Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2021 11:00

Təlimlərdə qazanılan təcrübə Böyük Qələbənin açarı oldu

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu prosesi bu gün onun irsinin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla icra edilir. Çıxışlarında hər zaman ölkəmizin hərbi qüdrətinin artırılmasının zəruriliyindən danışan ölkə başçısı ordunun müasir tələblər əsasında formalaşdırılmasının təmin edilməsi üçün ordu rəhbərliyi qarşısında vacib tapşırıqlar qoyur. Azərbaycan Ordusunun güclənməsi, şəxsi heyətin peşəkarlığının artırılması, döyüşaparma və özünümüdafiə fəaliyyətinin yüksəldilməsi üçün hərbi təlimlərin keçirilməsi zəruri şərtlərdəndir. Təlim əsl döyüş əməliyyatlarından (müharibədən) fərqli olaraq başlanğıcı və sonu olan kiçik döyüş mühitidir. Təlimlər zamanı hərbi qulluqçular nəzəri və praktiki biliklərini təcrübi olaraq sınaqdan keçirirlər. Məlumdur ki, ordunun güclü olması onun şəxsi heyətinin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksək olmasından xəbər verir. Hərbi qulluqçunun bir döyüşçü kimi formalaşmasında mühüm rol oynayan hərbi təlimlər, şəxsi heyətə dəqiqlik, çeviklik, intizam və dözüm (fiziki, mənəvi-psixoloji) aşılayır. Təlimlərdə peşəkarlaşan, müasir maddi-texniki təminata sahib Azərbaycan Ordusu xalqımızın çoxdan arzusunda olduğu müjdə xəbərinin carçısı oldu. Belə ki, Azərbaycan əsgəri düşmənin zəbt etdiyi torpaqları 44 gün müddətində işğaldan azad etdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu təkcə mənfur düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə nazirinin rəhbərliyi altında 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, martın 15-dən 18-dək Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçirildi. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilir ki, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsinə də diqqət yetirildi. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas məqsəd qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, raket-artilleriya qoşunları, aviasiya, xüsusi təyinatlı qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəlik mühüm tapşırıqları icra etmək idi.
Təlimlərə artilleriya qoşunları da cəlb olundu. Bu gün artilleriya istənilən döyüşün gedişatını qısa müddət ərzində dəyişmək iqtidarındadır. Dünyanın aparıcı orduları sırasında olan Azərbaycan Ordusunun silahlanmasında yer alan müasir artilleriya qurğuları 44 günlük Vətən müharibəsində də düşməni lərzəyə salmağı bacardı. Müasir raket-artilleriya qurğuları ilə düşmən bölmələrinə, onların canlı qüvvəsinə və hərbi texnikasına vurulan sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itkilər verərək geri çəkildi. Təlimlərdə topçu keyfiyyətlərini artıran hərbi qulluqçularımız da qazanılan Böyük Qələbədə pay sahibi oldular.
Dövr müasirləşdikcə, tələblər yeniləndikcə, Hərbi Hava Qüvvələrinin rolu dünya orduları ilə yanaşı, Azərbaycan Ordusunda da xeyli artıb. Silahlanmaya qəbul edilən müasir pilotsuz uçuş aparatları ordumuzun döyüş potensialını xeyli möhkəmləndirib. Belə ki, müxtəlif təyinatlı PUA-lar Hərbi Hava Qüvvələrinin kəşfiyyat imkanlarını artırmaqla yanaşı, hərbi əməliyyatlar zamanı düşmən qüvvələrini darmadağın edərək, onlarla mübarizədə üstünlüyümüzün təmin edilməsində zəruri vasitə oldu. Bundan başqa təcrübəli pilotlarımızın idarə etdiyi müxtəlif təyinatlı helikopter və təyyarələr də qarşıya qoyulan tapşırıqları uğurla icra etdi. Təlimlərə cəlb olunan uçuş heyəti və texniki heyət də komandirlər tərəfindən verilən tapşırıqları, müxtəlif ssenari üzrə görülməli tapşırıqları uğurla yerinə yetirdi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən birlik, birləşmə, hərbi hissə komandirlərinin məruzələrini dinlədi. Müdafiə naziri təlimlərin keçirilməsinin zəruriliyindən danışaraq, qarşıya qoyulan tapşırıq və vəzifələri aidiyyəti üzrə çatdırdı, müvafiq tapşırıq və göstərişlərini verdi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"