Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

“Təhlükəsizlik qaydalarının əsas məqsədi şəxsi heyətin həyat və sağlamlığının qorunub saxlanılmasıdır”

Azərbaycan Ordusunun bütün birlik, birləşmə və bölmələrində şəxsi heyətin gündəlik fəaliyyətində ən vacib məsələlərdən biri də təhlükəsizlik qaydalarına əməl olunmasıdır. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçulara əvvəlcədən komandirlər tərəfindən təhlükəsizlik qaydaları çatdırılır. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir. Hərbi xidmətin təhlükəsizliyinin  əsas növlərindən biri də atıcı silahlarla davranma zamanı təhlükəsizliyin təmin olunmasıdır.
Bu mövzu haqqında geniş və dolğun məlumatı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti polkovnik-leytenant Nahid Muradovdan öyrəndik. Vətən müharibəsinin iştirakçısı, təcrübəli zabit qeyd etdi ki, bu və ya digər təhlükəsizlik növünün mahiyyəti, xarakteri və məzmunu obyektlərə təsir edən amillərlə müəyyən olunur. "Ümumi şəkildə hərbi xidmətin təhlükəsizliyinin bütün növlərinin mahiyyəti onların hərbi qulluqçu və ətraf mühit üçün təhlükəsizlikdən, məzmunu isə bu təhlükəsizliyə nail olmağa imkan verən müvafiq tədbirlərin keçirilməsindən ibarətdir. Təhlükəsizlik növünün mahiyyətinin və məzmununun spesifik xüsusiyyətləri bu konkret fəaliyyət növünün xarakterindən asılıdır. Atıcı silahlarla davranarkən təhlükəsizliyin təmin olunması ən əsas amillərdəndir. Çünki silahla davranarkən ehtiyatsızlıq, təhlükəsizlik qaydasının pozulması ağır nəticələrə səbəb ola bilər. Ona görə də hər bir hərbi qulluqçu bölmənin yerləşdiyi yerdə, yataqxanada, hərbi hissənin ərazisində, sırada dayanarkən, hərəkətdə olarkən silahla, silaha aid ləvazimatlarla, cihazlarla, döyüş sursatları ilə davranış qaydalarını tam mənimsəməli və ciddi əməl etməlidir."
Polkovnik-leytenant Nahid Muradov silahla davranarkən hansı qaydalara əməl olunması haqqında məlumat verdi: "Hər bir hərbi qulluqçu ona təhkim olunmuş silahı silah otağından qol çəkib götürdükdən sonra silah otağına təhvil verənə qədər tam nəzarətdə saxlamalı, onu heç kimə verməməlidir. Silahı xarab olma (korroziyaya uğramaq), sıradan çıxma, çirklənmədən qorumalı, vaxtaşırı təmizləməlidir. Həmçinin öz silahının təyinatını, taktiki və texniki xüsusiyyətlərini mükəmməl bilməlidir. Silahını boş saxlamalı, ancaq lazım olduğu halda darağı silaha taxmalıdır. Dolu silahla yataq otağına, yaşayış binasına, yeməkxanaya, ayaqyoluna, hamama və digər silahla girilməsi icazə verilməyən otaqlara girməməlidir. Əgər ehtiyac olarsa, silahı ancaq komandirin nəzarəti altında doldurub boşaltmalıdır. Silahı boşaltdıqdan sonra patron yuvasını təkrar yoxlamalı və komanda verilməyənə qədər silahı doldurmamalıdır. Silah dolu olduqda daim nəzarətdə saxlamalıdır. Ən əsas xüsusiyyətlərdən biri də silahlı olarkən hərbi qulluqçuların silahı bir-birinə tuşlamamasıdır. Bu qəti şəkildə yolverilməzdir. Silah istər dolu, istərsə də boş olsun, fərqi yoxdur, istənilən halda silahla zarafat etmək qəti qadağandır. Hətta silahın süngüsü ilə də zarafat etməməli, onunla düzgün davranılmalıdır. Silah qoruyucuda olsa belə, onu canlıya tuşlamamalı və tətiyi düşürməməlidir".
Təhlükəsizlik qaydalarının əsas məqsədinin şəxsi heyət arasında qeyri-döyüş itkilərinin qarşısının alınması olduğunu vurğulayan zabit silahı hər dəfə götürdükdə dolu və ya boş olmasını dərhal yoxlamağın vacib olduğunu bildirdi. "Təlimdə, dərslərdə və atış zamanı darağı silaha taxmazdan əvvəl silahda və daraqda patron olub-olmamasını yoxlamaq lazımdır. Həmçinin silahı doldurmadan əvvəl lülə kanalını yoxlamalı, lülə kanalında və lülədə  hər hansı bir əşyaya, cismə rast gəldikdə dərhal lüləni təmizləməlidir. Silahı təmizləyərkən, yoxlayarkən, doldurub-boşaldarkən silahın lüləsini canlıya, canlı olan istiqamətə, insanların hərəkət istiqamətinə yönəltmək qadağandır. Bundan əlavə, təlimlərdə və dərslərdə boş atış patronlarından istifadə zamanı belə silahın lüləsini canlı olmayan istiqamətə tutmaq, atışdan sonra silahı dərhal boşaldıb artıq qalan patronlar haqqında komandirə məlumat vermək lazımdır. Silahların doldurulub-boşaldılması yalnız xüsusi təyin olunmuş yerlərdə, komandirlərin əmri ilə, "Atıcı silahlar üzrə Təlimat"ın tələbləri əsasında həyata keçirilməlidir. Silahı təmizləyərkən əvvəlcə onun dolu və ya boş olmasını yoxlamalı, silahın lüləsini insana və ya insan keçə biləcəyi istiqamətə tutmamalıdır. Hərbi qulluqçu cibində heç bir vaxt döyüş patronu, boş atış patronu, giliz, partladıcı və  partlayıcı maddələr gəzdirməməlidir."
Zabit müxtəlif şəraitlərdə hərəkətdə olarkən və postda dayanarkən silahla davranma qaydasından da danışdı: "Qaçışla hərəkət zamanı, avtomobildə, qatarda, təyyarədə gedərkən silahla olduqca ehtiyatlı davranmaq lazımdır. Avtomobilə, qatara, təyyarəyə minərkən silah əlverişli vəziyyətdə tutulmalıdır. Qaçışla hərəkət zamanı avtomatı çarpaz tutmalı, avtomobildə, təyyarədə gedərkən isə, lülənin ağzı yuxarı olmaq şərtilə, dizlərin arasında sıxılaraq saxlanılmalıdır. Silahda nasazlıq aşkar edildikdə dərhal komandirə məruzə edilməlidir.  Postda xidmət aparan zaman silah doldurulmuş və hazır vəziyyətdə olmalıdır. Avtomat gecə vaxtı ayaqüstə atəşə hazır vəziyyətdə saxlanılmalı, gündüz vaxtı isə "qayışda" vəziyyətində və ya ayaqüstə atəşə hazır vəziyyətdə olmalıdır. Daxili postlarda taxta qundaqlı avtomatlar isə "sinədə" vəziyyətində saxlanılmalıdır. Xəzinələr dolu, xəzinə çantaları isə bağlı olmalıdır. Döyüş növbətçiliyində doldurulmuş silahın qoruyucusunun bağlı olmasına nəzarət etmək lazımdır. Silahın tətbiq edilməsinə ehtiyac olmadıqda patron yuvasına patronun ötürülməsi qadağan edilir".
Polkovnik-leytenant Nahid Muradov təhlükəsizlik qaydalarına əməl olunması işində komandirlərin və şəxsi heyətin üzərinə düşən vəzifələrdən də söz açdı: "Komandirlər təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsinə, onların həyata keçirilməsinə rəhbərlik və nəzarət etməlidirlər. Komandir heyəti tabeliyində olanlara təhlükəsizlik tədbirlərini vaxtında çatdırmalı, məşğələlərdən və bölmə tərkibində işlərdən əvvəl bütün şəxsi heyətlə təlimatlar keçirməlidir. Bölmənin hərbi qulluqçularının təhlükəsizlik qaydalarını bilmələrini və onlara riayət etmələrini şəxsən yoxlamalıdır. Şəxsi heyətə cinayət məcəlləsinin və mövcud hüquq normalarının yerinə yetirilməsi hissini aşılamalı, onların maksimum təhlükəsiz fəaliyyətini təmin edən möhkəm hərbi-peşəkar və mənəvi-psixoloji keyfiyyətlərinin formalaşdırılması istiqamətində işlər aparılmalıdır. Nəticədə hər bir hərbi qulluqçuda təhlükəsizlik tədbirlərinə və qaydalarına ciddi əməl olunmasına dair şəxsi məsuliyyət formalaşmalıdır. Həm öz həyatının, sağlamlığının, həm də ətrafdakıların həyat və sağlamlığının qorunub saxlanılması üçün təhlükəsizlik qaydalarına əməl olunmasına şüurlu formada əməl edilməlidir. Bu qaydalara əməl etməklə, minimal döyüş itkisilə, maksimum uğur əldə etmək olar."

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"