Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2021 10:10

“Qələbəyə təşnəlik Azərbaycan əsgərinin ruhundadı...”

Müharibə kəlməsi eşidənin ürəyini titrədir. İllərdi Azərbaycan müharibə olmasın deyə torpaqlarımızın işğaldan sülh yolu ilə azad edilməsi üçün danışıqlar aparırdı. ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ya həll edə bilmədi, ya da həll etmək istəmədi. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu düşmənin müxtəlif istiqamətlərdən hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi oldu. Hamı bu müharibədə iştirak etmək, illərdi gözlənilən qələbəni tezləşdirmək istəyirdi. Minlərlə gənc döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət etmişdi. Göygöl rayonu Hacı Məlik qəsəbəsində anadan olmuş 24 yaşlı Orxan Hüseynov da bu niyyətlə gecəni səhər eləmişdi. Sentyabrın 28-də onu da təlim mərkəzinə göndərdilər.
Orxan hərbi xidmətdə 5 il əvvəl olmuşdu. Atıcı silahların istismar xüsusiyyətlərini yaxşı mənimsəmişdi. Təlim mərkəzində qısamüddətli təkmilləşmə keçdilər. Hər gün aylarca uzanırdı elə bil - döyüşə can atırdılar. Orta məktəbdə oxuyanda tarixi çox sevib Orxan. Ermənilərin Qafqazda nə vaxt, niyə məskunlaşdırıldığını da bilirdi, məskunlaşandan sonra burada nələrin baş verdiyini də. Bağanıs-Ayrımda, Meşəlidə, Qaradağlıda, Xocalıda törədilmiş vəhşiliklər haqqında da eşitmişdi. Müəllimindən "Azərbaycandan Ermənistana nə qədər torpaq verilib. Onda Sovet hökuməti vardı. Bəs indi? Niyə torpaqlarımızı döyüşərək geri qaytarmırıq?" - soruşmuşdu. Onda müəlliminin əli Orxanın çiyninə enmişdi: "Ali Baş Komandanın əmri ilə  döyüşəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik, Orxan." "Məktəblilər nə edəcək?" - Orxan soruşmaq istədi, soruşmadı...
Ali Baş Komandanın əks-hücum əmri Vətən müharibəsinin başlanğıcı idi. Orxan Hüseynov da Vətən müharibəsində iştirak edirdi. Sürücü kimi...
Füzuli istiqamətində döyüşürdülər. Düşmən olduqca ciddi müqavimət göstərirdi. Döyüşçülərimiz komandanlığın əmri ilə müəyyən manevrlər edir, hücumu daha da sürətləndirirdilər. Orxan Hüseynov döyüşün içinə hərbi sursat daşıyırdı.
"Döyüş mövqeyinə az qalmış qarşımıza bir mərmi düşdü. Qorxdummu? - etiraf edim ki, bir az qorxdum. Bu qorxu can qorxusu deyildi. Komandir demişdi ki, döyüşçülərimizin sursatı azalır, onlara sursat çatdırılmalıdı. Əmrin yerinə yetirilməməsinin qorxusuydu. Maşını saxlamadım, sola meyilləndirib hərəkəti davam etdirdim. Çatanda taqım komandirinin çıxışlarında bir şükranlıq gördüm.  Sən demə, idarə etdiyim yük maşınının qənşərinə mərmi düşdüyünü müşahidə edibmişlər..." - Orxan Hüseynovun səsində ötəri bir həyəcan hiss olunur. Neçə aylar əvvəlin döyüş epizodu onu indi də həyəcanlandırır; qələbəyə təşnəlik Azərbaycan əsgərinin ruhundadı...
Xocavənd uğrunda gedən döyüşlərdə də iştirak edib. Onun xidmət etdiyi hərbi hissə Şuşa istiqamətinə göndərilib, bu istiqamətdə döyüşüblər.
"Daşaltı döyüşlərindən əvvəl komandirimiz bizə 1992-ci ilin dekabrını, Daşaltı əməliyyatını xatırlatdı. O döyüşlərdə Daşaltıdakı düşmənləri məhv etməliydik, şəhid olanlarımızın qisasını almaq üçün döyüşməliydik. Daşaltıda ağır itki verən düşmən geri çəkildi...", - Orxanın baxışlarında gördüyüm ruh zəfər ruhu idi...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Şuşa döyüşləri haqqında xarici mətbuatda yazılanlar Azərbaycan əsgərinin döyüş hazırlığına, qələbə ruhuna həsəddi. Rusiya mətbuatında ictimailəşdirilən bir məqalə də bu həsədin nəticəsidir.
Bu əməliyyat 44 gün davam edən Vətən müharibəsini başa çatdırdı. Qaliblərin sırasında Orxan Hüseynov da var. O, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Füzulinin azad olunmasına  görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"