Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2021 11:00

Qoşunların döyüş təminatının bir növü də kimya təminatı və kütləvi qırğın silahlarından qorunmaqdır

Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün ordusunu kütləvi qırğın silahları ilə təchiz etməkdədirlər. Son dövrlərdə baş vermiş lokal müharibələrdə kimyəvi və bioloji silahlardan istifadə faktlarının olması insanlar üçün böyük təhlükə törədən kütləvi qırğın silahlarından qorunma ilə bağlı məsələlərin aktuallığını daha da artırır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə əsasən dünya dövlətləri nüvə, kimyəvi, bioloji silahların və onların daşınma vasitələrinin yayılmasının qarşısını almaq üçün hər cür tədbirlər görməyi, o cümlədən bu silahlara aid materiallara lazımi nəzarət etməyi öhdəlik götürüblər. Buna baxmayaraq kimyəvi və bioloji silah istehsal edən ölkələrin sayı bu gün də artmaqdadır. Döyüşlərdə kütləvi qırğın silahlarının tətbiq edilməsi şəxsi heyətin və texnikanın itkilərinə, böyük çirklənmə və dağılma zonalarının yaranmasına, radioaktiv və kimyəvi şəraitin kəskin dəyişməsinə gətirib çıxarır.
Kimyəvi və bioloji silahlar nədir və istifadəsinin aşkarlandığı ərazilərdə hansı təhlükəsizlik qaydalarına əməl olunması barədə dolğun məlumatı Vətən müharibəsinin iştirakçısı, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (KQSM) baş müəllimi - Kimya Xidməti rəisi mayor Rafiq Bəhramovdan öyrəndik. Təcrübəli zabit kütləvi qırğın silahları haqqında və döyüşlərdə hər hansı kimyəvi maddələrlə zəhərlənmiş əşya və obyektlərin aşkarlanması zamanı əməl olunmalı təhlükəsizlik qaydaları haqqında danışdı. R.Bəhramov qeyd etdi ki, qoşunların döyüş təminatının bir növü də kimya təminatı və kütləvi qırğın silahlarından qorunmaqdır. "Böyük dağıdıcı gücə malik kütləvi qırğın silahları kütləvi itki və dağıntıların törədilməsi üçün təyin olunub. Kütləvi qırğın silahlarından qorunma bölmələrin döyüş qabiliyyətinin saxlanılmasının əsas şərtidir. Qarşıya qoyulmuş tapşırıqların icrasına itkisiz nail olmaq üçün komandirlərin vəzifəsidir ki, şəxsi heyətin kütləvi qırğın silahlarından qorunması qaydalarını öyrənsin və tabeçiliyində olan hərbi qulluqçulara öyrətsin. Kütləvi qırğın vasitələrindən danışarkən, məlumat olaraq bildirmək istəyirəm ki, nüvə, kimyəvi və bioloji silahlar kütləvi qırğın silahlarına aiddir."
Zabit onu da vurğuladı ki, təhlükəsizlik qaydalarına əsasən əməliyyatlar zamanı hər hansı kimyəvi silah təhlükəsi olarsa, şəxsi heyətin təhlükəsizliyi, fərdi kimyəvi mühafizəsi xüsusi materiallardan hazırlanan xarici qoruyucu geyimlər, əleyhqaz və s. təmin edilir. Əleyhqazda kimyəvi maddələri udmaq üçün xüsusi filtrlər mövcuddur. Üst qoruyucu geyim isə dərini zəhərləyici maddələr ilə təmasdan qoruyur. Bu geyim növü, hazırda Qərb də daxil olmaqla, çox ölkədə yayılıb və yüksək səviyyəli qoruyucu dəstlərə aiddir. Yüngül keçilməz gödəkçələr, şalvar, çəkmə örtükləri (çəkməüstü corab) və ya kapişonlu plaşlar qısa müddətə qorunmaq üçün, məsələn, zəhərləyici maddələrlə yoluxan ərazidən keçərkən istifadə olunur. Zəhərləyici maddələr fərqli xüsusiyyətlərə malik olduğundan qorunmaq üçün hər birinə özünəməxsus kompleks tədbirlərin yerinə yetirilməsi tələb olunur. Əsəb-iflicedici təsirli zəhərləyici maddələr sinir sisteminə sürətlə təsir edir, eyni zamanda, sürətlə də parçalanır. Dəriyə təsir edən zəhərləyici maddələr dəri örtüyü ilə təmasda olduqda hüceyrə toxumasını məhv edir və uzun müddət öz xüsusiyyətlərini saxlaya bilirlər. Boğucu zəhərləyici maddələr isə nəfəs aldıqda bronxları və ağciyərləri yandırır. Ümumi zəhərləyici maddələr isə qanın oksigen daşıma qabiliyyətinə mane olur. Onlar tez təsir edir, eyni zamanda, tez də dağılır. Zəhərləyici maddələr qaz, maye, aerozol və ya toz halında ola bilər. Təhlükəsizlik qaydalarına əsasən zəhərlənmiş zonadan çıxarkən özündə və cihazda radioaktiv çirklənmənin olub-olmamasını yoxlamaq, mühafizə geyimini üzü külək istiqamətində çıxarmaq, fərdi mühafizə vasitələrini dezaktivasiya məhlulları ilə təmizləmək və dozimetrik nəzarət aparmaq lazımdır.
Bundan başqa, zabit radioaktiv tullantıların aşkarlandığı zaman onların izotopların parçalanma dövrləri, fiziki və kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla, yerin müxtəlif dərinliklərində xüsusi metallardan inşa edilmiş beton bokslarda saxlanılmalı (basdırılmalı) olduğunu bildirdi. "Bəzi hallarda radioaktiv tullantılar (geyim formaları və digər vasitələr) yandırılaraq məhv edilir. Radioaktiv tullantıların basdırılması zamanı torpağın struktur quruluşu, qrunt sularının miqdarı, fiziki və kimyəvi xüsusiyyətləri nəzərə alınmalıdır. Radioaktiv tullantılar basdırılan sahələr və yaxud stansiyalar yaşayış məntəqələrindən ən azı 20 km aralı olmalı və həmin ərazilərdə sanitar-ekoloji mühafizə zonalarının yaradılması vacibdir. Aparılan tədqiqatlara əsasən radioaktiv tullantıların basdırılması üçün ən yaxşı yer gilli, daşlı və qumlu süxurlar hesab olunur. Onu da bilməliyik ki, ekologiyanın zərər görməməsi, radioaktiv çirklənmənin qarşısını almaq və tullantıların təsirini azaltmaq məqsədi ilə enliyarpaqlı və iynəyarpaqlı meşə sahələrinin salınması vacibdir."
- Vətən müharibəsi zamanı da Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş kimyəvi silahlardan istifadə etdiyinin şahidi olduq. Rəşadətli ordumuzun gücü və qüdrəti qarşısında aciz qalan düşmən mülki əhalinin olduğu ərazilərə qadağan olunmuş kasetli və fosforlu bombalardan atəşlər açmaqdan çəkinmədi. Halbuki bu tip silahların istifadə edilməsinin qadağası ilə bağlı Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, fosforlu bombalardan istifadəni qadağan edən Cenevrə konvensiyasının üçüncü protokolu mövcuddur. Qadağan olunmuş bu kimyəvi silah insan orqanizminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir. Bundan başqa, bu cür mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Mərminin qəlpələri, hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə çətin olur, - deyə R.Bəhramov bildirdi.
 
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"