Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

Əsrə bərabər gün və yaxud 44 günün fəlsəfəsi

Vətən müharibəsi müharibənin nə olduğunu dərk edənlərin hamısını əsgərləşdirdi. Ordumuz ruhumuzun ordusudu - Vətən müharibəsində düşmənlə min illərin xeyir-duasıyla xalqın ruhu döyüşürdü...
Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə Əli ilə Bəxtiyar öldürüləndən - 1988-ci il fevralın 21-dən  başlamışdı. Ermənistan havadarlarının siyasi dəstəyiylə, onların ordusunun fəal iştirakıyla torpaqlarımızın 20 faizini işğal etdi. Ağdaban (11 iyul 1989), Qazax (24 mart 1990), Meşəli (3 iyul 1991), Qaradağlı (17 fevral 1992), Xocalı (26 fevral 1992) faciələri. Qazax rayonunun 7 kəndinin, ruhumuzun şəhəri olan Şuşanın işğalı, sonra Kəlbəcərin, Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın işğalı...
İşğal tarixidi 30 rəqəmi. 30 rəqəmi köçkünlüyün tarixidi, erməniliyin yaratdığı sıxıntıların tarixidi, qurulu evini bir əl arabasına qabqaranların, Ağalı kəndində uşaqlarını axtaran, doğma ocağından götürə bildiyi, ancaq uşaqlarının ayaqqabıları olan atanın dərdinin tarixidi, düşmənə əsir düşməsin deyə özünü qayadan atan qızın intiharının tarixidi, ... Vətən müharibəsi bu  tarixlərin baiskarlarını diz çökdürməyin döyüşləriydi, xalqın ruhunun döyüşləriydi. Azıxdan, Tağlardan, Qobustandan, Qarabağlardan, Gəmiqayadan, Damcılıdan, ... dikəlib Azərbaycan əsgərinin döyüşə sevgisinə - döyüş əzminə, qələbə ruhuna qarışan harayların döyüşüydü. Bu döyüşlər SSRİ-nin süqutundan sonra Ermənistanda mahiyyəti ermənilik olan bütün rejimləri son nəfəsə yetirməyin döyüşləriydi. Bu qələbəyə görə erməniliyin nə olduğunu dərk edən dövlətlər Azərbaycan Ordusuna təşəkkür edəcək...
Azərbaycanın ordu hissələri sentyabrın 27-də düşmənin hücumunun qarşısını qətiyyətlə aldı, əks-hücum əməliyyatı ilə onun tərpənişini dayandırdı; əks-hücum əməliyyatı Ali Baş Komandanın əmriylə Vətən müharibəsi kimi davam etdirildi. Azərbaycan əsgəri bu əmri torpaqlarımızın işğaldan qurtuluş əmri bildi. Düşmənin müdafiə səddi darmadağın edildi. Bu, Azərbaycan Ordusunun qələbələrinin başlanğıcı kimi Vətən müharibəsinin gözəl başlanğıcı oldu və gözəl yaşanıldı. Bu başlanğıc - qazanılan qələbələr xalqın inamını gözəl ifadə edirdi.
Vətən müharibəsi hamını əsgərləşdirdi. Minlərlə gənc, yeniyetmə döyüşlərə can atırdı. Ata tanıyıram ki, oğluyla bərabər döyüşə getmək istəyirdi. Vətən müharibəsi başlayanda xalqımızda Çanaqqala ruhu vardı. 105 yaşlı bu ruh daha da dönməzləşmiş ruh kimi salamlamışdı 28 sentyabr səhərini. Artilleriya atəşləri ruhların bu salamlaşmasıyla elə gözəl qoşalaşmışdı ki! - düşmənin dayaq məntəqələri, mövqeləri darmadağın edilirdi, döyüş texnikaları, artilleriya qurğuları, canlı qüvvəsi məhv edilirdi. Kürəyində xalqın nəfəsini hiss edən Azərbaycan əsgəri döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Türkiyənin Qurtuluş Savaşında olduğu kimi...
Neçə-neçə strateji yüksəklik, Suqovuşan, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı düşməndən azad edildi...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi...
30 rəqəminin mahiyyətini başlanğıcı 27 rəqəmiylə ifadə edilən Vətən müharibəsini sonlandıracağına inanırdıq. İşğalı Şuşanın işğaldan azad edildiyi günün məntiqi davamı sonlandırdı, erməniliyin murazı gözündə qaldı. Şuşanın işğaldan azad edildiyi günün səhərisi gün üçtərəfli bəyanat imzalandı, Ermənistan təslim oldu...
Şuşanın işğaldan azad edilməsi sevincini yaşaya-yaşaya xalq yazıçısı Çingiz Abdullayevin mənim də könlümə yatan bir fikrini xatırlayıram:  Nə yaxşı 90-cı illərin sonunda "xırda budaqların üstə oturub böyük budaqları silkələyən" (Eldar Baxış), ermənilik ideoloqu olan Zori Balayan bunca yaşadı, ermənilərin bu gününü gördü.
Ermənistan işğalın ilk günlərindən son günlərinəcən yeni ərazilər əldə etmək niyyətiylə müxtəlif formatlı, müxtəlif miqyaslı təxribatlar törətməyə meyillənirdi. Bu istəyin davamı nə idi? - Ermənistanın iyulda Tovuzda dövlət sərhədimizi keçməklə hücum etmək istəyi, ruhumuzun şəhəri olan Şuşanı paytaxt etmək niyyəti, Livandan gətirilmiş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi, bununla da gələcəkdə demoqrafik üstünlüyü təmin etmək arzusu. Azərbaycanı təxribata cəlb etməklə çoxtərəfli münaqişə (bəlkə də müharibə) yaratmaq üçün. Kimə ümidliydi, nəyə ümidliydi, bəlli. Nə oldu? - haqqın, ədalətin "kəsərli qılıncı" işğal niyyətinin "gözlərini ovdu", “əllərini biləyindən üzdü”; ordusu darmadağın edilən Ermənistan təslim oldu, son məqamlarda onun "qolundan tutma" da müşahidə edildi...
Paris meriyasının məntiqsiz niyyəti  erməniliyə can yandırma idi, həm də nəticəsi olmayacaq bir canyandırma; ermənilər də, Paris meriyasının rəhbərliyi də bilməliydi ki, Moskva beynəlxalq nüfuzunu itirməmək üçün daha "göz yaşlarına inanmayacaq"....
Vətən müharibəsi haqqın, ədalətin bərpası kimi tarixləşəcəkdi, tarixləşdi də...
Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə həm tarixin dövlətçiliyimizə xəyanətini aradan qaldırdı, həm də beynəlxalq təşkilatların neçə on illər əvvəl qəbul etdiyi qətnamələri yerinə yetirməklə bəşəri ordu olduğunu təsdiqlədi...
- Nə uğrunda döyüşdüyünü bilən əsgərin döyüş qabiliyyəti, qələbə əzmi daha yüksək olur. Gənc əsgərlər hərbi xidmətə müəyyən hazırlıqla gəlirlər. Hərbi hissələrdə ictimai-siyasi dərslərdə, asudə vaxtlarda söhbətlərdə, disputlarda eşitdikləri, öyrəndikləri onun mənəvi-psixoloji hazırlığını daha da artırır. Yüksək döyüş ruhuna malik əsgərlərimiz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad etmək amalı ilə xidmət edirdi. Sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə hər əsgər rəşadətlə döyüşdü. Yüngül yaralananları döyüşdən uzaqlaşdırmaq mümkün olmurdu. Bu döyüş ruhu, sizin dediyiniz kimi, döyüşə sevgi - qələbə ruhu idi. Əsgərlərimiz hər döyüşə Vətən müharibəsinin son döyüşü kimi gedirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif dövlətlərin medialarına müsahibələri, xalqa müraciətləri şəxsi heyətin döyüş əzmini də, qələbə ruhunu da kükrədirdi. Bu kükrəyiş qələbələrlə nəticələndi. Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində mərhələ oldu. Üçtərəfli bəyanatdan sonra da əsgərlərlə gərəkli söhbətlər aparırıq..., - onda, zəfər günündən az sonra zabit Babək Səmidlinin dediklərini döyüşçülərə sevginin, inamın, Vətən sevgisinin işığı, zabit Cəlal Hüseynovun dediklərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Ermənistanın elan etmədən başladığı müharibəyə ədalətli, bəşəri münasibət bildirməyən dövlətlərə ittihamı bildim:
- Biz qələbə qazandıq. Ordumuzun əsgərlərinin əksəriyyəti atalarının doğulduğu rayonu görməyib. Onlar müharibə illərinin uşaqlarıdı. Əsgərlərdən biri asudə vaxtlarda söhbət zamanı demişdi ki, Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdə həm də atalarımızın əvəzindən döyüşəcəyik. Döyüşçülərimiz belə döyüşdü. Vətən müharibəsi başa çatdı. Tarixi qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Əsgərlərimiz qalib əsgər kimi tərxis ediləcəklər.
- Əsgərlərimizin səngərləri sərhədlərə köçürmək amalıyla xidmət etdiyini ictimaiyyət də bilirdi, komandirləri də, - dedim. Zabit razılıqla gülümsündü:
- Gənc əsgər hərbi xidmətə məhz bu istəklə başlayırdı, döyüş növbətçiliyini bu niyyətlə aparırdı. Bu istək, bu niyyət Vətən müharibəsində döyüş əzminə, döyüş əzmi qələbə ruhuna döndü. Ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi qələbə qazandı.
Zabitlərin fikirləri əsgərlərin düşüncələrində incə bir tərpəniş yaratdı. Bu tərpəniş təvazökarlığın titrəyişiydi, qələbə sevincinin tərpənişiydi, qələbə sevincinin yaratdığı qürurun tərpənişiydi. Döyüşə-döyüşə qələbələr qazanan döyüşçülərin döyüş təəssüratları Vətən müharibəsinin tarixi kimi dinləniləcək; Vətən müharibəsinin tarixi həm də belə yaşadılacaq.
Kiçik çavuş Azər Məmmədov döyüşlərdə həm əsgər rəşadətindən, həm də əsgərin əsgərə sevgisindən danışaraq fikrini belə tamamladı:
- Döyüşlərdə hər döyüşçü həm özünü, həm də döyüşçü yoldaşını qorumağa çalışırdı. Yəni, biri digərinin sipəriydi. Bu, həm döyüşçülərimizin mənəvi kamilliyiylə bağlıydı, həm də hərbi nizamnamələrə sədaqətlə. Hər kənd, hər strateji yüksəklik uğrunda döyüş gedirdi, qazanılan qələbənin hər biri tam qələbənin hissəsi kimi dəyərləndirilirdi. Ancaq... Ancaq Şuşanın işğaldan qurtuluşu hər birimizi dünyalar qədər sevindirdi. O sevinci indi də yaşayırıq.
- Böyük qələbənin sevinci də böyük olur, - dedim. Gözəl könül xoşluğu içində əsgər Abakar Vasanov bildirdi ki, o da bu döyüşlərdə iştirakıyla qürurlanır: "Döyüşlərdə qazanılan hər qələbə bizim döyüş əzmimizi, qələbə ruhumuzu yüksəldirdi. Şuşanın işğalçılardan təmizlənməsi ordumuzun qüdrətidir. İnanırdıq ki, bu qüdrət Vətən müharibəsini tam qələbəylə başa çatdıracaq. Gücümüzün qarşısında daha heç nə edə bilməyəcəyini görən düşmən təslim oldu...", - dedi.
Zabitlər söhbətlərini əsgərlərə xitabən belə yekunlaşdırdılar:
- Reallığı ifadə edən kəlamlar tarixi kəlamlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının..." kəlamı hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin ürəyini telləndirən kəlamlardır. Bu kəlamlar sizə ünvanlanıb, ölkə başçısı sizə minnətdarlıq edir, bu kəlamlar həm də Vətən müharibəsində qazanılan qələbənin mənəvi əhəmiyyətini bildirir. Biz qələbə qazandıq, siz qalib əsgər kimi tərxis olunacaqsınız. Mülki həyatda da Vətənə layiqli vətəndaş olmağa çalışacaqsınız...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!" kəlamını xatırladan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vasif Sabitzadənin bir çiyninə zabitin, digər çiyninə mənim əlim qondu. Bu, ehtiramıydı, sevgiydi,  yaşarı ehtiramıydı, yaşarı sevgiydi...
İlin ayını aylardan, gününü günlərdən fərqləndirən nəsə olur. O "nəsə" Vətənlə bağlıdırsa, o "nəsə" dövlətlə, dövlətçiliklə bağlıdırsa, ilin həmin ayı, ayın həmin günü tarixləşir. 27 sentyabr Vətən müharibəsinin başladığı gün oldu. Ruhumuzun şəhəri Şuşa noyabrın 8-də işğaldan azad edildi. Ordusu darmadağın edilmiş düşmən təslim oldu. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bəyanat həmin günü Vətən müharibəsinin sonu kimi tarixləşdirdi...
Vətən müharibəsi 44 gün davam etdi. Düşmənlə təkcə Azərbaycan Ordusu döyüşmürdü, düşmənlə azərbaycançılıq da döyüşürdü, azərbaycanlı anaların xeyir-duası da döyüşürdü, döyüşlərə can atan məktəblilərin Vətən sevgisi də döyüşürdü, qazilər də döyüşürdü, Qarabağ müharibəsinin şəhidlərinin ruhu da döyüşənlərin sırasındaydı, Üzeyir bəyin musiqisi də, Səttarın rənglər dünyası, ... da döyüşürdü...
2020-ci ilin 10 noyabrı 28 ilin zəfər sonluğudu, şəhidlərimizin ruhuna gözaydınlığı günüdü, 28 ilin, 10 220 günün ən gözəl günüdü...                                                                    
Mahiyyətinə görə 10 noyabra əsrə bərabər gün deyərdim...
10 noyabr tarixinin fəlsəfəsi dövlətə, dövlətçiliyə sədaqətdi, Vətən sevgisidi, azərbaycançılıqdı, Hərbi anda sədaqətdi, qərəzliyi tarixin ədalətli axarına qaytarmaq qüdrətidi,...
Bu 44 günün fəlsəfəsi əbədiyyətəcən yaşadılacaq. Bu sevgini yaşaya-yaşaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediklərini xatırlayacağıq: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir..."...
..Nənələr nəvələrinə nağıl əvəzi Vətən müharibəsindən, Vətən müharibəsinin qəhrəmanlarından danışacaq; Vətən müharibəsi həm də nağıl hikmətiylə yaşadılacaq. Azərbaycan əsgərinin qüdrəti kimi...
10 noyabrın mahiyyəti deyir ki, Azərbaycan əsgəri tarixi öz axarına qaytardı; 44 günün fəlsəfəsi vətənpərvərliyin fəlsəfəsidi…

Rəşid HÜSEYNOV, əməkdar jurnalist