Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

Yanğının düzgün qiymətləndirilməsi ziyanın azaldılmasına xidmət edir

Yanğın və partlayış həyat və tikililər üçün hər zaman böyük təhlükə yaradır. Belə hallarda  yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla  bilər. Azərbaycan Ordusunda yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Bu mövzu haqqında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Yanğından Mühafizə Xidmətinin rəisi ehtiyatda olan baş leytenant Asəf Abduləzimov daha ətraflı məlumat verərək bildirdi ki, hərbi hissələrin yanğından mühafizəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin, Qoşun xidmətinin təşkili üzrə Təlimatın, Müdafiə nazirinin müvafiq əmrinin tələblərinə uyğun təşkil olunur. "Hərbi hissədə yanğın təhlükəsizliyinin təmini, yanğından mühafizə tədbirlərinin təşkili və vaxtında həyata keçirilməsində məsuliyyət hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavininə və hərbi hissənin yanğından mühafizə xidmətinin rəisinə həvalə olunur.
Yataqxana, anbar, park, sex və emalatxanalarda, digər obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, şəxsi heyətin və yanğınsöndürmə vasitələrinin daim hazır olmasına məsuliyyət bölmə komandirlərinə, xidmət rəislərinə; bina və qurğular təhkim edilmiş vəzifəli şəxslərə həvalə olunur.
Bütün hərbi qulluqçular nizamnamələrdə göstərilmiş yanğın təhlükəsizliyi qaydalarını bilməli və yerinə yetirməlidirlər. İlkin yanğınsöndürmə vasitələrinin yerləşdiyi yerləri bilməli və onlardan istifadə etməyi bacarmalıdırlar.
Bunun üçün başlıca olaraq yanğın əleyhinə su təchizatı mənbələrinə, binalara və digər obyektlərə girişlər və yanğınsöndürən avtomobillərin hərəkəti üçün daim açıq saxlanılmalıdır. Yanğın əleyhinə avadanlıqlar, nasoslar, motopompalar, su hidrantları, kranları və digər qurğular daim saz və hazır vəziyyətdə saxlanmalıdır.
Ərazi və binalarda siqaret çəkməyə ancaq bunun üçün ayrılmış və yanğın təhlükəsizliyi təmin edilmiş xüsusi yerlərdə icazə verilir. Bütün emalatxana, saxlanc, park və digər yanğın təhlükəli binalar bağlanmazdan əvvəl onların yanğın əleyhinə vəziyyəti məsul şəxslər, bu binalara cavabdehlər və hərbi hissənin yanğınsöndürmə növbətçiləri tərəfindən yoxlanılır, xüsusi ayrılmış jurnalda qeydlər aparılır".
Yanğından Mühafizə Xidmətinin rəisi qeyd etdi ki, ümumiyyətlə, yanğın təhlükəli işlərin aparılması üçün hərbi hissə komandiri şəxsən icazə verməli, bunlar aparılarkən mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmuş yanğın postları təyin olunmalıdır. "Yanğın təhlükəli işlərin həyata keçirilməsinə və postların təyin olunmasına hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini cavabdehdir.   
 Əksər hallarda yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Elektrik naqilləri elektrik cihazlarının nominal gücünə uyğun seçilməlidir. Əks halda, elektrik naqili həddindən artıq qızar, nəticədə naqilin izolyasiyası keyfiyyətini tədricən itirər, bu da öz növbəsində elektrik təsərrüfatında qəzaya və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə bir hala gətirib çıxara bilər. Qısaqapanma izolyasiyası olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Bu zaman naqillər o qədər qızır ki, metal damarlar əriyərək qığılcım yaradır və bitişik yana bilən konstruksiyalarda yanğının başlamasına səbəb olur. Qeyd olunan səbəblərdən baş verə biləcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomat açar quraşdırılmalıdır".
Asəf Abduləzimov yanğın təhlükəsizliyi məqsədi ilə  tikintilərdən, əmlak olan meydançalardan  və maşınlardan 40 metrdən az olan məsafədə ocaq qalamaq, eləcə də parklarda, saxlanclarda, anqarlar və bunlara bənzər yerlərdə siqaret çəkmək  və alov saçan cihazlar tətbiq etməyin, binaların zirzəmilərində yanğın təhlükəsi olan materialların və mayelərin saxlanması, eləcə də onların emalı ilə bağlı anbarlar, emalatxanalar düzəltməyin, yanğınsöndürmə vasitələrinə gedən yolları kəsməyin qadağan olunduğunu bildirdi.
Yanğın zamanı hansı zəruri hərəkətləri etməyin vacib olması haqqında danışan ehtiyatda olan baş leytenant vurğuladı ki, yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, yanğın yerinin düzgün ünvanını söyləməlidir. "Yanğın baş verən zaman dərhal rəhbərliyi xəbərdar etmək, insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vasitələrlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır. Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır. Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz. Yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər obyektlərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əsgi ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır.
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar".
Yanğın zamanı havada zəhərli qazların yaranmasından, oksigenin miqdarının azalmasından söz açan Asəf Abduləzimov  yanğın vaxtı yalnız alovun deyil, həm də bu zaman yaranan tüstünün də olduqca təhlükəli olduğunu bildirdi.
"Müasir dövrümüzdə kimyəvi-köpüklü odsöndürənlər daha geniş yayılmışdır. Kimyəvi-köpüklü odsöndürənlərdən xırda yanğınların söndürülməsində istifadə olunur.  
Tezalışan mayelər - kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər olmadıqda), mayenin üstünə torpaq və ya qum tökmək lazımdır.
Su da yanğını söndürmək üçün universal vasitədir. Su odun üstünə düşərək buxarlanır, yanan əşyanın istiliyinin çox hissəsini udur, bununla da yanma şəraitini pozur, zəiflədir.Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən və s. səmərəli istifadə etməyi öyrənmək və riayət etmək lazımdır".

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"