Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  Azərbaycan xanlıqlar dövründə.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.
Suallar:

1. Azərbaycan xanlıqlarının yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycan xanlıqları.

 

Azərbaycan xanlıqlarının yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İranda, Osmanlı imperiyasında (Türkiyə) və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Osmanlı imperiyası qarşıdurması yenidən gücləndi. Azərbaycan faktiki olaraq 3 dövlətin - İranın, Osmanlı imperiyasının və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. 1724-cü ildə Rusiya ilə Osmanlı imperiyası arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi.  Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırtdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi. Nadirin öldürülməsindən sonra (1747) onun dövləti süquta uğradı və ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçalanma baş verdi.
Azərbaycan xanlıqları
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən isə vahidliyini itirir və heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri - xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır. Feodal çəkişmələrindən və ara müharibələrdən məharətlə istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olur və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.

 

Azərbaycanın cənub xanlıqları


- Təbriz xanlığı (XVIII əsrin ortaları-1780) Xoy, Ərdəbil, Sərab, Qaradağ, Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Əsası əfşar tayfasından olan Əmiraslan xan tərəfindən qoyulmuş, mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
- Ərdəbil xanlığı (1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa, Sərab xanlıqları və Gilan vilayəti ilə həmsərhəd idi. Əsası Bədir xan tərəfindən qoyulmuş, mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
- Marağa xanlığı (1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdə Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə həmsərhəd idi. Əsası müqəddəm (Qarabağın Cavanşir elinin bir qolu) tayfasının başçısı Əliqulu xan tərəfindən qoyulmuş və mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. 1826-cı ildə İran xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
- Maku xanlığı (1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
- Qaradağ xanlığı (1748-1813) Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Əsası Kazım xan tərəfindən qoyulmuş və mərkəzi Əhər şəhəri olmuşdur. Tərkibinə 18 mahal daxil idi. Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmməd şah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
- Sarab xanlığı (1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
- Xoy xanlığı (1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Əsası Şahbaz xan tərəfindən qoyulmuş və mərkəzi Xoy şəhəri idi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
- Urmiya xanlığı (1747-1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İranın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.
Azərbaycanın şimal xanlıqları
- Qarabağ xanlığı (1748-1822) Kür və Araz çayları arasında mövcud olmuş, mərkəzi Şuşa şəhəri idi. Sərhədləri Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. İnzibati baxımdan 21 mahala bölünmüşdü. Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir.
- Şəki xanlığı (1743-1819) Azərbaycanın şimal qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuş, mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə Rusiyaya birləşdirildi və 1819-cu ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
- Quba xanlığı (1726-1806) Azərbaycanın şimal-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşdur. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu.
- Bakı xanlığı (1747-1806) Abşeron yarımadasında yaranmış və tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə həmsərhəd idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını Birinci Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ildə Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
- Dərbənd xanlığı (XVIII əsrin ortaları-1806) əsası Məhəmməd Hüseyn xan tərəfindən qoyulmuş və Azərbaycanın şimal-şərqində fəaliyyət göstərmişdir. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
- Gəncə xanlığı (XVIII əsrin ortaları-1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. Banisi ziyadoğlular nəslindən Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
- İrəvan xanlığı (1747-1828) Ararat düzənliyini, Göyçə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Xanlığın əsasını Mir Mehdi xan Əfşar qoymuş, mərkəzi İrəvan şəhəri idi. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən isə Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
- Lənkəran xanlığı (XVIII əsrin ortaları-1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə həmsərhəd idi. Mərkəzi əvvəl Astara, sonra Lənkəran şəhəri olmuşdur. Xanlığın əsasını səfəvi nəslindən olan Cəmalləddin Mirzə bəy (Qara xan) qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
- Naxçıvan xanlığı (1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir. Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
- Salyan xanlığı son vaxtlara qədər "Salyan sultanlığı" kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Lənkəran xanlığı ilə həmsərhəd idi.
- Cavad xanlığı (XVIII əsrin ortaları-1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuş, paytaxtı Cavad şəhəri olmuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
- Şamaxı xanlığı (1748-1820) Bakı, Quba, Şəki, Qarabağ, Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Əsası Hacı Məhəmməd xan tərəfindən qoyulmuş, paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın əsarətinə düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində özünün dövlətçilik ənənələrini qoruyub saxlaya bilmiş, hətta Şərq və Qərb dünyasında özünəməxsusluğu ilə seçilən qüdrətli imperiyalar yaratmışdır. Bu həm Manna, Atropatena, Albaniya kimi qədim, həm də Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli orta əsr dövlətlərinin, həmçinin ərazi cəhətdən kiçik olsa da, xanlıqlar kimi siyasi müstəqilliyə malik son orta əsr dövlətlərimizin timsalında özünü göstərmişdir.
Bugünkü inkişafımızın təməlini təşkil edən ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları, XX yüzilliyin sonu Azərbaycan xalqının dövlətçilik uğrunda apardığı mübarizəsi və qan yaddaşımızda əbədi yaşayacaq hadisələrin içərisində müstəqilliyimizin ilk otuz illik dövrünün keşməkeşləri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsinin heç vaxt silinməyəcək izləri əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şanlı tariximizə qızıl hərflərlə qeyd ediləcəkdir. Bu gün hər birimiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.  

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi