Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

Vətən sevdalısı Allahyar

1992-ci ilin bir yay günündə Şərur rayonunun Yengicə kəndində bir oğlan uşağı dünyaya göz açır. Ona Allahyar ismi verilir. Allahyar dünyaya gələndə Qarabağ işğalda idi. Vətən, torpaq, işğal sözlərinin mahiyyətini anlamasa da, bir müddət hərbi şəhərcikdə yaşadıqları üçün gördüklərini mənimsəməyə, sevməyə başlayır. Hərbi formanı əyninə yaraşdırıb hərbçilərlə şəkil çəkdirir. Lakin o bilmirdi ki, gün gələcək, hərbi formanı qürurla daşıyanlardan biri kimi milli orduda xidmət edəcək, işğal altında olan torpaqlardan düşmənin murdar ayağını kəsənlərdən olacaqdı.
İdmana böyük maraq göstərən Allahyarı hərb peşəsinə olan sonsuz sevgisi məqsədinə doğru aparırdı. Naxçıvan şəhər 7 nömrəli tam orta  məktəbin 8-ci sinfini bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına  Hərbi Liseyə verir. 3 illik hərbi liseydəki təhsil illəri Allahyara çox şey qazandırır. Burada hərbi biliklərə yiyələnən gənc kursant yoldaşları ilə təhsilini davam etdirmək üçün Bakı şəhərinə yollanır. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Telmanlı Allahyar zabit kimi xidmətinə başlayır. Müqəddəs amal uğrunda ilk addımlarını atan gənc zabit öz bilik və bacarığı, fiziki gücü ilə seçilir.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi.
Telmanlı Allahyar da bu döyüşlərin fəal iştirakçısı olur. Son ana qədər döyüşən Allahyar şəhid olmuş döyüş yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən snayperlə vurulur.
Müalicəsi başa çatdıqdan sonra baş leytenant Allahyar Telmanlı yenidən xidmətinə qayıdır. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunur.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Bu döyüşlər bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Aprel döyüşləri hər kəs kimi Allahyarı da qürurlandırmışdı. Erməni təxribatının qarşısını alarkən düşmənin layiqli cavabını verən ordu bu yolda şəhid də vermişdi. Şəhidlərin qanı yerdə qalmamalı idi.
Xidmətinə davam edən Allahyarın hələ qarşıda daha böyük hədəfi vardı. Ordumuzun gücünə, əsgərlərin iradəsinə bələd olan gənc zabit yaxşı anlayırdı ki, gec-tez haqq savaşında qalib gələcəyik, torpaqlarımız işğaldan azad olunacaq. Canından çox sevdiyi üçrəngli bayrağı o müqəddəs torpaqlara sancmaq ona da nəsib olacaq.
2020-ci il sentyabrın 27-si səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz layiqli cavab verdi. Təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı çox çəkmədən uğurlu əks-hücum əməliyyatları ilə verilir. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə bir daha öyünürük. Təbii ki, müharibə itkisiz olmur. Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir. O müqəddəs torpaqlar uğrunda döyüşməyə, bu yolda canını da fəda etməyə hazırdı Azərbaycan əsgəri. Himnimizdə deyildiyi kimi: "Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!" Bəli, cümləmiz torpaqlarımızın işğaldan azad edilməsi naminə can verməyə hazırıq! Allahyar da bu yolda can verməyə hazır və qadir idi. Onu bu yoldan heç bir qüvvə çəkindirə bilməzdi.
Füzulidən Hadruta qədər şərəfli döyüş yolu keçən baş leytenant Allahyar Telmanlı öz müqəddəs arzusunu Cəbrayılda gerçəkləşdirir: üçrəngli ay-ulduzlu Azərbaycan Bayrağı əzəli və əbədi ata-baba yurdunda dalğalandırılır.
Düşmənin şəxsi heyətinin, texnikasının darmadağın edilməsində böyük xidmətlər göstərən baş leytenant Allahyar Telmanlı yaralanmasına baxmayaraq döyüşə davam edir. Hadrut istiqamətində gedən gərgin döyüşlərdə düşmənin növbəti gülləsinə tuş gələn gənc zabit şəhadətə qovuşur.
Vətən aşiqi, bayraq sevdalısı gənc qəhrəman başını ana torpağa  söykəyir. Torpaq qədər müqəddəs, torpaq qədər qiymətli heç nə ola bilməz bir qəhrəman üçün. Bir amalı, bir sevgisi var idi, adı Vətən! O amal uğrunda şirin canını fəda etməyə, ömrünü yarımçıq buraxmağa hazır idi. Təki Vətən sağ olsun! Vətən darda qalmasın, düşmənin murdar ayağı torpaqlarımıza dəyməsin. İgid Allahyar da məhz bu yolu seçdi.
Anası ilə söhbəti zamanı "Şəhid olarsam, ağlama, ana, güclü ol", - demişdi. Övladlarını təkbaşına böyüdən Nuriyyə xanım "Evimizin böyüyü sənsən, məni, qardaşını düşünmürsənmi?", - demişdi. O zaman Vətən oğlunun cavabı belə olmuşdu: "Mən arxayınam ki, dövlətimiz sizi himayə edəcək, gözüm arxada qalmayacaq". Beləcə, Vətənin yarı olan Allahyar Vətən uğrunda öz canını fəda edir.
Ölümündən sonra baş leytenant Allahyar Telmanlı "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilir.
Bu gün onun Babək rayonunun Şəkərabad kənd qəbiristanlığındakı məzarı ziyarətgaha çevrilib. Vətən sevgisini bütün müqəddəsliyi və ülviliyi ilə 26 illik həyatına sığdıran gənc zabitin ömür yolu gənclərə örnəkdir. Bu ömür yolundan hər kəs öz payını götürür: Vətənə sədaqətlə xidmət etmək, Vətən torpaqlarını qorumaq və gələcək nəsillərə ötürmək kimi...
                                                                      
Ruhiyyə RƏSULOVA, Naxçıvan Televiziyasının baş redaktoru