Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2021 11:00

Doğma nəfəs duyan torpaq çiçəklər açır...

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi...
Azərbaycan Ordusu işğalı döyüş-döyüş sonlandırdı...
Hər döyüş də, hər döyüşçünün təəssüratı da, xatirələri də müharibənin tarixidi. Vətən müharibəsində 44 gün döyüşdə olmuş kapitan-leytenant (Hərbi Dəniz Qüvvələrində rütbə) Orxan Qədirovun xatirələri kimi.

 

* * *


Döyüşün ikinci günü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan postun mühafizəsi komandiri kapitan-leytenant Orxan Qədirov olan bölməyə tapşırıldı.
Hamısı həyəcanlıydı, çünki 2016-cı ilin aprelində burada döyüşmüşdülər.
Bölmənin şəxsi heyəti əmri böyük məsuliyyətlə yerinə yetirdi, bir sutka davam edən döyüşdə üç nəfər yaralandı, mövqe tamamilə bizdə qaldı. Sonradan mövqeni hərbi birliyin digər bölmələrinə təhvil verib qayıtmaları əmr olundu.
Füzuli istiqamətində hərəkətə başladılar. Döyüş əmri verildi.
Döyüşə Cocuq Mərcanlı istiqamətindən başladılar. Saat 4 olardı. Orxana rabitə ilə şəxsi heyəti öndə olan idarəetmə məntəqəsinə gətirmək əmr olundu. Şəxsi heyətə hazırlıq əmri verildi, qısa müddətdə deyilən yerə gəldilər. Saat 6 olardı. Komandir Orxanı vəziyyətlə tanış edərək qarşıdakı torpaqları azad etmək əmri verdi. Orxan şəxsi heyəti düzərək döyüş əmri verdi, bu döyüşlərin torpaqlarımızın qurtuluş döyüşü olduğunu bildirdi. Şəxsi heyət arasında yüksək döyüş əzmi, qələbə ruhu vardı. Əmrə əsasən Cocuq Mərcanlı kəndinə gedən yolun üzərindən iki qrupla düşmən mövqelərinə gizlincə sızmağa başladılar. Onlardan əvvəl orada olan şəxsi heyətlə koordinasiya yaratdılar. Onlar yeni gələn heyəti istiqamətləndirməyə başladılar.
Düşmənin "val"ını keçmiş bölməyə çatdılar. Orxan komandirlərindən vəziyyəti öyrəndi və şəxsi heyətə irəli getmək əmri verdi. Tapşırığa əsasən, onlar dəmir yolunun sağı ilə, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup isə Araz çayının sahili boyunca hərəkət etməli idi. Relslər söküldüyündən dəmir yolunu tapa bilmədilər. Məcburən relyefdə oriyentirləşmək üçün avtomobil yoluna istiqamətləndilər. Yolu sağlarında  tutaraq qamışlıqla sakit şəkildə irəlilədilər.
Hava isti, yükləri ağır idi. Yol onları Aşağı Maralyan kəndinin yaxınlığına gətirdi. Burada dayanmadılar, irəlilədilər. Yuxarı Maralyan kəndinə çatanda öyrəndilər ki, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup döyüşərək Araz çayının kənarında yerləşən zastavanı düşməndən azad edib.
Ön dozor bildirdi ki, qarşılarında düşmənin "val"ı var. "Val"ın solundan manevr etməyi qərara aldılar. Yolun aşağısında çay yatağı kimi bir yer vardı, oradan sürünərək "val"ın arxasına keçdilər. Qəfil hücumdan düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu.
Qarşıda bir bina görünürdü. "Dörd yol"u keçdilər. Onları mühafizə etmək, qorumaq üçün ora texnika göndərilmişdi. Texnikanın yanından dərhal uzaqlaşdılar. Məktəbin yanından sızma əməliyyatı icra edirdilər ki, düşmən minaatanlardan, toplardan "Dörd yol"u da, onlar olan yeri də vurmağa başladı. Köməyə göndərilmiş texnika vuruldu.
Cəbrayılın Karxulu kəndi sağlarında qalırdı. Karxulunu soldan sürünərək keçirdilər. Düşmən onların kəndə düz gəldiyini güman edərək Karxulunun içərilərində - xarabalıqlarda yerləşdirdiyi iriçaplı silahlardan və atıcı silahlardan atışa başladı. Qrupun üzvləri həmin anlarda sol tərəfdən onların içinə sızmışdı. Döyüşçülərimizin orada olduğundan xəbərləri yox idi. Orxan bölməyə "Açıl!" əmri verdi. Ziyagil zastavadakı qüllədə çox böyük böyüdücüsü olan binoklla Orxangilin qarşı tərəfini müşahidə edir, gərəkli məlumatlar verirdilər. Orxan Ziyagilə  bildirdi ki, biz soldan düşmənə həmlə edəcəyik, siz artilleriyanı onların arxasına yönləndirin ki, geri çəkilə bilməsinlər.
Razılaşdılar.
Orxan şəxsi heyətə hücum əmri verdi. Karxulu kəndinə sol istiqamətdən hücum etdilər. Artilleriyamız yüksəklikləri və mövqeləri vurmağa başladı.
Döyüş çox çəkmədi. Karxulu kəndi azad olundu.
Yüksəklikdə düşmən qüvvələri olduğunu bilirdilər. Ehtiyat üçün kəndin içini deyil, onun kənarındakı yolun mühafizəsini götürdülər ki, tank gələrsə, yoldan həm onu vursunlar, həm də pusqu qursunlar. Gecəni orada pusqu zolağında qaldılar.
İki gün idi ki, düşmənin içindəydilər. Hücumdan əvvəl daha çox hərbi sursat götürmək üçün yeməyi-suyu az götürmüşdülər. Yeməkləri, suları azalmışdı.
Səhər saat 6-da yüksəkliyə hücum edib oranı almaq əmri verildi...
Qrup Karxulu kəndinə girdi. Karxulu ilə oranın arası 2000-2500 metr olardı. Orxan Ziyaya bildirdi ki, biz kəndə giririk, oranı artilleriya ilə vurun. Orxangil Karxuludan yüksəkliyə doğru gedəndə gördülər ki, qarşıda tank üçün eni təxminən 5 metr, dərinliyi təxminən 3 metr olan böyük istehkam maneələri qazılıb. Maneənin kənarları düzünə qazılmışdı. Oranı tam səssiz keçdilər. Komandirin əmrindən sonra şəxsi heyət düşmənin içinə sızmağa başladı. Bu an Ziya bildirdi ki, artilleriya atışı nəticəsində düşmənin yaralananları var. Bu, hücum üçün gözəl şərait olsa da, şəxsi heyəti də qorumaq lazım idi. Komandir qrupu yarımqruplara bölərək təpəyə sızmağı əmr etdi. Birinci yarımqrup soldan yolla, ikinci yarımqrup təpənin yoxuşuyla irəliləməyə başladı. İkinci yarımqrupun tərkibində olan Orxan artilleriya atışını saxlatdıqdan sonra hücum etdilər. Bunu gözləməyən düşmən bilmirdi döyüşsün, yoxsa qaçsın. Düşmən döyüşmədi, meyitlərini, yaralılarını, döyüş texnikalarını qoyub qaçdı. Dərhal təpənin dairəvi mühafizəsini götürdülər. İlkin baxış zamanı 3 T-90 tankı, 2 BTR (biri vurulmuşdu), 2 "UAZ" komanda maşını, 4 "Ural" markalı yük maşını, silahlarla dolu 2 "Zil" markalı yük maşını, "UAZ" markalı 1 rabitə maşını, "Ural" markalı yük maşınının banında quraşdırılmış generatorla birlikdə rabitə vasitələri, çox sayda mobil rabitə vasitələri, içərisində xəritə və məxfi sənədlər olan komandir planşetləri, ... qaldığını müəyyənləşdirdilər.
Əməliyyat haqqında komandirə məruzə edildi. Oranı tərk etməmək tapşırıldı, kömək gələcəyi bildirildi. 2 saatdan sonra kömək gəldi. Yüksəkliyin önəmi çox vacib idi. Mayor Tariyel Zöhrabov rabitə ilə bildirdi ki, əməliyyatı davam etdirsinlər.
Dağlarla, təpələrlə Şükürbəyli kəndinə getməli idilər. Yəni, bu kənd uğrunda döyüşəcəkdilər. Orxan köməyə gələn heyəti qruplara bölərək öz heyətindən onların üstünə rəhbər təyin etdikdən sonra dağlarla Şükürbəyli kəndinə hərəkətə başladılar.
Ön dozor məruzə etdi ki, qarşıdakı təpənin üstündə düşmənin kamerası var. Həmin təpəyə taktiki çıxış etdilər. Düşmən bir qədər müqavimət göstərsə də, davam gətirə bilmədi, qaçdı. Mövqedə rabitə qəbuledici və ötürücü antenlər, kamera, Günəş batareyaları, generator, məlumatların onlayn ötürülməsi üçün internet şəbəkəsi və s. vardı. Kameranı vurub naqilləri kəsdikdən sonra hərəkəti davam etdirdilər. Haradan biləydilər ki, orada düşmənin taboru var...
Təpədən gördülər ki, Ziyagilin qrupu hücuma yoldan dəstək vermək əmri alıb.
Təpəlikləri aşaraq gedirdilər. Yorulmuşdular. Susamışdılar. Ancaq bu torpaqların 30 illik intizarına son qoymağa tələsirdilər. Onlara elə gəlirdi ki, 30 il doğma nəfəs eşitməyən torpaq bu gəlişi duyunca çiçəklər açacaq...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist