Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2021 11:00

Şükürbəylidə əsən yellərin qanadları yorulmamışdı...

Karxulu kəndini işğaldan azad etmişdilər. Hamısı bu qələbəni tam qələbənin tərkib hissəsi bilir, bir-birini təbrik edirdilər. Bu təbriklərin mahiyyəti "Sən mərdliklə döyüşdün" ehtiramıydı, "Sən igidsən, qardaş..." sevgisiydi. Necə gözəl anlarıydı, necə!..
Hərdən adama elə gəlir ki, zaman dayanıb - görməli olduğun işi görməyə tələsəndə, həsrətinə yetmə ərəfəsində, niyyətini gerçəkləşdirmək istəyəndə, ... düşüncələrində gözəgörünməz bir titrəyiş yaranır. Vətənə gərəkdirsə, ləngidiyi güman edilən anlar duyumluların ömrünün çən-çisəyinə dönür. Müharibədə bu duyğuları döyüşçülər bir qədər də həyəcanla yaşayır. Onda ömrü uzanan saniyələr bir ürək tutumunca qınanır. Onda döyüşçünün ürəyi gecədirsə, dan yerinə, gündüzdürsə, şər qarışana meyillənir. Vətən müharibəsində zabit Orxan Qədirovun rəhbərlik etdiyi qrupun döyüşçüləri Şükürbəyli istiqamətində hərəkətə başlama ərəfəsində bu duyğuların ruhmisal cazibəsindəydilər; zaman ötüşmürdü, vaxt dayanmışdı elə bil. Hamı düşmənin son nəfəsinə dönəcək güllələrin atılacağı anlara tələsirdi. Bu anların yaşadacağı qələbə sevinci sonrakı döyüşlərin başlanğıcı olacaqdı...
Hücumu Şükürbəyli kəndi istiqamətində davam etdirəcəkdilər. Döyüşçülər komandirlərinə, komandir uzaqlara baxırdı. Şükürbəyliyə sarı əsən yellərin qanadlarının yorulmadığını döyüşçülərin hamısı duyurdu.
"Əlini gözünün üstünə qoyub baxanlar" Şükürbəyli kəndini aydınlığıyla görürdü. O boyda kənddə cəmi 2-3 salamat bina qalmışdı. Orxan Qədirov Şükürbəylinin hüdudlarında olduqlarını da, kənddə evlərin dağıdıldığını da rabitə vasitəsilə komandirə bildirdi. Ona ehtiyatlı olmağı tapşırdılar. Bildirdilər ki, hücumu Ziya Feyziyevin qrupu ilə qarşılıqlı koordinasiya əsasında aparmalısınız, həmin qrupa zabit Sirac Siracov rəhbərlik edəcək.  
Xüsusi rabitə vasitəsi olsa da, Sirac Siracovla rabitə əlaqəsi müntəzəm alınmırdı. Yolun solu-sağı adam boyundan da hündür qamışlıq idi. Yuxarıda olduğu üçün Orxan Qədirovun qrupuna daxil olan döyüşçülər hər yeri maneəsiz görür, davamlı müşahidə aparırdılar. Ziya Feyziyevin qrupundan 400-500 addım aralıda bir tikili diqqətlərini çəkdi, bunu da, digər diqqəti çəkən oriyentirləri də Sirac Siracova çatdırdılar.
Yeniyetməliyimdə Qaraxaç yaylağında könüləyatımlı Xram adlı çəmənzara gedəndə təpələr silsiləsini də aşardıq. Bir təpəni aşanda da, o təpədən enəndə də təpəliklərdə olanların baxışları altında olursan. Müharibədə belə relyefdə irəliləməyin çətinliyini ifadə etməyə qüdrətim çatmaz. O çətinliyin necə çətinlik olduğunu döyüşənlər bilər. Döyüşçülər bilir, oxucu da bilsin ki, belə çətin anlar bəzən ruhu candan da ayırır, ömür də gödəldir...
Orxan Qədirovun qrupu təpələrdən birinin aşağısı ilə irəliləyirdi. Öndə olan dozor bildirdi ki, qarşıda düşmən mövqeyinə bənzəyən maneə görünür. Qrup bir-birinə bağlı olan təpəliklər silsiləsini bir qədər maili keçərək düzənliyə çıxdı. Qarşılarında  xeyli uzaqlarda səngərə bənzəyən mövqe göründü. Bu, dozorun bildirdiyi maneə idi. Düşmən onların gəlişini duymuş olsa, qrupu yaxına buraxar, pusqu qura bilərdi. Bu ehtimala görə Orxan Qədirov qrupu iki yarımqrupa ayırdı. İkinci yarımqrupa rəhbərliyi zabit Ələkbər İsazadəyə (qrup komandirinin müavini kimi yarımqrupa rəhbərlik etmək onun vəzifə borcu idi) tapşırdı. Hər iki yarımqrup  Orxan Qədirovun ümumi rəhbərliyi ilə əmrin icrasına başladı; Ələkbər İsazadənin yarımqrupu silsilənin solundan keçəcəkdi, zabit Ramiq Babayevin rəhbərlik etdiyi yarımqrup qarşıdakı mövqeyə hücum edəcəkdi.
Əməliyyata başladılar. Orxan Qədirov Ələkbər İsazadənin rəhbərlik etdiyi yarımqrupun solla hərəkətini müşahidə edirdi. Onlara tapşırılmışdı ki, atəş açmasınlar, düşmən o biri yarımqrupa atışa başlasa, soldan "L" şəkilli hücum etsinlər. Orxan Qədirovun daxil olduğu  yarımqrup bir xətt yana açılaraq sıçrama üsulu ilə düşmənə qarşıdan hücuma başladı. Düşmən onları bu istiqamətdən gözləmədiyi üçün oraları minalamayıbmış. Ələkbər İsazadənin rəhbərlik etdiyi yarımqrup müəyyənləşdirilmiş mövqeyə çatıb Orxan Qədirovdan xəbər gözləyirdi. Orxangil həmin mövqeyə 300 metr yaxınlaşanda qarşıda düşmənin tərpənişini müşahidə etdilər. Qalib Rəhimovla Namiq Nuriyev sağa açılaraq qrupun açılış xəttini xeyli genişləndirdilər. Hamısı xəttə çatanda Orxan Qədirov hücum əmri verdi. Atışma başladı. Düşmən o biri yarımqrupdan hələ ki, xəbərsiziydi.
Hava çox gözəl idi. Ara-sıra qara buludlar görünürdü. Yağış yağacağı deyilmişdi.
Düşmənin atışını üzərlərinə çəkdilər. Daraqdəyişmə anında bir neçə saniyəlik durğunluq yaranır. Döyüşçülərimiz bunu mükəmməl öyrəndiklərindən atışlarında belə hal olmurdu, atışın intensivliyi aşağı düşmürdü. Həm də qrupun üzvləri atışda da bir-birini gözəl anlayırdı. Qrupun bu səviyyədə döyüşü düşməndə belə bir rəy yaradırdı ki, hücuma keçənlərin sayı xeyli çoxdu. Düşmənin daraqdəyişmə anında, atışı zəifləyəndə Orxan Qədirov qrupun döyüşçülərinə atışı saxlamaq, Ələkbər İsazadənin qrupuna hücuma keçmək əmri verdi. Yarımqrup düşmənin səngərinə girdi. Həmin anlarda birinci yarımqrup səngərə ön tərəfdən hücum etdi. Düşmənin müdafiəolunma imkanları xeyli azalanda birinci qrup manevrlə istiqamətini dəyişərək hücumu elə təşkil etdi ki, düşmən hücumun hansı tərəfdən edildiyini müəyyənləşdirə bilmədi. Arzuladıqları çaşqınlıq yarandı...
Mövqedəki düşmənlər məhv edildi...
Komandanlığa məruzə edildi....
Şükürbəylini həmin gün  azad etmək istəyirdilər.
Təxminən 5 kilometr irəlilədikdən sonra Şükürbəylinin üstündəydilər.
Arada heykəl şəkilli böyük bir dairə, dairənin üstündə ermənilik nişanı vardı. Bura üç yolun kəsişməsiydi. Sonradan biləcəkdilər ki, yollardan biri ilə - Orxan Qədirovun daxil olduğu yarımqrupun solu ilə Sirac Siracovun rəhbərlik etdiyi qrup gəlir. Yollardan biri Cəbrayıl rayonuna, digəri Soltanlı kəndi istiqamətinə aparır.
Dairənin solunda hərbi hissə vardı. Orxan dərhal komandirlə əlaqə yaratdı, bildirdi ki, qarşıda iki bina var, bir uzun antena dirəyində kamera quraşdırılıb, iri üçbucaq formasında böyük  elektrik dirəyində bir qurğu görünür. Əmr verildi ki, ora Sirac Siracovun qrupu yoldan, Orxan Qədirovun qrupu təpələrdən hücum etsin.
Şükürbəyli təpədən sağda, Orxan Qədirovun qrupunun solundaydı, sağlarında bir kəndin xarabalıqları görünürdü. Aralarındakı məsafə 500-1000 metr ancaq olardı. Xarabalıqdan bu istiqamətə minaatanlardan atəş açılırdı.
Zabit Tariyel Zöhrabov rabitə ilə bildirdi ki, hələ kəndə girməyin, ora artilleriya ilə atış aparacağıq, atışdan sonra girərsiniz. Belə də oldu. Ora beş-altı mərmi düşdükdən sonra Orxanın qrupu hərəkətə başladı. Atəş açmırdılar, xarabalıq və qamışlıqların arası ilə irəliləyir, kəndə gizlincə sızırdılar.
Artilleriya atışından sonra düşmən xarabalıqlara doğru qaçırdı. Onlara elə gəlmişdi ki, hücum ancaq artilleriya atışından ibarətdir.
Orxan Qədirovun qrupu xarabalığın içindəydi. Bu an bir düşmən qadını qaçaraq onlara tərəf gəlirdi. Onlardan xəbərsiziydimi, təxribatıydımı, erməniliyiydimi, hər nəyiydisə, qaçaraq yaxınlaşırdı. Sağ tutduqları qadından öyrəndilər ki, burada atışanların çoxusu qaçıb, orada təxminən on nəfər qalıb, onlar da qaçır.
Sirac Siracovun qrupu atışa başlamışdı. Bu anda Orxan Qədirovun qrupu sağ tərəfdən atışa dəstək verərək düşmənin taborunun ərazisinə sızmağa başladı. Oradan bir QAZ-31 markalı maşının Sultanlı kəndi istiqamətinə getdiyini gördülər. Bu, hücumun səviyyəsini də, düşmənin niyyətini də müəyyənləşdirməyə yardımçı oldu...
İki istiqamətdən hücuma məruz qalan, müqavimət əzmi qırılan, az sayda döyüşçünün hücumunu dayandırmağa gücü çatmayan düşmən çoxlu sayda itki verdi.
Əmrin yerinə yetirildiyini məruzə etdilər...
İki bina var idi. Biri hərbi hissənin qərargahı, sinif otaqları, rəhbərliyin xidməti otaqları idi, digərində ailələr yaşayırmış. Binanın həyətində idman kompleksi, digər tərəfdə zirzəmidə təminat anbarı vardı. Düşmən buradan uzaqlaşdırılacağını güman etmirmiş...
Nələri var idisə, hər şeyi qoyub qaçmışdılar. Həyətdə çoxlu sayda kisələrdə kök, kələm, ət,  toyuq vardı. Yeni gətirilibmiş. Döyüşçülərimizin kinayəli baxışları kisələrdən yayınıb qarşı tərəfə dikildi...
Düşmənin mövqe məğlubiyyəti, qaçması döyüşçülərimizin qələbə ruhunu kükrətmişdi. Şükürbəylidən əsən yellərin qanadlarının Zəfər gününəcən yorulmayacağına əminiydilər...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist