistan" dövləti yaratmaqdır. Öz mənfur və təhlükəli siyasətlərini həyata keçirmək üçün ermənilər tarix boyu ağlasığmayan müxtəlif forma və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə edib, dövlət səviyyəsində separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləyiblər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar yaradaraq, erməni diasporunun və lobbisinin bütün imkan və vasitələrini səfərbər ediblər. XIX əsrin birinci rübündə Rusiya və İran arasında gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisinə İran və Türkiyədə yaşayan ermənilərin məqsədli şəkildə kütləvi surətdə köçürülməsinə başlanılıb, burada demoqrafik vəziyyət süni surətdə dəyişdirilib. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar. Xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış məskənləri dağıdılıb yerlə-yeksan edilmişdir.  
Torpaqlarımıza göz dikmiş erməni işğalçılarının soyqırımı siyasəti bu gün yenə də böyük amansızlıqla davam edir. Əsrlərdir xalqımız erməni vəhşiliyindən, erməni vandalizmindən əziyyət çəkir. Bu günə qədər minlərlə insan erməni soyqırımının qurbanı olub.
Bütün bunlara əsaslanıb demək olar ki, Azərbaycan xalqının çətin, keşməkeşli, faciələrlə üz-üzə dayandığı günlər az olmayıb. Erməni hücumları, erməni basqınları, erməni təhlükəsi həmişə olub, bu gün də davam etməkdədir. Amma xalqımız həmişə üzləşdiyi ağır günlərdən məğrurcasına çıxıb. Düşmənə qarşı qorxmadan vuruşub, döyüş meydanlarında hünər və rəşadət göstərib.
Son iki əsrdə Azərbaycan xalqının rastlaşdığı faciələrdə, ağır sınaqlarda, qanlı hadisələrdə ya birbaşa, ya da dolayısı ilə erməni qaniçənlərinin, erməni vandalizminin izi var. Erməni siyasətçiləri tərəfindən planlaşdırılmış şəkildə istiqamətləndirilən daşnaklar qonşu xalqların torpaqlarını ələ keçirmək üçün yaranmış tarixi şərait və imkandan bacarıqla yararlanmağa çalışmışlar. Həmişə də gizli məqsədlərinə açıq şəkildə nail olmuşlar.
Xalqımıza qarşı törədilən soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyev 26 mart 1998-ci il tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzaladı. Həmin fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə həkk olundu. Böyük əhəmiyyəti olan bu sənəddə Azərbaycan XlX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görülməmiş vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların tariximizdə ilk dəfə olaraq rəsmən adı çəkilir. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1989 və 1992-ci illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri geniş şəkildə açılır.
XlX əsrin əvvəllərində çar Rusiyası və İran arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri imzalandıqdan sonra Rusiya qədim Azərbaycan torpaqlarında bufer zona düzəltmək üçün erməni dövlətini yaratmaq planını işə salmışdır. Hələ 300 il əvvəl imperiyanın gələcəyi barədə fikirləşən rus imperatoru Pyotr cənuba göndərdiyi qasidlərə tapşırmışdı: "Onları (erməniləri) toplayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun".
Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan (indiki Yerevan) Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Ordubad, Dərələyəz, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən böyük üstünlük təşkil edirdilər. Bir müddətdən sonra azərbaycanlıların bu ərazilərdən zorla çıxarılmasına başlanıldı. İndiki Ermənistan və Dağlıq Qarabağ ərazilərindən azərbaycanlıların kütləvi şəkildə çıxarılması, dinc əhaliyə qarşı zorakılıq və vəhşiliklər XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə geniş vüsət almışdır. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Qazax və Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan-böyüyə amansızcasına qətlə yetirilmişdir. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907, 1918-1920) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən amansızcasına qətlə yetirilmiş, öz evindən, dədə-baba ocaqlarından zorla qovulmuşdur.
1918-ci ildə mart qırğını zamanı Bakının təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan gizlənməyə çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli hadisələrin sırasındadır. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakin amansızcasına qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış, uçurulmuş və yerlə-yeksan edilmişdir.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi ermənilər tərəfindən tamamilə yandırılmış və əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərlərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmişdir. Bu qanlı hadisələrdə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür.
1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar amansızcasına qətlə yetirilmişdir. Ermənilərin vəhşi hücumları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 4 mindən çox azərbaycanlı əsir və itkin düşmüş, girov götürülmüşdür.
Bu gün Azərbaycanda erməni millətçilərinin zülmündən bu və ya başqa formada zərər çəkməyən ailə tapmaq çox çətindir. Xalqımız erməni soyqırımı qurbanlarının xatirələrini həmişə əziz tutur, hörmətlə anır. İnanırıq ki, vaxt gələcək ermənilər xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrinə görə tarix qarşısında cavab verəcəklər.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başladı. Şanlı Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı qəsbkarlardan azad etdi. 44 gün davam edən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vuruldu. Erməni işğalçıları üzərində qələbələr, zəfərlər qazanıldı.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"